Menu
Xəbər Lenti
03 Şub 15:56Cəmiyyət

ASAN Könüllüləri “Dinamik Gənclik Həftəsi III” layihəsini həyata keçiriblər

Yanvarın 27-dən fevralın 2-nə kimi “ASAN Könüllüləri” Təşkilatı tərəfindən “Dinamik Gənclik Həftəsi III” layihəsi həyata keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, üçüncü dəfədir təşkil olunan layihənin əsas məqsədi Azərbaycan gənclərinin maarifləndirilməsi, inklüziv cəmiyyət dəyərlərinə əsaslanması, yeni dostluq əlaqələrinin qurulması, şəbəkələşmənin təmin olunmasıdır. Həmçinin komanda quruculuğunun, ideya formalaşdırma bacarıqlarının inkişaf etdirilməsi, asudə vaxtın səmərəli keçirilməsi, nümunəvi vərdişlərin qazanılması əsas hədəflər olub.

Layihə müddətində müxtəlif təlimlər, maarifləndirici seminarlar, motivasiyaedici görüşlər, ustad dərsləri, komanda oyunları, intellektual yarış, şahmat turniri və əyləncə proqramı təşkil olunub.

Könüllülər bu müddətdə, həmçinin Miniatür Kitab Muzeyinə, Arxeologiya və Etnoqrafiya Muzeyinə ekskursiya ediblər.

“Dinamik Gənclik Həftəsi III” layihəsində 200-dən çox ASAN könüllüsü iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır