Menu
Xəbər Lenti
Əcnəbilər SAXLANILDI
Bugün, 11:06

Əcnəbilər SAXLANILDI

02 Ara 15:26Siyasət

Haqqı və demokratiyanı tapdalayan Fransa

Qırx dörd günlük Vətən müharibəsinin yekunları – Azərbaycanın mütləq Zəfəri və erməni faşizminin kapitulyasiyası bütövlükdə region üçün yeni dövrün başlanğıcına çevrildi. Otuz illik işğala son qoyan Azərbaycan öz regionu üçün olduqca mühüm bir təşəbbüs - sülh və dinc inkişafın bayraqdarı funksiyasını öz üzərinə götürdü. Məhz bu mövqe və yanaşma Azərbaycanın Ermənistana sülh təklifinin arxasında dayanan əsas səbəb olaraq qarşımıza çıxır. Qalib ölkənin kapitulyanta bu cür böyük şans verməsi isə tarixdə nadir hadisələrdən biridir və mütləq misilsiz humanizm nümunəsi kimi qeyd edilməlidir.

Bunu Milli Məclis sədrinin müavini Fəzail İbrahimli AZƏRTAC-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, müharibədən sonrakı dövrdə yekun sülh sazişinin imzalanması üçün Azərbaycan bütün imkanlarını səfərbər edib. Amma görünən odur ki, regionda sülh və sabitliyin yaranmasında maraqlı olmayan, əksinə gərginliyin saxlanmasına çalışan qüvvələr sülh sazişinin imzalanmaması üçün əllərindən gələni edirlər. Sülhməramlı adı ilə bölgəyə yerləşdirilmiş rus hərbçilərinin öz missiyasını yerinə yetirmək əvəzinə hərbi və siyasi təxribatlara rəvac verməsi, adını islam ölkəsi qoyan İranın açıqdan açığa Ermənistanı müdafiə edərək Azərbaycanı təhdid etməsi də bu sıraya aiddir. Bu prosesdə hazırda ən çox aktivlik göstərən isə heç şübhəsiz Fransadır. Azərbaycanın yeni yaratdığı reallıqlarla barışmayan erməni şovinist və revanşist qüvvələrlə daim həmrəy olan Fransa bu gün dövlət olaraq erməni maraqlarının əsirinə çevrilib. Noyabrın 30-u Fransa parlamentinin aşağı palatası - Milli Assambleyanın yekdilliklə qəbul etdiyi qərəzli qətnaməsi sözün həqiqi mənasında beynəlxalq biabırçılıq, Fransa parlamenti üçün üzqarası idi. Ötən illər ərzində işğalçını himayə edib, işğala məruz qalan dövlətə təzyiq göstərməyə çalışan, istənilən erməni təxribatının dünya ictimaiyyətinə təhrif olunmuş şəkildə qələmə verilməsində ermənilərə dəstək verən, təcavüzkarı məzlum kimi təqdim edib arxasında dayanan Fransa 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı öz yurd yuvasından didərgin düşən yüz minlərlə azərbaycanlını “unudaraq” qondarma erməni qaçqınlarından danışır, Gəncə, Mingəçevir, Bərdə, Ağcabədi və digər savaş bölgəsindən kənar Azərbaycan şəhərlərində mülki vətəndaşların bombardman edilməsini görməzdən gələrək Azərbaycanın Ermənistana əsassız təcavüzündən bəhs edir. Fransa Milli Assambleyasının bu qətnaməsi ölkəmizə qarşı uzun müddət yürüdülən məkrli siyasətin açıq ifadəsidir. Fransa Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş çoxsaylı beynəlxalq cinayətlərə, dinc azərbaycanlılara qarşı dəfələrlə həyata keçirilmiş terror və vandalizmə göz yumaraq riyakarlığını və ikiüzlülüyünü bir daha bütün dünyada nümayiş etdirdi. Senatın qərəzli qətnaməsi BMT Təhlükəsizlik Şurasının daimi üzvü və ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa adına böyük rüsvayçılıq və qara ləkədir. Bu qətnamə Fransa siyasətinin güzgüsüdür, vitrinidir. İşğalı və işğalçını dəstəkləyən də ən az onun qədər günahkardır. Tarixi istila, müstəmləkəçilik və soyqırımı siyasəti ilə zəngin olan Fransanın, onun hökumətinin və parlamentinin indi Ermənistana və onun təcavüzkar siyasətinə dəstək verməsi heç də təsadüfi deyil. İndi kimin kim olduğu, hansı ölkənin haqqın (Azərbaycanın), hansının isə şərin (Ermənistanın) yanında yer aldığı artıq tam şəkildə bəllidir.

“Mənasız və heç bir hüquqi qüvvəyə malik olmayan bu qətnamənin müəllifləri bilsinlər ki, regionun lideri Azərbaycan qalib dövlət olaraq sülh və təhlükəsizliyə əsaslanan yeni reallıqlar yaradıb. Artıq Azərbaycan torpaqlarının işğal olunması faktı tarixə qovuşub. Hazırda Azərbaycanın Avropa ölkələri ilə əlaqələri bütün sahələrdə durmadan genişlənir. Bunu dövlət başçıları səviyyəsində təşkil olunan qarşılıqlı səfərlər və imzalanan sənədlər də göstərir. Həmçinin ölkəmiz Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarındandır və dünya səviyyəsində əhəmiyyətli ölkələrdən hesab olunur. Bu gün Azərbaycan dövləti milli maraqlarımıza və suverenliyimizə qarşı istənilən təhdidə cavab vermək qüdrətindədir. Azərbaycan bütün dövlətlərlə dostluq və qarşılıqlı əməkdaşlıq siyasətinə hər zaman sadiqdir, amma bizimlə hədə dilində danışanlarla biz də onların öz dilində danışmaq imkanındayıq. Tarixindən qan daman, lakin özünü “demokratiyanın beşiyi”, beynəlxalq hüququn təminatçılarından biri kimi təqdim edən Fransa Azərbaycana qarşı haqsız mövqe tutduğuna görə həm də Türk dünyasının da təpkiləri ilə üzləşəcək”, - deyə Fəzail İbrahimli vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin