Menu
Xəbər Lenti
09 Ock 16:55Cəmiyyət

Deputat: Azərbaycan sosial islahatlar baxımından bir çox ölkələrə nümunədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daxili siyasətdə insan amilinə yönəlik islahatlar paketi uğurla davam etdirilir. Bu sırada xüsusi diqqətdə saxlanılan məqam vətəndaşların sosial durumunun yüksəldilməsi, aztəminatlı və həssas qrupların maddi vəziyyətinin yaxşılaşdırılmasıdır. Sistemli və ardıcıl şəkildə aparılan bu siyasətin əsasını heç şübhəsiz vətəndaş məmnunluğunun artırılması təşkil edir. Dövlətimizin başçısının birbaşa nəzarəti altında olan sosialyönümlü siyasət kursunun mərkəzində insan amili dayanır. Bu baxımdan əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Prezidentin son Sərəncamı da ümumi proqramın mühüm bir hissəsi olaraq dövlətin sosialyönümlü siyasətinin möhkəmləndirilməsinə xidmət edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.

“Qeyd olunan Sərəncam şərh olunduğu kimi son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlanmasını, yeni ildə yeni sosial islahat mərhələsinə keçidi təmin edir. Məlumat üçün bir daha qeyd edim ki, Sərəncama əsasən minimum aylıq əməkhaqqı 2023-cü il yanvarın 1-dən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Həmçinin dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq maaşları da bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və minimum əməkhaqqı artımları təmin ediləcək.

Prezidentin son Sərəncamı bir daha onu göstərdi ki, Azərbaycan insana verilən dəyər və vətəndaşların sosial durumunun yaxşılaşdırılması baxımından da bir çox ölkələrə örnək ola bilər. Belə ki, hazırda bütün dünyada iqtisadi böhran yaşandığı bir zamanda Azərbaycanın işğaldan azad edilən ərazilərində genişmiqyaslı tikinti quruculuq işlərinin aparılması ilə yanaşı, sosial layihələrin davam etdirilməsi həm dövlətimizin iqtisadi gücünün göstəricisi, həm də vətəndaşların rifah halının yaxşılaşdırılmasının hər zaman prioritet məsələ olduğunun göstəricisidir”, - deyə deputat diqqətə çatdırıb.

Rəşad Mahmudov əlavə edib ki, böyük bir insan qrupunu əhatə edən və ictimaiyyətdə hədsiz razılıqla qarşılanan bu Sərəncam dövlətimizin vətəndaşlarımıza olan qayğısının təsdiqidir. Bununla yanaşı, sözügedən Sərəncam Azərbaycanın bütün sahələr üzrə lider dövlət statusunun daha bir sübutu sayılmalıdır. Bu isə heç şübhəsiz Prezident İlham Əliyevin birbaşa mükəmməl daxili siyasətinin məntiqi nəticəsidir.