Menu
Xəbər Lenti
10 Ara 15:04Siyasət

Ermənistanla Fransa arasında əvvəlcədən hansısa razılıq olub?

Fransa Ermənistandakı mülki missiyanın mandatını uzatmaq və nəticədə onu daimi missiyaya çevirmək niyyəti güdür. Rəsmi açıqlamalardan aydın olur ki, bu, Parislə İrəvan arasında əvvəlcədən razılaşdırılıb. Çünki Ermənistan bu mülki missiyaya çətir kimi baxır, onu daha çox hərbi missiya kimi qəbul edir. Ermənistanın son davranışları onun Fransanın koloniyasına çevrilməyə hazır olduğunu təsdiqləyir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.

Deputat qeyd edib ki, Fransanın xarici işlər naziri Katron Kolonna oktyabrın 20-dən Ermənistanda olan Avropa İttifaqının müşahidə missiyasının mandatının vaxtının artırılmasının vacibliyini bəyan edib. O, bunu missiyanın sərhəddəki monitorinqinin “eskalasiya riskini azaltması” ilə izah edib. Görünən budur ki, əsas hədəf Rusiyanın Ermənistandan çıxarılması və onu Fransanın timsalında Avropa İttifaqının əvəzləməsinə yönəlib. Yəni, hər zaman Rusiyanın forpostu olan Ermənistan məmnuniyyətlə Fransanın “koloniyası” olmağa hazırdır.

Bildirilib ki, burada diqqətçəkən məqam Rusiya tərəfinin prosesləri sükutla izləməsidir. Halbuki Ermənistan Rusiyanın maraqlarına zidd olaraq öz ərazisinə Aİ və ATƏT missiyalarını dəvət etməklə Kremlə qarşı inamsızlığını və saymazlığını nümayiş etdirir. Rusiya hərbi bazalarının ölkədən çıxarılması üçün Ermənistanda əməli fəaliyyət həyata keçirilir və bu istiqamətdə tələblər artmaqdadır.

Ermənistan açıq şəkildə Fransanın koloniyası olmağa can atır, Azərbaycan isə bütün ölkələrlə bərabərhüquqlu tərəfdaşlıq münasibətləri qurub. Heç bir ölkə və ya beynəlxalq təşkilat Azərbaycanla diktə dilində danışa bilməz. Eyni zamanda, Azərbaycan-Aİ münasibətləri də uğurla inkişaf edir. Təşkilatla ikitərəfli kontekstdə, xüsusilə enerji sahəsində əməkdaşlıq daha da dərinləşir. Bu isə elə Avropa İttifaqında bəlli dairələrin maraqlarına cavab vermir və Aİ-də bəzi qüvvələr bu münasibətləri pozmağa cəhd edirlər. Bu pozucu fəaliyyətin başında isə Fransa durur. Rəsmi Parisin bu siyasəti, əslində, Avropa İttifaqının ümumi kursuna ziddir və bu, yekunda Fransanın özü üçün acınacaqlı nəticələrlə yadda qala bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır