Menu
Xəbər Lenti
Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

05 Ock 17:49---

Maksim Qoən: Sovet hökuməti erməni millətçiliyindən istifadə edərək ASALA-nın yaradılmasına rəvac verib - MÜSAHİBƏ

İnkişaf və Diplomatiya İnstitutunun elmi işçisi, uzun müddət fransız məhkəmələrində erməni lobbi qrupları ilə mübarizə aparan Maksim Qoən ötən əsrin əvvəllərində ermənilərin və yeni qurulan Ermənistan dövlətinin tarixi Azərbaycan torpaqlarında xalqımıza qarşı törətdiyi amansız qətliamlar barədə “news.az” saytına ingilis dilində müsahibə verib. AZƏRTAC müsahibənin tərcüməsini təqdim edir.

- Cənab Qoən, siz erməni millətçilərinin etnik təmizləmə siyasətini araşdırırsınız. Təəssüf ki, Azərbaycan xalqı XX əsrdə deportasiya və qırğınlara məruz qalıb. Bu, əsrin əvvəllərində - 1905-ci, 1918-1920-ci, həmçinin 1948-1953-cü və 1988-1991-ci illərdə baş verib. Həmin dövrdə tarixi vəziyyət necə idi? Bu faciələrin törədilməsinin səbəbi nə idi?

- Əsas amil Rusiyanın 1828-ci ilə qədər Cənubi Qafqazda əhalinin etnik tərkibinin dəyişdirilməsi siyasətidir. Bunun nəticələrindən biri də 1850-1860-cı illərdə ən aqressiv millətçiliklərdən olan erməni millətçiliyinin yaranması idi. Bu, hətta irqçiliyin və irredentizmin əleyhinə olan ermənilərə qarşı da aqressiv idi: İsahaq Camaharian Erməni İnqilabi Federasiyası (ARF - 1890-cı ildə yaradılmış əsas erməni millətçi partiyası) tərəfindən bu terror təşkilatına pul verməkdən dəfələrlə imtina etdiyinə görə 1902-ci ildə Moskvada qətlə yetirilib.

1918-1920-ci illərdə erməni könüllüləri tərəfindən Urmiyada, sonra Erməni İnqilabi Federasiyasının idarə etdiyi müstəqil Ermənistan Respublikasında, daha sonra 1921-ci ildə Qaregin Njdenin başçılığı ilə Zəngəzurda qurulan “Dağlıq Ermənistan Respublikası”nda etnik təmizləmə həyata keçirilib. Stalin Qars və Ərdahanla bağlı iddiaları uğursuzluğa düçar olduqdan sonra 1948-1953-cü illərdə əhalinin deportasiya olunması barədə qərar qəbul etdi. O, xaricdəki ermənilərə parlaq gələcək vəd edərək onları özünə cəlb edə bilmişdi. Təbii ki, Sovet Ermənistanı belə bir şey təklif edə bilməzdi. O, əraziləri boşaltmaq üçün 100 minə yaxın azərbaycanlını Ermənistandan Azərbaycana qovmaq qərarına gəldi.

1988-1991-ci illərdə əhalinin qovulması, hücumlar və sui-qəsdlər ermənilərin öz ağalarının nəzarətindən çıxmasına görə baş verdi. Sovet hökuməti Türkiyəyə qarşı erməni millətçiliyindən yenidən istifadə edərək Ermənistanın Azadlığı Uğrunda Erməni Gizli Ordusunun (ASALA) yaradılmasında rol oynadı və Erməni İnqilabi Federasiyasının nəzdində Erməni Soyqırımı üçün Ədalət Komandolarının (JCAG, sonradan adı Erməni İnqilab Ordusuna dəyişdirildi) yaradılmasına dəstək verdi. Sovet Ermənistanında diasporla yanaşı, millətçilik də təşviq edilirdi. Bununla bağlı bir misal göstərmək olar: Əsasən ideoloji səbəblərə görə nasistlərlə əməkdaşlıq etməklə məşhur olan Njdenin cənazəsi 1955-ci ildə öldüyü QULAQ-dan 1983-cü ildə sovet Ermənistanına gizli şəkildə repatriasiya edilib. Erməni ictimaiyyətinin tələbi SSRİ-nin bütün rəsmi mövqelərinə və öz legitimliyinə zidd olan bir tələbə müqavimət göstərməyəcək qədər yüksək hesab olunurdu. Həmin hadisə 1983-cü ildə - Yuri Andropovun dövründə baş verdi. Onun haqqında çox şey söyləmək olar, amma heç kim onu zəif adam adlandırmırdı.

