Menu
Xəbər Lenti
23 Ara 12:54Mədəniyyət

Günay Sağlam: Qarabağımız ən möhtəşəm turizm bölgəsi olacaq

Ölkəmizdə ilk otel biznesinin inkişafı 2011-2013-cü illərə təsadüf edir. Pandemiyadan sonra yenə də bu sektorda böyük canlanma müşahidə olunur. Yaxın bir ildə Azərbaycanda 6 beynəlxalq brend otelin açılması gözlənilir ki, bu da yeni iş yerlərinin yaranmasına gətirib çıxaracaq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Hotellər Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam deyib.

Onun sözlərinə görə, yeni otellər xarici turistlərin ölkəmizə cəlb olunmasında böyük rol oynayacaq: “Turizm sahəsi pandemiya dövründə ən çox zərər çəkən sektorlardandır. Sözsüz ki, dünyadakı siyasi və iqtisadi problemlər də bu sektorun inkişafına təsir göstərir. Otellər iqtisadi cəhətdən dəymiş zərəri il ərzində bərpa etməyə çalışıblar. Əgər belə tendensiya davam edərsə, gələn il üçün böyük inkişaf gözlənilir. Cari ildə keyfiyyətli və zövqlü otellər açılıb, ulduz təsnifatı ilə bağlı işlər görülüb. Artıq ölkəmizdə 3 ulduzlu otellərin sayı artmağa başlayıb. Gələcəkdə daha çox otelin ulduz təsnifatından keçməsi nəzərdə tutulub”.

Bölgələrdə turizmin inkişafının müşahidə olunduğunu söyləyən baş icraçı direktor deyib ki, regionlarda otellər açılıb və qonaq evlərinin sayı artıb: “Pandemiya dövründən sonra, daha çox yerli turistlərin bölgələrə axını müşahidə olunur, bu da quru sərhədlərin bağlı olması ilə əlaqədardır. Yerli turistlərin bölgələrdə istirahət etməsi yerli biznesin inkişafına təkan verir. Lakin keyfiyyət baxımından daha çox işlərin görülməsinə ehtiyac var”.

İşğaldan azad olunmuş ərazilərdə infrastruktur işlərinin böyük surətlə davam etdiyini deyən G.Sağlam bildirib ki, hazırda Şuşada, Ağdamda həm lüks, həm də orta səviyyəli otellər tikilir: “Qarabağ bölgəsinin çox böyük turizm potensialı var və sahibkarlar keyfiyyətli, eyni zamanda coğrafi mühitə uyğun mehmanxanalar tikməlidir. Biz bütün beynəlxalq platformalarda artıq təbliğat işlərinə başlamışıq. Şübhəsiz, Qarabağımız həm təbii gözəlliyi, həm də istirahət yerləri ilə ən möhtəşəm turizm bölgəsi olacaq. Hədəfimiz ölkəmizdə daha keyfiyyətli xidmət və fərqli ehtiyaclara uyqun otellərin olmasıdır.

Onun sözlərinə görə, Azərbaycanın turizm potensialının cəlbediciliyini artırmaq üçün əsasən - keyfiyyətli kadrların hazırlanmasını, yerlərdə düzgün təlimlərin və maarifləndirmə işlərin aparılmasını, bazarı araşdırıb ondan sonra otellərin açılmasını (məqsədə uyğun), bütün turizmlə əlaqəli sahibkarların keyfiyyət və xidmət standartlarının yüksəldilməsini və sair bu kimi hədəfləri müəyyənləşdirmək lazımdır: “Hava limanından, yəni ölkəyə girişdən artıq turistin həmin ölkə haqqında təsəvvürü yaranır. Bu, o deməkdir ki, hər bir vətəndaşın üzərinə iş düşür. Nəqliyyat vasitəsindən, bələdçisindən, hoteldə qəbul şöbəsindən, restorandakı ofisiantdan, mağaza satıcısından tutmuş hər kəs ölkəni təmsil edir və gələn qonaqda təəssürat yaradır. Sadəcə otel, turizm şirkəti və bələdçi deyil, sadaladığım hər kəs əl birliyi ilə çalışarsa Azərbaycanda turizm inkişafı daha da yüksələr. Əsasən də regionlarda infrastruktur işləri də görülməlidir. Turist sadəcə ölkəyə oteldə qalmağa gəlmir, həm də özü ilə təəssürat aparmaq istəyir”.

Otellərdə keyfiyyətli xidmət məsələsinə toxunan baş icraçı direktor qeyd edib ki, bu sahədə çox işlər görülməlidir: “Bu il ulduz təsnifatı zamanı həm Bakıda, həm bölgələrdə bir çox halda aşağı keyfiyyət, təmizlik problemi, infrastruktur problemi ilə qarşılaşmışıq. Sertifikat alan otellər də olub, buna baxmayaraq orta və kiçik otellərin əksəriyyəti təkrar yoxlanılacaq. Bəzi otellər də, sertifikat almadan özlərinə ulduz nişanı qoyublar. Bu da qonaqları çaşdırır. Audit zamanı sahibkarlara məsləhətlər verilir ki, xidmət keyfiyyətini artırsınlar, qonaqlar da ölkəmizdə rahat və gözəl şəraitdə istirahət edə bilsinlər. Ən maraqlı fakt isə odur ki, son iki il ərzində 1 və 2 ulduz nişanına heç bir otel müraciət etməyib, ən çox 4 və 5, az sayda 3 ulduzla bağlı müraciətlər olunur.

Regionlarda müvafiq dövlət qurumları tərəfindən bu cür bizneslər dəstəklənməlidir. Sahibkar da bir az araşdırıb bölgəyə uyğun, keyfiyyətli, zövqlü, təmiz və təmirli istirahət yerini qonaqlara təklif etməlidir. Doğrudur, pandemiya bu sektora çox zərər vurub, amma əgər qonaq qəbul ediriksə ən azından hər şey işlək vəziyyətində olmalıdır və ən əsası təmiz, gigiyenik olmalıdır. Rəyi qonaq verir və xidmət sektorunda qonaq hər zaman haqlıdır. Yeni açılmış bəzi qonaq evləri, fərqli qonaqlama tipi təqdim edən istirahət yerləri keyfiyyət baxımından seçilir və fərqlənməyə çalışırlar. Ailə biznesi quran sahibkarlar qonaqlara yüksək səviyyədə xidmət göstərirlər. Bunun sosial mediada paylaşılması digər turistlərin də marağını cəlb edir. Belə sahibkarların sayı artmağa başlayıb və bu, çox sevindiricidir”, - deyə baş icraçı direktor Günay Sağlam vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin