Menu
Xəbər Lenti
07 Ock 19:45Cəmiyyət

Sosial müdafiə sahəsində təltif edilmiş əməkdaşlara vəsiqələr və medallar təqdim olunub

Prezident İlham Əliyevin 2022-ci il 23 dekabr tarixli Sərəncamı ilə sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarına vəsiqə və medalların təqdim olunması tədbiri keçirilib.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ölkə Prezidentinin siyasətinin ana xəttini təşkil edir və bu sahədə mühüm addımlar atılır, ardıcıl və genişmiqyaslı sosial islahatlar aparılır. Prezident İlham Əliyevin yeni Sərəncamı ilə 2023-cü ildə də növbəti sosial islahat mərhələsinə başlanılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Sərəncamla minimum əməkhaqqı bu ilin əvvəlindən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb, minimum pensiyanın da 40 manat artımla 240 manatdan 280 manata çatdırılması, müavinət və təqaüdlərin artırılması barədə 10 gün ərzində Nazirlər Kabineti tərəfindən dövlət başçısına təkliflər təqdim edilməsi tapşırılıb.

Builki yeni sosial islahat proqramı üzrə 1,9 milyon vətəndaşı əhatə edən sosial ödənişlərdə artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Ümumilikdə isə son 5 ildə minimum əməkhaqqında 2,7 dəfə, minimum pensiyada 2,5 dəfə, həmçinin 2018-2022-ci illərdə orta aylıq əməkhaqqında 52 faiz, orta aylıq pensiyada 80 faiz, müavinət və təqaüd ödənişlərində 3,5 dəfə, əmək müqavilələri sayında 33 faiz, əməkhaqqı fondunda 2,3 dəfə artıma nail olunub.

Nazir dövlət qulluğunda səmərəli fəaliyyəti ilə seçilən, aparılan sosial islahatlar prosesində öz əzm və işgüzarlığı ilə töhfəsini verən əməkdaşların əməyinin dövlət başçısı tərəfindən daim yüksək dəyərləndirildiyini bildirib. 2022-ci il 23 dekabr tarixli Sərəncamla daha 10 nəfər nazirlik əməkdaşının təltif edilməsinin də bunun növbəti təzahürü olduğunu qeyd edib.

S.Babayev təltif olunmuş nazirlik əməkdaşları adından göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.

Medallarla təltif olunmuş nazirlik əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub.