Menu
Xəbər Lenti
21 Ara 15:37Cəmiyyət

Qazinin müalicə xərcləri, borc öhdəlikləri qarşılanıb, məişət şəraiti yaxşılaşdırılıb

YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam etdirilir. Vətən müharibəsində şücaət göstərən qəhrəmanlarımızdan biri, müharibə əlili, mayor Nicat Əmrəliyevin müalicə xərcləri, borc öhdəlikləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb, məişət şəraiti yaxşılaşdırılıb.

AZƏRTAC xəbər verir ki, on səkkiz il Azərbaycan Ordusunda xidmət edən Vətən müharibəsi qazisi o günləri belə xatırlayır: “Vətən müharibəsində düşmən təxribatlarının qarşısının alınması məqsədilə Tərtərin Çaylı kəndi istiqamətinə göndərildik. Təəssüf ki, müharibənin ilk günlərində yaralandım. Tanklarımıza istiqamət vermək məqsədilə seçdiyim mövqenin yaxınlığına iki minaatan mərmisi düşdü. Ağır xəsarət aldım, üç gün şüurum üstümdə olmadı. Həmin vaxt hərbi həkimlərimiz tərəfindən döyüş ərazisindən Tərtər Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunmuşam. Oradan da təcili olaraq Gəncə Beynəlxalq Xəstəxanasına köçürüldüm. Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhəri raket zərbələrinə məruz qaldığından helikopterlə Bakı şəhərinə gətirildim. 2021-ci ilin fevralından “YAŞAT” Fondu müalicəmi öhdəliyinə götürdü. Ümumilikdə on iki əməliyyat keçirdim. Onlardan 10-u ölkəmizdə, ikisi isə Türkiyədə olub. İki ay ərzində qardaş ölkədə keçirtdiyim əməliyyatlar nəticəsində sağ çiyin və sol bud çanaq oynaqlarım protezlərlə əvəzləndi. İki ay müddətinə reabilitasiya keçdim. Vətənə əsa ilə də olsa öz ayaqlarım üstə qayıtdım. Bundan sonra da müalicə xərclərim “YAŞAT” Fondu tərəfindən qarşılandı. Bununla yanaşı, Fond borc öhdəliklərimin qarşılanmasına və məişət şəraitimin yaxşılaşdırılmasına da kömək etdi”.

Xatırladaq ki, Fondun gördüyü işlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin