“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Bu tarixdən reseptlərə dərman adı yazılmayacaq - Çoxdan gözlənilən YENİLİK
"Dərman vasitələri haqqında” qanuna edilən dəyişikliyə əsasən, reseptlərdə dərman adlarının deyil, tərkib hissələrinin yazılması nəzərdə tutulur.
Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzidən trend-ə bildirilib ki, bəzi dərman vasitələrinin apteklərdən buraxılması yalnız resept əsasında həyata keçirilə bilər.
Qeyd edilib ki, bu cür dərman vasitələri həkimlər tərəfindən reseptə yazılarkən, onların ticarət adı deyil, yalnız təsiredici maddə və tərkibi qeyd edilməlidir:
"Həmçinin, “Dərman vasitələri haqqında” Qanuna müvafiq dəyişikliklər edilib. Bu dəyişikliklərə əsasən, 1 yanvar 2024-cü il tarixindən ölkədə elektron resept sisteminə keçid nəzərdə tutulub. Elektron resept sistemində həkimlər yalnız dərman vasitəsinin təsiredici maddəsinin adını qeyd etməli olacaqlar".
Vurğulanıb ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən aptek təşkilatlarında müvafiq yoxlamalar aparılır:
"Yoxlamalar zamanı dərman vasitələrinin buraxılması, xüsusən resept əsasında buraxılan dərman vasitələrinə dair ciddi nəzarət tədbirləri həyata keçirilir. Qanun pozuntuları aşkar edildiyi təqdirdə, qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq tədbirlər görülür".
"Bir daha vətəndaşların nəzərinə çatdırırıq ki, düzgün yazılmayan reseptlərlə qarşılaşacaqları təqdirdə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin qaynar xətt nömrələri, Mərkəzin "Bir pəncərə" sektoru və ya www.pharma.az saytının "Müraciət" bölməsi vasitəsilə şikayət edə bilərlər", - məlumatda deyilir.