“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Botanika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “DÜNYAMIZI YAŞILLAŞDIRAQ” mövzusunda konfrans keçirilib
AR ETN Botanika İnstitutunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 101 illiyi və “Yaşıl Dünya Naminə Həmrəylik İli” nə həsr olunmuş “Dünyamızı yaşıllaşdıraq” mövzusunda konfrans keçirilib.
Azərbaycanın Dövlət Himninin səsləndiriməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbiri Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva açaraq “Heydər Əliyev fenomeni: Elm və Təhsilin vəhdətində” mövzusunda çıxış edib. S.İbadullayeva Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğundan, elmin, mədəniyyətin və təhsilin inkişafında misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, Azərbaycan xalqı Heydər Əliyevi haqlı olaraq, xilaskar adlandırırlar. Onun hakimiyyəti illərində Azərbaycan dövlətinin və xalqının firavan həyatının zəmanətinə çevrilmiş, sürətli inkişafa və tərəqqiyə, müstəqilliyin dönməzliyinə və təhlükəsizliyinə təminat verən, neft müqavilələri - “Əsrin müqaviləsi” imzalandı. Məhz ulu öndərin qətiyyəti, iradəsi və cəsarəti sayəsində Azərbaycanın “qara qızılı” bu millətin ağ günlərinin tarixini yazdı. Bu dövrdən etibarən Azərbaycan Respublikası bütün sosial-iqtisadi istiqamətlərdə sürətlə inkişaf etməyə başladı. Ümummilli Lider Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdır. Ulu öndərin təhsil siyasəti konsepsiyasına əsaslanaraq demək olar ki, elm və təhsil iki müstəqil sahəni ehtiva etsə də onların birini digərindən təcrid etmək mümkün deyildir və bu baxımdan elm-təhsil problemlərinə kompleks şəkildə yanaşılmışdır. Hər iki istiqamət ümumi dövlət siyasətinin tərkib hissələrindən olduğundan və strateji mahiyyət daşıdığından onların inteqrasıyası da labüddür. Çünki elmin təhsilsiz, təhsilin isə elmsiz mövcudluğu qeyri-mümkündür. Ümummilli lider öz çıxışlarında da dəfələrlə təhsilin mürəkkəb və olduqca vacib bir sahə olduğunu vurğulayaraq qeyd etmişdir ki, təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir.
Ümummilli lider eyni missiyanı ölkənin zəngin təbiətinin və təbii sərvətlərinin dünyaya tanıdılması sahəsində də uzaqgörənliklə yerinə yetirmişdir. Heydər Əliyev ölkəmizin analoqu olmayan flora və faunası ilə daim fəxr və iftixar hissi keçirirdi, torpağının, havasının, landşaftının qorunub saxlanmasını, zənginləşdirilməsini tələb edirdi. Ulu Öndər yaxşı bilirdi ki, Azərbaycanın sabit inkişafı ekoloji problemlərin həllindən çox asılıdır. Onun bu siyasəti yurdumuzun torpaq, bitki, su, hava, meşə, bulaq, bitki örtüyünü daha dərindən öyrənməyə istiqamət verirdi.
Professor çıxışında onu da qeyd edib ki, bioloq-alimlərimiz tərəfindən cari ildə nəşr olunacaq “Qarabağ florası” adlı kitabın yazılması üçün Qarabağda bitkilərin yayılmasına dair geniş monitorinqlərə başlanılıb. 5 ekspedisiyadan 1-i artıq Laçın şəhərində həyata keçirilib.
Konfrans işini “Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə heyətinin sədr müavini, Natiq Allahverdiyevin “Ulu Öndərin təbiətə qayğısı”, laboratoriya müdiri, b.e.d., dosent Həsən Babayevin “Ulu Öndər və Azərbaycan təbiəti”, “Dendrologiya Bağı” Publik Hüquqi Şəxsin İdarə heyətinin sədr müavini, b.ü.f.d., dosent Samirə Bağırovanın “Ulu Öndər Heydər Əliyevin ekoloji siyasəti” Botanika İnstitutunun Elmi katibi, b.ü.f.d. Nigar Mürsəl qızının “Azərbaycan təbiətinin qorunması istiqamətində Ulu Öndərin əvəzsiz xidmətləri” və Botanika İnstitutunun aparıcı elmi işçisi, b.ü.f.d. Nuri Mövsümovanın “Biomüxtəlifliyin mühafizəsində Heydər Əliyevin rolu” mövzusunda çıxışları ilə davam etdirib.
Tədbir çərçivəsində Mərkəzi Nəbatat Bağının ərazisində ağacəkmə aksiyası həyata keçirilib. Tədbir iştirakçıları tərəfindən ağac və gül kolları əkilib, onlara aqrotexniki qulluq göstərilib və suvarılıb.
Sonda tədbir iştirakçıları Fəxri xiyabanda Ümummilli liderin məzarını ziyarət edib.