Menu
Xəbər Lenti
Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

10 Ara 15:37Cəmiyyət

Payız həmişə vüsal gətirmir...

Düz on iki il əvvəl oktyabrın 30-da Orxanla toyumuz olmuşdu. Hər ilin payızında həmin günü ömrümüzün ən xoşbəxt günlərindən biri kimi xatırlayırdıq. 2012-ci ilin oktyabrın 21-də qızımız Sevil, 2013-cü il noyabrın 7-də oğlumuz Çingiz dünyaya gəldi. Payız mənim ən çox sevdiyim fəsil idi. Lakin 2020-ci ilin payızında həmin xoşbəxt günlərin sırası pozuldu. Nəinki ailə həyatı qurduğumuzun on illiyini qeyd edə bilmədik, hətta həmin ilin payızı bizi əbədi olaraq bir-birimizdən ayırdı...

AZƏRTAC xəbər verir ki, bu sözləri Nuranə xanım həyat yoldaşı Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun Nizami rayonundakı Ərəstun Mahmudov adına 220 nömrəli məktəb-liseydə 40 illiyi münasibətilə keçirilən "Şəhid anılar, Vətən tanınar” adlı anım tədbirində deyib.

Məktəb-liseydə şəhidin adına verilən sinif otağında 4 ”D” sinif şagirdlərinin hazırladıqları ədəbi-musiqili kompozisiyada qəhrəmanlıq mövzusunda şeirlər səslənib, vətənpərvərlik mahnıları ifa edilib. Vətən Müharibəsi Qəhrəmanının keçdiyi döyüş yolunu əks etdirən videorolik nümayiş olunub.

Çingiz atası ilə son görüşü xatırlayır: “Atam Vətən müharibəsindən bir neçə gün əvvəl evə gəlmişdi. Hamımız bir yerdə süfrə ətrafında əyləşib yemək yedik. Ona mobil telefonuna tez-tez zənglər gəlirdi. Növbəti zəngdən sonra həyətə düşdü, danışıb evə qayıtdı. Tez çantasını yığıb təcili getməli olduğunu dedi. Soruşdum ki, ata, nə vaxt gələcəksən? Vaxtını demədi, amma dedi ki, gələcəyəm. Atam həmişə dediyi vaxt gəlirdi, bu dəfə demədi və qayıtmadı...”.

Qızı Sevil deyir: “Oktyabrın 1-də zəng edib danışdı, səsi çox zəif gəlirdi. Dedim, ata, səsin niyə yaxşı gəlmir? Soyuq su içdiyini dedi. Mən inanmadım, çünki atam heç vaxt soyuq su içmirdi. Sonradan öyrəndik ki, bir gün əvvəl çox ağır döyüş vaxtı atamın qışqırmaqdan, əsgərlərə komanda verməkdən səsi batıbmış...”.

Qeyd edilib ki, onun komandirliyi ilə əks-hücum əməliyyatları nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad olunub. Qeyri-bərabər döyüşdə düşmənin 200-dən çox canlı qüvvəsini, silah-sursatla dolu 6 yük maşınını partladaraq məhv edib. Oktyabrın 2-də isə mühasirəyə düşəcəklərini hiss edən kəşfiyyatçı əsgərlərə dərhal mövqedən uzaqlaşmağı əmr edib, özü isə qəhrəmancasına şəhid olub.

Tədbirdə çıxış edən məktəb-liseyin direktoru Lətifə Əzimova, sinif rəhbəri və tədbirin təşkilatçısı Gülnarə Quliyeva, jurnalist Elçin Məmmədli şəhid polkovnik-leytenantın hərbi xidmət illəri, 44 günlük Vətən müharibəsindəki döyüş yolu, onun torpağa məhəbbət və yurda sədaqəti barədə danışıblar.

Orxanın əmisi Yusif Əkbərov ailə üzvləri adından məktəb kollektivinə və tədbirin təşkilatçılarına təşəkkür edib.

Orxanın 40 illiyi münasibətilə hazırlanan tort kəsilib, xatirə şəkilləri çəkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır