Menu
Xəbər Lenti
12 Ara 15:22Mədəniyyət

Azərbaycan Bəstəkarlar İttifaqında Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Dekabrın 12-də Azərbaycan Bəstəkarlar İttifaqında katibliyin Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin vəfat etməsinin 19-cu ildönümünə həsr olunmuş geniş iclası keçirilib.

Bəstəkarlar İttifaqının mətbuat xidmətində AZƏRTAC-a bildiriblər ki, İttifaqın katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova Heydər Əliyevin nurlu simasının Azərbaycan xalqının yaddaşında həmişəlik qalacağını qeyd edib. Heydər Əliyev Azərbaycan xalqı və dövləti qarşısında öz görkəmli xidmətləri ilə hələ sağlığında ümumxalq sevgisi qazanaraq əfsanəvi şəxsiyyətə çevrilmişdi. Onun parlaq siması və son dərəcə mühüm fəaliyyəti incəsənətin bir çox sahələrində, o cümlədən Azərbaycan bəstəkarlarının əsərlərində öz əksini tapıb. Cövdət Hacıyev, Arif Məlikov, Musa Mirzəyev, Tofiq Bakıxanov, Firəngiz Əlizadə, Azər Dadaşov, Vasif Allahverdiyev, Sərdar Fərəcov, Oqtay Rəcəbov və digərləri öz iri simfonik əsərlərini Heydər Əliyevə həsr ediblər. Onun siması başqa janrlardan olan əsərlərdə - çoxsaylı kantata, oda və mahnılarda da əks etdirilib.

İttifaqın katibi, Əməkdar incəsənət xadimi, professor Cəlal Abbasov vurğulayıb ki, Azərbaycan Bəstəkarlar İttifaqı 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunmasını ürəkdən alqışlayır. Bu, Azərbaycanın ictimai və siyasi həyatında ən əlamətdar hadisələrdən biridir. Hər il Azərbaycan Bəstəkarlar İttifaqında Heydər Əliyevin doğum və xatirə günü qeyd olunur, musiqişünaslığa dair elmi konfranslar keçirilir, Dahi Liderə həsr olunmuş yeni əsərlər dinlənilir və müzakirə olunur. “Heydər Əliyev İli” və Ümummilli Liderin 100 illiyi ərəfəsində Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərliyi yaradıcı birliyin bütün üzvlərini dahi siyasi və dövlət xadiminə həsr olunmuş yüksək bədii səviyyəli musiqi əsərlər yaratmağa səsləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin