Menu
Xəbər Lenti
26 Ara 14:32Siyasət

Politoloq: Qərbi Azərbaycandan deportasiya beynəlxalq aləmin gözü qarşısında baş verib

Qərbi Azərbaycan məsələsi bu gün dünyanın nə qədər ədalətsiz olduğunu göstərən növbəti faktlardan biridir. Təəssüf ki, XX əsr boyu azərbaycanlıların deportasiyası və Qərbi Azərbaycandan didərgin salınmaları beynəlxalq aləmin gözü qarşısında baş verib. Azərbaycan əleyhinə informasiya terroru həyata keçirənlər Qərbi Azərbaycanda xalqımızın yaşadığı faciələri görməzdən gəlirlər. Eyni zamanda, əsr boyunca azərbaycanlıların tarixi torpaqlarımızdan çıxarılmağı Ermənistanın faşist niyyətlərini daha da alovlandırdı. Hazırda Qərbi Azərbaycanda abidələrimiz, dini tikililər kütləvi şəkildə Ermənistanın terroruna məruz qalır. Vandal Ermənistandan fərqli olaraq Azərbaycan Qərbi Azərbaycana topla, tüfənglə qayıtmayacaq. Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdışın konturlarını dəqiq müəyyənləşdirib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.

O bildirib ki, Qərbi Azərbaycan İcmasının binasının açılışı siyasi, tarixi və rəmzi məna daşıyır. Bu binanın əvvəllər Qarabağın Azərbaycanlı İcmasına məxsus olması xüsusi əhəmiyyətə malikdir. Qarabağı işğaldan azad edən Azərbaycan xalqı tarixi Qərbi Azərbaycan torpaqlarında öz yurd-yuvasına da geri dönüş edəcək.

2010-cu il iyulun 6-da Qarabağın azərbaycanlı icmasının mənzil-qərargahının açılışında çıxış edən Prezident İlham Əliyev deyib: “Bu, sizin üçün müvəqqəti bir qərargahdır. Torpaqlarımız işğalçılardan azad olunandan sonra sizin üçün yeni gözəl binalar Qarabağda tikiləcəkdir. Mən buna şübhə etmirəm və tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bu ədalətsizliyə son qoyulacaqdır. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunacaqdır”. Bugünkü reallıq ölkə Prezidentinin sözlərinin həqiqətə çevrildiyini göstərir. Ona görə də Prezident İlham Əliyevin doğum günündə növbəti dəfə Qərbi Azərbaycanla bağlı verdiyi mesajlar bütün xalqımız üçün həm də bir siqnaldır. Qərbi Azərbaycan məsələsinin aktual qalmağı üçün hər bir vətəndaşımız, xaricdəki soydaşlarımız daim dinamik fəaliyyət göstərməlidirlər.

“Bundan sonra Qarabağın Azərbaycanlı İcmasının binası Qərbi Azərbaycan İcmasının binası kimi fəaliyyətini davam etdirəcək. Bu, həm rəmzi məna daşıyır, həm də Azərbaycanın bütün bölgədə yaratdığı yeni reallıqları və hədəfləri ifadə edir. Qərbi Azərbaycan məsələsi növbəti tarixi dövr üçün ölkəmizin gündəminə ən mühüm, ərazilərimizin işğaldan azad edilməsi kimi taleyüklü bir məsələ ilə birlikdə daxil olur. Bütün vətəndaşlarımız Qərbi Azərbaycana mütləq qayıdacağımızın fərqindədirlər və dövlətimizin yanındadırlar”, - deyə Tural İsmayılov diqqətə çatdırıb.