– Dediniz ki, Qərb ölkələrinin arxivləri ilə işləmisiniz. Araşdırmalarınız zamanı hansı yeni faktları üzə çıxarmısınız?

- 1919-cu ilin iyununda Fransa Xarici İşlər Nazirliyi “Zəngəzur məsələsi” ilə bağlı qeyd aparmışdı. Həmin qeyddə 1918-ci ildə Andranik və onun dəstəsi tərəfindən “şəhərlərin talan edildiyi və dağıdıldığı”, o cümlədən 1919-cu ildə “40-dan çox tatar kəndinin” Andranik və onun adamları tərəfindən məhv edildiyi bildirilir. 1920-ci ilin fevralına qədər Andranikin Türkiyənin fransızların işğalı altında olan ərazisində (Adanada) xidmət etməklə bağlı təkrar tələbləri rədd olundu. Ermənipərəst mövqeyi ilə seçilən zabit Antuan Poidebard 1920-ci il fevralın 20-də yazırdı ki, Andranikin “nizam-intizamı yoxdur. O, quldur dəstəsindən başqa heç nəyə rəhbərlik edə bilməz. […] Onun Kilikiyaya getməsinin qarşısı nəyin bahasına olursa-olsun alınmalıdır”.

Bir il sonra Ermənistan (Erməni İnqilabi Federasiyası) hökuməti Britaniya və Fransadan silah istədi. Onların bu tələbi Qafqaz üzrə Ali Komissar Damien de Martelə yönləndirildi. De Martel 1920-ci il 20 iyul tarixli teleqramında təsdiq və ya inkar cavabı vermədi, ancaq Erməni İnqilabi Federasiyası hökumətinə qarşı şikayətlərdən ibarət siyahı təqdim etdi. Bunlardan sonuncusu etnik təmizləmə ilə bağlı idi. O, təkcə 1920-ci ilin iyulunda İrəvanla Türkiyə sərhədi arasında 4000 azərbaycanlının qətliama məruz qaldığını və 36 min nəfərin isə “top atəşi ilə” qovulduğunu qeyd etdi. Həmin dövrdə Fransa Xarici İşlər Nazirliyinin ruporu olan “Le Temps” qəzeti 1920-ci il 25 iyul tarixli nömrəsində (tarixlərin yaxınlığına diqqət yetirin) Tiflisdən (de Martelin işlədiyi yer) məlumat dərc edir: təkcə son aylarda qovulanları saymasaq, Ermənistan tərəfindən “on minlərlə” azərbaycanlıya qarşı qətliam törədilib.

1922-ci ilin sonunda “Le Petit Parisien”in Türkiyədəki müxbiri Jan Şliklinin bu ölkə haqqında kitabı çapdan çıxdı. O, erməni məsələsindən bəhs edərək müsəlman əhalinin öz torpağında - Qarabağda və Qarsda Ermənistan tərəfindən “sistemli şəkildə məhv edilməsi planından” bəhs etmişdi. Onun kitabı həmin vaxtlar Fransa Baş Qərargahının tam nəzarəti altında olan nəşriyyat tərəfindən çap edilmişdi. Burada heç kim xüsusən də həssas mövzuda yazılan bir kitabı generalların dəstəyi olmadan nəşr etdirə bilməyib.

