Menu
Xəbər Lenti
23 Ara 06:51İqtisadiyyat

Azərbaycan Trans-Xəzər qaz kəmərinin çəkilməsi istiqamətində zəruri addımlar atır

Gələn il Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının zirvə görüşü keçiriləcək. Bu barədə məlumat verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan enerji sahəsində əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyini nəzərə çatdırıb. Bu zirvə görüşündə Türkmənistan qazının Azərbaycan və Türkiyə ərazisindən tranzit keçməklə Avropaya çatdırılması ilə əlaqədar Sazişin də imzalanması gözlənilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan hazırda Avropa İttifaqına 10 milyard kubmetr qaz ixrac edir. Azərbaycanın qaz ixracı üçün qurduğu infrastruktur 30 milyard qaz nəql etmək imkanına malikdir. Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərləri ilə yalnız Azərbaycan deyil, eləcə də Türkmənistan qazını da Avropaya ixrac etmək mümkündür ki, bunun üçün də Trans-Xəzər qaz kəmərinin çəkilməsi zəruridir. Bu kəmərin Xəzər dənizinin dibi ilə çəkilməsi və Orta Asiya respublikalarında hasil olunan qazın Avropaya ixrac olunması hələ 1990-cı illərdən müzakirə olunurdu. Lakin Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməməsi və Avropanın qaz bazarını əlində saxlayan Rusiyanın etirazları bu layihənin həyata keçməsinə imkan vermirdi.

Artıq dünyanın geosiyasi mənzərəsi tədricən dəyişir və Azərbaycan Prezidenti qlobal siyasətdəki dəyişikliyi düzgün qiymətləndirərək Trans-Xəzər qaz kəmərinin çəkilməsi istiqamətində zəruri addımlar atır.

Dekabrın 14-də Türkmənbaşı şəhərində üç ölkənin prezidentinin geniş tərkibdə görüşündən sonra Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri imzalanıb. İmzalanan sənədlər arasında “Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum” xüsusi maraq doğurur. Bu sənədi “Türkmənqaz” Dövlət Konserninin sədri Batır Amanov, Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzaladılar. Bu sənəd Trans-Xəzər qaz kəmərinin reallaşması istiqamətində atılan əhəmiyyətli addımdır.

Türkmənistan 35 milyard kubmetr qaz ixrac etmək potensialına malikdir. Özbəkistan və Qazaxıstanda hasil olunan və ixrac üçün nəzərdə tutulan təbii qazın həcmi təxminən 25 milyard kubmetrə yaxındır. Göstərilən həcmdə qaz Trans-Xəzər, TANAP və TAP kəmərləri ilə nəql olunarsa Avropa enerji təhlükəsizliyi təminatını şaxələndirməklə yanaşı, alternativ enerji mənbəyi də əldə etmiş olar. Avropa İttifaqı bu layihəni həm siyasi, həm də iqtisadi baxımdan dəstəkləyir. Avropa Komissiyasının sədr müavini Maroş Şevçoviç bəyan edib ki, Trans-Xəzər kəməri Avropa üçün olduqca böyük əhəmiyyət kəsb edir və buna görə də bu beynəlxalq layihənin reallaşmasına investisiya cəlb etməklə yardım göstərəcək.

Rusiyanın mövqeyinə toxunaraq qeyd etmək lazımdır ki, bu gün qlobal siyasətin prioritetləri dəyişib. Rəsmi Moskva da bunu çox yaxşı başa düşür. “Коммерсантъ” qəzeti Rusiya Xarici İşlər Nazirliyinin idarə rəisi Aleksandr Sterkinə istinadla yazır ki, Rusiya Orta Asiya respublikalarının dünya bazarına çıxış əldə etmək üçün yeni dəhlizlər yaratmasının əleyhinə deyil. Bu, onların suveren hüququdur.

Beləliklə, Trans-Xəzər boru xətti və bu vasitə ilə Türkmənistan və digər Orta Asiya respublikalarında hasil olunan qazın Avropaya ixrac edilməsi tam realdır. Bu layihənin həyata keçməsinin nəticəsində Azərbaycan və region dövlətləri təkcə iqtisadi dividend deyil, həmçinin siyasi zəmanət qazanacaqlar.