Menu
Xəbər Lenti
22 May 06:12Manşet / Cəmiyyət

Xalq şairi Fikrət Qocanın yaradıcılığına həsr olunan “Şerimizin səssiz səsiyəm” adlı tədbir keçirilib

 Xalq şairi Fikrət Qocanın yaradıcılığına həsr olunan “Şerimizin səssiz səsiyəm” adlı tədbir keçirilib

Ağdaş Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Fikrət Qocanın xatirəsinə həsr olunmuş “Şerimizin səssiz səsiyəm” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, şairin ailə üzvləri, ölkənin və regionun tanınmış şair və yazıçıları, incəsənət xadimləri, Göyçay və Ağdaş rayon icra hakimiyyəti aparatının əməkdaşları, Ağdaş, İsmayıllı və Bərdə Regional Mədəniyyət İdarələrinin rəhbərliyi, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Regional Mədəniyyət İdarəsindən bildirilib ki, tədbirin birinci hissəsi Göyçay şəhərində baş tutub. Əvvəlcə Şəhidlər xiyabanı, göyçaylı yazarlar Əli Kərim, İsgəndər Coşqun və Əli Səmədlinin məzarları, eləcə də “Əbədiyaşar ədiblər” parkında şair və yazıçıların büstləri ziyarət olunub, əklil və gül dəstələri düzülüb.

Tədbiri açan Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov Xalq şairi Fikrət Qocanın yaradıcılığına həsr olunan xatirə tədbiri ilə əlaqədar regional idarə tərəfindən görülən işlər barədə ətraflı məlumat verib.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və digər çıxış edənlər Fikrət Qocanın yaradıcılığı və həyatı haqqında söz açaraq öz xatirələrini bölüşüblər, Əməkdar artist Ağalar Bayramovun ifasında şairin şerləri səsləndirilib.

Sonra Xalq şairi Rəsul Rzanın Göyçay şəhərində yerləşən ev muzeyi ziyarət olunub.

Tədbirin ikinci hissəsi Ağdaş rayon Heydər Əliyev Mərkəzində keçirilib. Qonaqlar əvvəlcə mərkəzin foyesində Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, rayon Tarix-Diyarşünaslıq Muzeyi və Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyinin üzvləri tərəfindən hazırlanan sərgi ilə tanış olublar. Sərgidə, eyni zamanda, şairin ailəsi tərəfindən təqdim edilən şəxsi əşyaları da nümayiş olunub.

Tədbirin bədii hissəsində “Qız qalası” instrumental ansamblının müşayiəti ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri, Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların, Teyyub Aslanın, Əməkdar artist Zakir Əliyevin ifasında şairin sözlərinə bəstələnmiş mahnılardan ibarət konsert proqramı təqdim olunub və Ağdaş Regional Mədəniyyət İdarəsi tərəfindən hazırlanan “Şerimizin səssiz səsiyəm” filmi və şairin qürbətdə yaşayan ailə üzvlərinin, yaxınlarının görüntülərindən ibarət videomüraciət nümayiş etdirilib.

Ağalar Bayramovun və Ağdaş rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Turanə Şıxalıyevanın aparıcılığı ilə baş tutan tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, şairin qızı Gülay Qocayeva, bacısı Gülbəniz Qocayeva və başqaları çıxış ediblər.

Eyni zamanda, tədbirdə Ağdaş Dövlət Rəsm Qalereyasının direktoru, rəssam Fidan Səfixanovanın və rayon Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyinin rəhbəri, rəssam Məlahət İsmayılın şairlə bağlı çəkdikləri rəsm əsərləri qızı Gülay Qocayevaya və Anar Rzayevə təqdim olunub.
 Xalq şairi Fikrət Qocanın yaradıcılığına həsr olunan “Şerimizin səssiz səsiyəm” adlı tədbir keçirilib
 Xalq şairi Fikrət Qocanın yaradıcılığına həsr olunan “Şerimizin səssiz səsiyəm” adlı tədbir keçirilib
 Xalq şairi Fikrət Qocanın yaradıcılığına həsr olunan “Şerimizin səssiz səsiyəm” adlı tədbir keçirilib