Menu
Xəbər Lenti
14 Mrt 17:15Dünya

SVB bankının iflasından sonra qlobal maliyyə sektoru 465 milyard dollar itirib

ABŞ-ın “Silicon Valley Bank” (SVB) bankının iflasından ötən iki gün ərzində dünyanın maliyyə sektorunun kapitallaşması 465 milyard dollar azalıb.

AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, SVB-nin iflası ən çox Amerikanın regional banklarına zərər vurub. Belə ki, “KBW Regional” bank indeksinin qiyməti 7,7 faiz azalaraq 2020-ci ilin iyunundan bəri ən sərt enişini yaşayıb. Asiya-Sakit Okean regional indeksinin (MSCI Asia Pacific) dəyəri 3,1 faiz azalıb. Yaponiyanın “Mitsubishi UFJ” bank holdinqinin səhmləri 8,6 faiz, Cənubi Koreyanın “Hana Financial Group” kompaniyasının səhmləri 3,9 faiz, Avstraliyanın “ANZ Group Holdings” kompaniyasının səhmləri isə 1,5 faiz ucuzlaşıb.

Martın 10-da Kaliforniyanın maliyyə müdafiəsi departamenti Birləşmiş Ştatların ən iri 16-cı bankı olan SVB-nin iflasa uğradığını elan edib. Əsasən texnologiya sektoruna xidmət edən bank iki sutkadan az bir müddət ərzində iflasa uğrayıb. Bu, 2008-ci il maliyyə böhranından sonra ABŞ-nin bank sektorunda ən böyük iflasdır. “Silicon Valley Bank” martın 12-də Nyu-York ştatının profil orqanının qərarı əsasında bağlanıb.