Menu
Xəbər Lenti
Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

10 Ara 15:07Siyasət

Tutduğu siyasi xəttin yanlış olduğu İranın daxili vəziyyətindən bəllidir

İranın xarici siyasi vektorunu dəyişərək Ermənistana qucaq açmasının səbəbləri barədə danışarkən ilk növbədə rəsmi Tehranın Azərbaycan ilə münasibətlərinin gərginləşmə səbəbinə nəzər salmaq lazımdır.

Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində Qələbə qazanaraq Qarabağı azad etməsi İran tərəfindən birmənalı və xoş qarşılanmadı. Ermənistanla quru sərhədinin bağlanmasını bəhanə edən İran Azərbaycana qarşı müxtəlif və əsası olmayan iddialar irəli sürməyə başladı. Halbuki, Qarabağ işğal altında qaldığı zaman İran siyasətinin təmsilçiləri iki qonşu dövlət (İran ilə Azərbaycan) arasında əlaqələrin inkişaf etməsində heç bir maneə görmədiklərini və Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan edirdilər. Azərbaycanın Qələbəsindən sonra rəsmi Tehranın siyasi ritorikası tam dəyişdi.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması istiqamətində Azərbaycan ilə birgə layihələri həyata keçirmək üçün görülən işlərə baxmayaraq, bu gün həm Prezident İbrahim Rəisi, həm xarici işlər naziri Hüseyn Abdullahian dəhlizin Ermənistandan keçməsinin daha faydalı olacağını bəyan edirlər. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın Tehrana rəsmi səfəri zamanı da müzakirələr aparılıb. Beynəlxalq əhəmiyyətli dəhlizin işə düşməsi üçün Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun tikintisinin də yarımçıq qalması təsadüfi deyil. İran Azərbaycanın Qələbəsini həzm edə bilmədiyi üçün bu işi tamamlamaq istəmir. Lakin Ermənistan ilə İran arasında nəqliyyat infrastrukturunun yaradılması nə qədər səmərəli və mümkündür? Bu məsələyə bir qədər ətraflı baxmaq lazımdır.

Hələ 2008-ci ildə Ermənistanın o dövrdəki prezidenti Serj Sarkisyan Tehrana səfəri zamanı bəyan etmişdi ki, “iki ölkə arasında dəmir yolunun inşası bu il başlayacaq” (yəni 2008-ci ildə). Lakin ötən 12 ildə bu istiqamətdə heç bir iş görülmədi və bu, təsadüfi xarakter daşımır. S.Sarkisyanın bəyanatına cavab olaraq o vaxt “Rusiya Dəmir Yolları” şirkətinin prezidenti olan Vladimir Yakunin bildirdi ki, “İrandan Ermənistana dəmir yolunun çəkilməsi səmərəsiz və perspektivsiz işdir”. V.Yakuninin bu məsələyə münasibət bildirməsi təəccüblü deyildi. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Ermənistanın dəmir yolları Rusiyaya satıldığından bu barədə qərar Yerevanda yox, Moskvada verilə bilər. Digər tərəfdən Ermənistan Rusiya ilə ümumi sərhədə malik deyil və onun dənizlərə çıxışı yoxdur. Bununla yanaşı İran bir sıra Çin şirkətini bu işə cəlb edərək sərmayə yatırılmasına çalışdı. Çin İrandan ucuz neft aldığına görə təklifinə hörmətlə yanaşdı və Ermənistanla dəmir yolu çəkilişini araşdırdı. Lakin İran ilə Ermənistan arasındakı nəqliyyat əlaqələrinin səmərəsini və dəmir yolunun iqtisadi-texniki göstəricilərini nəzərdən keçirdikdən sonra Çin şirkətləri bu işə sərmayə yatırmaqdan imtina etdilər. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas məqsədi Avropa ilə Asiya arasında nəqliyyat əlaqəsi yaratmaqdan ibarətdir. Bu layihənin reallaşmasında həm Çin, həm Rusiya, həm də İran maraqlıdır. Azərbaycan bu layihədə tranzit ölkə kimi çıxış edir.

Rusiya diqqətini “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə və onun əsasını təşkil edən Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun çəkilməsinə yönəldib. Çünki bu yol Azərbaycanın dəmir yolları vasitəsilə Rusiyaya, oradan isə Avropaya uzanacaq.

İran-Ermənistan dəmir yolunun çəkilişi iqtisadi baxımdan da əlverişli deyil. Ermənistanın ixrac potensialı sıfır səviyyəsindədir. Bu ölkə İran malları üçün bazar olsa da, böyük və gəlirli bazar hesab edilə bilməz. Ermənistan iqtisadiyyatı bərbad vəziyyətdədir, əhalinin alıcılıq qabiliyyəti həddən artıq aşağıdır. Digər tərəfdən, bu ölkədəki strateji sahələr başqa dövlətlərin əlindədir. Yəni, orada sərmayə yatırılacaq sahə qalmayıb. İran tacirlərinin Yerevanda mağaza açmasını isə geniş ticarət əlaqələrinin mövcudluğu kimi qələmə vermək sadəlövhlükdən başqa bir şey deyil. Belə mağazalardan Bakıda yüzlərlədir.

Bu günlərdə “Theiranproject.com” saytı İranın ixrac potensialı haqqında məqalə yayıb. İran Baş Dövlət Gömrük İdarəsinin məlumatına görə, ötən ilin 9 ayı ərzində İrandan məhsul idxal edən ölkələr arasında Ermənistan sonuncu yerdədir. Bu ölkə İrandan cəmi 160 milyon dollarlıq məhsul idxal edib. Halbuki, əvvəlki illərdə İrandan məhsul idxalına görə Ermənistan İtaliyadan sonra ikinci yerdə idi. Bu vəziyyət Ermənistan iqtisadiyyatının dərin böhran içində olduğunu göstərir.

Beləliklə, Ermənistan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan dəmir yolu xəttini öz ərazisindən keçirməyə və tranzit gəlir əldə edib iqtisadiyyatını dirçəltməyə çalışır, İran isə sadə dillə desək Azərbaycana acıq vermək üçün yolunu Ermənistandan salmaq barədə bəyanatlar verir. Lakin Azərbaycanın təklif etdiyi Zəngəzur dəhlizi və dəhlizə daxil olan yollar İran və Ermənistan üçün də səmərəlidir. Azərbaycan tərəfi regionda sülh və sabitliyin hökm sürməsi üçün bütün region dövlətlərinin Zəngəzur dəhlizindən istifadəsinə imkan yaradır.

İranda formalaşan yeni hökumət xarici siyasətində “yaxın qonşularla sıfır problem” siyasətini elan etsə də, az keçməmiş Ermənistandan başqa demək olar ki, bütün qonşuları ilə problemlər yaşamağa başladı və bunun da əsasında regionda hökmranlıq etmək siyasəti dayanır. Təsadüfi deyil ki, bu gün İranda baş qaldıran kütləvi aksiyaları sakitləşdirməkdə rəsmi Tehran çox əziyyət çəkir. Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunu inşa edib başa çatdırmaq və buradan gəlir əldə edib ölkə iqtisadiyyatını inkişaf istiqamətinə yönəltmək əvəzinə, İranı idarə edənlər Ermənistanla birləşib tam əks addımlar atır, regionda gərginlik yaratmağa cəhd edərək ya sərhəddə hərbi təlim keçirir, ya da mənasız bəyanatlar verirlər. Ölkə əhalisi isə hökumətdən həyat səviyyəsini yüksəltməyi tələb edir və bunun qarşılığında zorakılığa məruz qalır. Bu siyasi xəttin heç də yaxşı nəticələr verməyəcəyini başa düşmək üçün İranın daxili vəziyyətinə nəzər salmaq kifayətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin