Menu
Xəbər Lenti
Naxçıvanda 7° şaxta var
23-12-2024, 06:41

Naxçıvanda 7° şaxta var

Bayramov Serbiyaya getdi
23-12-2024, 06:29

Bayramov Serbiyaya getdi

Direktor işdən çıxarıldı
22-12-2024, 09:25

Direktor işdən çıxarıldı

Azərbaycana qış gəldi
21-12-2024, 12:54

Azərbaycana qış gəldi

27 Tem 09:59Manşet / Gündəm

Ulu Öndərimiz Heydər Əliyev vətən qədər əbədisən-Könül Nəbizadə

 

Zamanın sınağı qarşısında aciz qalmaq, onun hər ölçüsünə, qəlibinə ruhunu, daxili aləmini sığdırmaq nə qədər ağır və əzabverici olsa da? ikinci bir yol olmayanda insan bu alın yazısı ilə razılaşır. Fərd olaraq kiminsə sınaq qarşısında qalması cəmiyyətin probleminə çevrilməsə də cəmiyyətin  sınaq qarşısında qalması artıq öz sərhədlərini aşır və qlobal bir problemə çevrilir. Demək fərdlərin probleminə biganə qalan cəmiyyət öz gələcək inkişafını sınaqlar qarşısında qoyur. 


Saniyənin dəqiqəyə, dəqiqənin saata çevrilməsi vaxt və yaxud tarix yaradır. Vaxtın, zamanın və tarixin sınağının isə bir hədəfi var-insan . Milyon illərdir ki, insanla vaxt, zaman, tarix yola getmir və bu mübarizə dünyanın sonunadək davam edəcək.


Biz azərbaycanlılar tarixin bütün dövrlərində ağır sınaqlar qarşısında qalmışıq. Adımızın böyüklüyü, milli kimliyimizin dünyanın “doğum günü” ilə üst-üstə düşməsi, dünyanın əvvəlindən sonunadək qurdbaşlı bayraqların altında yürüyərək qaranlıqları işığa çıxarmağımız, məzlumlara Tanrı eşqinə sevgi, sayğı göstərməyimiz, ədalət adlanan günəşin bütün canlıların üzərinə düşməsi uğrunda mücadilələrimiz qaraçuxamız yatandan sonra bizə xoşbəxtlik yox, bədbəxtlik gətirdi. Cəsədimizi yandırıb, ruhumuzu belə soymaq istəyənlər məhv olmağımız, tarixdən silinməyimiz üçün əllərindən gələni etdilər.    


Tanrıdağdan, Altaydan və Qipçaq çöllərindən əsib gələn yovşan ətirli küləklərin qarşısını dəmir oxlarla, toplarla və bu gün də nüvə ilə, atomla kəsənlər qəsdimizə durub, hər addımda kölgəmizi belə qılıncladılar. Gündoğandan-Günbatana hökm eyləyən Atillanı zəhərlədilər, bütün yollarla, hətta qadınları ilə ruhumuza, qanımıza yol tapdılar, Teymurla-İldırım Bəyazidi, Şah İsmayılla-Sultan Səlim Yavuzu üz-üzə qoydular.  Torpağımızın yox, ruhumuzun “coğrafiyasını” böldülər, xəritəsini parçaladılar. Ancaq onlar - bizim varlığımıza qənim kəsilənlər unutdular ki, bu millət uca Allahın öz hökmü ilə dünyaya qədəm basıb və sevgili peyğəmbərimiz Məhəmməd (s.a.s): “Türklərin dilini öyrənin, çünki onların uzun sürəcək hakimiyyəti vardır” fikirini əbəs yerə deməyib.


Bu gün haqqı, ədaləti başları üzərində bayraq edənlər, “demokratik prinsiplər”i nöqtə və nöqtə beyinlərə yürütmək istəyənlər unudurlar, özü də bilərəkdən unudurlar ki, biz türklər bir millət olaraq görüntü xatirinə, yalançı reklam xatirinə insan hüquqlarını müdafiə etməklə, əksinə onları rəzil gününə salmamışıq. Millət olaraq sınaqlar qarşısında qaldıqda isə müəyyən səbəblərdən gec də olsa toparlanmağı, bir olmağı bacarmışıq.


Çox da uzaq olmayan tariximizin 1918-ci il səhifəsi millətimizin sınaq qarşısında qaldığı illərə təsadüf edir. Lakin hər sınaq bir uğurun, bir bütövlüyə gedən yolun başlanığıcına da çevrilir bəzən. 1918-ci il minlərlə azərbaycanlının böyük bir həsrətlə, sevgi ilə gözlədikləri an idi. O an ki, ondan sonra qadağalar, buxovlar dağıdılır, uçulur, qorxu, hürkü hissi insanlara hakim kəsilmirdi. XX əsrin əvvəllərində Şərqdə ilk cümhuriyyəti, özü də demokratik dəyərlərə söykənən ilk cümhuriyyəti Azərbaycan oğulları canları, qanları bahasına qura bildilər. Min illərin dövlətçilik ənənəsi üzərində qurulan dövlətin əsas dayağı, təməl prinsipləri insana və insanlığa sayğı, sevgi idi. Dövlətin bütün atributlarında keçmişə, soya-kökə, milli kimliyə hörmət, demokratik dəyərlərə sayğı öz əksini tapırdı. İdeoloji dayaqlar möhkəmləndikcə dərin dövlət quruculuğu uğrunda canlarını fəda etmək istəyənlərin də sayı çoxaldı. Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski və bir çox ziyalılar millətə hürr yaşamağın yolunu və onun haqqı olduğunu anlatdılar.


1920-ci ilin aprel ayından sonra artıq azərbaycanlıların taleyində ən böyük sınaqlar başladı. 1937-ci il represiyaları, sürgünlər tariximizə qara hərflərlə yazıldı. Lakin bütün acınacaqlı dövrlərdə tanrı bu millətə bir xilaskar, bir yardımçı göndərir. Türkiyənin parçalanması ərəfəsində Atatürkün “Ya ölüm, ya olum” deyərək meydana atılması və xristian birliyinə bir millətin son anda belə qanından, canından əziz bildiyi vətən torpağı uğrunda səngərlərdə döyüşərək canından belə keçməyi göstərməsi və onlara türk ruhunun yenilməzliyini sübut etməsi qoca tarixin köksünə əbədi həkk olmuş bir qəhrəmanlıq səlnaməsidir…


 

Əbədi bir günəş doğur

 

1923-cü ilin may ayının 10-da Əlirza kişinin və İzzət xanımın ocağında bir oğul dünyaya gəldi. Adını Heydər qoydular. Sadə azərbaycanlı ailəsində gündüzlər günəşi, gecələr ayı salamlayan balaca Heydərin taleyinə uca Yaradan öz mübarək möhürünü vurmuşdu. Kiçik yaşlarından ailənin bütün problemlərinə öz kövrək çiyinlərini dayaq kimi verən Heydər zəhmətkeşliyi, əzmkarlığı, istiqanlılığı və səmimiyyəti təkcə valideynlərinin deyil, yaxınlarının, onu tanıyanların, demək olar ki, hər kəsin sevimlisinə çevrilmişdi.


 Ulu bir türk yurdunda, insanlığın bünövrəsinin qoyulduğu bir torpaqda doğulmaq Heydər Əliyevin ən böyük xoşbəxtliyi idi. Onun damarlarından ulu türk babalarının hər damlasında ilahi işıq seli ilə yüklənmiş qanı axırdı. Bu qan onu gələcək mübarizələrə, çətin, lakin işıqlı yollara və ən böyük uğurlara səsləyirdi.


Artıq məktəb illərində müəllimlər Azərbaycan xalqının taleyinə günəş kimi doğacaq bir ziyalının, bir azərbaycanlının varlığına sevinirdilər. Öz iti zəkası, zəngin mütailəsi, sərbəst şəkildə fikirlərini dilimizin bütün incəliklərinə, qayda-qanunlarına söykənərək ifadə etməyi bacaran, ədəbiyyatımızın keçdiyi tarixi inkişaf mərhələsini, Nizaminin, Füzulinin, Nəsiminin, Vaqifin, Dədə Ələsgərin,  Səməd Vurğunun və Turan sevdalısı Cavidin əsərlərini sevə-sevə oxuyub onu yaddaşına həkk edən Heydər Əliyev gələcək perspektivlərini Vətən sevgisi üzərində qurmaqla öz gələcəyini müəyyənləşdirdi.


 

Özünü təsdiqə doğru

 

Ali təhsil illərinin 1941-1945-ci illər müharibəsinə düşməsi gələcək uğurunda cızdığı planları alt-üst etsə də səbirli, dözümlü olması onu mənəvi sarsıntıların əlindən qopara bildi. Atası Əlirza kişinin, anası İzzət xanımın ümid dolu baxışları tutduğu yoldan dönməməyə, bütün çətinliklərə sinə gərməyə ruhlandırdı gələcəyin Liderini. Çəkilən zəhmət, fədakarlıq və öyrənməyə həvəs uğurların təməlinə çevrildi. Ağrılı, acılı günlər arxada qalmışdı. Qabaqda isə atasız, anasız və bir də uzun, sonu görünməyən  bir yol var idi. Torpaqürəkli bir yurd oğlunun gələcək tale yolu yüksək vəzifələrə doğru uzanmaqdaydı.


1967-69-cu illərdə artıq o, Respublika Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə irəli çəkilmişdi. Bir azərbaycanlının belə böyük və məsuliyyətli bir vəzifəyə irəli çəkilməsi qanı qanımızdan olan badxahlarla yanaşı, qeyri-millətlərdən olanları da qıcıqlandırmaya bilməzdi. Dişi qanlı, üzünə bir söz deməyə cürətləri çatmayan, kölgəsini hər an qılınclamağa hazır olan canavarlar bütün vasitələrlə onu gözdən salmağa çalışır, məhvi üçün ağlı-qaralı ssenarilər cızırdılar. Lakin onlar bir şeyi unudurdular ki, müqəddəs bir torpaqda mayası yoğrulan, ruhuna günəşin nuru hopan və müqəddəs bir ad daşıyan şəxsiyyəti məhv etmək, gələcəyinin üstünə xətt çəkmək heç də asan işdeyil. Heydər Əliyev kimi seçilmişləri tanrı özü qoruyur və onlar bütün uğurların zirvəsinə tanrının ipindən tutub qalxmaqla nail olurlar.