Bütün bu mənbələr Lord Mer Fondunun Ermənistandakı nümayəndəsi H.Vilyam Harkurt tərəfindən 1920-ci ilin dekabrında yazılan hesabatda təsdiqlənib. Harkurt məyus olmuş ermənipərəst adlandırıla bilər. O bildirirdi ki, 1917-ci ildən bəri “Erməni könüllü dəstələri” “quldur və qatil dəstələrinə” çevrilib. “Bu dəstələrin əksəriyyəti Erməni İnqilabi Federasiyası ilə əlaqəli olduğuna görə” onlar cəzasız qaldı. O qeyd edirdi ki, həmin dəstələrin qarşısını almağa çalışan yeganə erməni dövlət qulluqçusu etnik təmizləməni törədənlər tərəfindən qətlə yetirilib. Oxşar şəkildə Lord Kerzon Erməni İnqilabi Federasiyasını azərbaycanlıların qətliamına görə xüsusilə 1920-ci ilin fevralından aprelinə qədər yazılı və şifahi şəkildə ittiham etmişdi. Hadisə yerində olan jurnalist Skotland Lidel də “The Graphic” nəşrinin 1920-ci il 8 may tarixli nömrəsində dərc olunan məqaləsində eyni məlumatı vermişdi.

Qafqaz haqqında düşüncələri tamamlamaq üçün daha bir şərh: 1920-ci ildə Ermənistanın daxili işlər naziri olan Ruben Ter-Minasyanın (1882-1951) ömrünün sonlarında yazdığı memuarlarının sonuncu cildi dərc olunub. Bu kitab 1989-cu ildə fransız dilinə tərcümə edilib. Lakin yalnız 2021-ci ildə fransız dilində çapdan çıxıb. Həmin cilddə Ter-Minasyan etnik təmizləməyə hər hansı “intiqam”la haqq qazandırmağa çalışmır, yalnız ermənilərin əksəriyyətinin erməni dövləti qurmaq istəyi ilə əsaslandırır.

Qeyd olunduğu kimi, azərbaycanlılar təkcə Azərbaycan Respublikasının sakinləri deyillər. Urmiyadakı Fransız hərbi missiyası 1918-ci ildə ermənilərin burada müsəlmanlara qarşı törətdikləri qətliamdan dəhşətə gəlmiş, hətta qaçıb canını qurtaranları qoruduğu üçün təhdid olunmuşdu. Mən qəsdən sənəddən deyil, kitabdan sitat gətirirəm, bu faktlar dərc olunub: “Qızlar hələ həyatda ikən onların daxili orqanları açılaraq qarın üstünə töküldü. Onlar öz bağırsaqlarını əllərində tutmuşdular. Gözləri çıxarılmış uşaq ağrılar içində qışqıraraq, bədəninin qanlar içində olan bir hissəsini tüstülü dağıntılar arasından çıxarılması üçün mənə uzatdı.

Parçalanmış kəllə sümükləri, damcıları divarlara sıçramış beyinlər” (Dr. Pol Kajul, “İranda fransız təcili yardım maşınlarının başına gələn müsibətlər” (Les Tribulations d’une ambulance française en Perse), Paris, Les Gémeaux, 1922, səhifə 83: bu mənbədə buna oxşar cümlələri tapa bilərsiniz, səhifə 89-90, 101, 103 və Emil Zavienin “Arxangelskdən fars Körfəzinə qədər: əlli fransızın İrandakı sərgüzəştləri” (D’Archangel au Golfe persique. Aventures de cinquante français en Perse), Paris, “La Cité des livres”, 1927, səhifə 173, 248-250, 258-260 və 266).

- Necə düşünürsünüz, indi nə etmək lazımdır ki, bu tip nifrət və faciəvi hadisələr bir daha təkrarlanmasın?

– Birinci simvolik hərəkət olaraq, Rusiya əsgərləri Xankəndini tərk etdikdən sonra Njdenin abidəsini dağıdaraq, qətliamlar və məcburi köçürülmələrin qarşısını aldığı üçün Erməni İnqilabi Federasiyası tərəfindən 1920-ci ildə qətlə yetirilən erməni dövlət qulluqçusuna abidə ucaltmaq olardı, əgər onun adı tapılarsa.