Menu
Xəbər Lenti
15 Şub 07:10Manşet / Cəmiyyət

Bakıda 7 saylı poliklinikada rentgen aparatı işləmir? - AÇIQLAMA

 

Vətəndaşlar paytaxtın Xətai rayonunda yerləşən 7 saylı şəhər poliklinikasının xidmət keyfiyyətindən narazıdırlar.

Bu barədə Oxu.Az-a vətəndaşlar tərəfindən ünvanlanan şikayətdə qeyd edilib. 

Vətəndaşlar iddia edirlər ki, ən böyük problemlərdən biri TƏBİB sisteminin işləməməsidir:

“Xəstələr həkim qəbuluna yazılmaq üçün bəzən saatlarla gözləməli olurlar. Dəfələrlə qaynar xəttə yığıb şikayət etmişik, amma sistemin işləməməsi səbəbindən problem öz həllini tapmır. Qeyd edim ki, bu hal digər poliklinikalarda da müşahidə olunur. Bundan başqa rentgen və USM aparatlarının normal işləməməsi də xəstələrdə narazılıq yaradır. Bəzən günlərlə USM, bəzən də rentgen aparatı işləmir. Vətəndaşa da rahat şəkildə “aparat işləmir, başqa yerə gedin” deyə bildirirlər”.

Məsələ ilə bağlı TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 7 nömrəli Şəhər Poliklinikasına müraciətlər xəstəxana məlumatlarının idarəetmə sistemi üzərindən elektron qaydada qeydə alınır:

“Xəstəxana məlumatlarının idarəetmə sistemi vətəndaşlara vaxtında, keyfiyyətli və təhlükəsiz xidmət göstərmək üçün bir sıra dövlət qurumları ilə inteqrasiyalı şəkildə fəaliyyət göstərir. Proqram təminatını uğurla tətbiq edə bilmək üçün vaxtaşırı təkmilləşdirilmə işlərinə zərurət yaranır. Digər dövlət qurumlarının sistemində təkmilləşmə işləri aparıldığı zaman bir müddətlik sözügedən sistemdə də ləngimələr qeydə alınır. Lakin bu uzunmüddətli və daimi xarakterli deyil. Hazırda hər hansı çətinlik müşahidə olunmur.

Ultrasəs müayinəsi (USM) həkimi səhhəti ilə bağlı xəstəlik vərəqəsi əsasında bir neçə gün işdə olmayıb. Hazırda iş başındadır.

Müəssisənin rentgen cihazında yaranan texniki nasazlıq aradan qaldırılıb. Hazırda USM aparatı və rentgen cihazı vətəndaşlara xidmət üçün tam işlək vəziyyətdədir”.