1969-1982-ci illər artıq Heydər Əliyev erasının başlanğıcı demək idi və fenomenal lider olmasını onun xalqın rəhbəri kimi bir qərinəlik fəaliyyətinin istənilən mərhələsində görmək olar. 1969-1982-ci illər tariximizin elə bir səhifəsidir ki, bu səhifə müasir Azərbaycanın inkişafının o dövrdə qoyulmuş təməl prinsiplərini bütünlüklə özündə əks etdirir. Onun xalq, dövlət qarşısındakı xidmətinin misilsizliyini təkcə elə bu dövrdən aydın görmək olar.


Təbiətən qurucu olan və gəncliyində memar olmaq istəyən bu dahi şəxsiyyət sovet dövrü üçün az sayılan 46 yaşında təbii sərvətlərlə zəngin, lakin infrastrukturu, güclü kadr və intellektual potensialı olmayan bir ölkədə qısa zaman kəsiyində uğurlu yenuliklərə imza atdı. O, ənənəvi sovet düşüncə sistemini, sovet özünəqapanma akademizmini dağıtdı və özünü bütün çətinliklərdən uğurla çıxmağı bacaran, siyasi xəttində yanılmazlığını təsdiq edən bir şəxsiyyət kimi sübüt etdi.   


Yüksək təşkilatçılığı, gələcəyə hesablanmış ideyaları ilə Stalin zamanından qalan keçmişin qalıqlarını və Xruşov dönəminin səriştəsizliyini aradan qaldırdı, yeni iş və rəhbərlik üslubu yaratdı, cəmiyyətə yeni dövlət idarəetməsi metodlarını göstərdi.


Sovet odeologiyasının qılıncının sağının və solunun kəsdiyi bir dövr olsa da öz milli kimliyinə söykənərək uzunmüddətli inkişaf strategiyası hazırlayan Heydər Əliyev Azərbaycanın iqtisadi, intellektual, mədəni, elmi-tekniki resurslarını səfərbər etdi, bütün mövcud potensialı milli oyanış yönündə hərəkətə gətirdi. Məhz onun sayəsində Azərbaycan qısa müddətdə böyük sənaye ölkəsinə çevrildi. Azərbaycanlıların milli özünüdərk prosesini gücləndirməklə ölkənin bütün strukturlarında, xüsusilə də milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarında onların söz sahibi olmaq kimi strateji məsələlərinin həlli yollarını tapmaq Heydər Əliyevi narahat edən problemlərdən biri idi. Milli düşüncəli gənclərin cəmiyyətin hərəkətverici qüvvəsi olaraq sağlam cəmiyyət quruculuğuna cəlb olunmaları, onların müsbət potensialından dövləti dayaqların möhkəmləndirilməsinə istifadə etməyi hədəfinə alan ulu öndər bütün çətinliklərə baxmayaraq on mindən çox gənci azərbaycandan kənarda təhsil almağa göndərdi və bununla da milli kadr problemi öz həllini tapdı.


 

 

Xalq sınaq qarşısında

 

Artıq SSRİ rəhbərliyi onun bir sistem kimi çökməyinin tezləşdiyini görür, lakin bununla barışmaq istəmirdilər. Nə olursa-olsun “yenidənqurma”nı insanların beyninə yeridərək onları manqurtlaşdırmağa çalışan Qarbaçov bütün vasitələrdən istifadə etməklə, hətta silah gücünə belə istədiyinə nail olmaq istəyirdi. 1988-ci il-XX əsr bəşəriyyətin yeni bir ictimai formasiyaya qədəm qoyması, qadağalara, buxovlara əbədilik yox deməsi ideyalarının beyinlərdə toxum kimi cücərməyə başladığı bir zaman kəsiyi kimi tarixə düşdü. Xalqların öz azadlıqlarına qovuşmaları uğrunda mücadilələri SSRİ rəhbərliyinin səbrini daşırdı və onlar ağzı qanla sulanmış silahlara əl atdılar.


Azərbaycanda vüsət alan meydan hərəkatı SSRİ-ni daha çox qorxudurdu və bu qorxu da əbəs deyildi. Çünki SSRİ-yə rəhbərlik edənlər yaxşı bilirdilər ki, bu millətin övladları bütün Şərqdə ilk dəfə dövlət quran, bütün bəşəriyyətə insanları ədalətlə idarə etmək prinsipi aşılıyanların davamçılarıdır. Xalqın 1813, 1828 və 1920-ci ildən üzü bəri vulkana dönən qəzəbini yatırmaq, azadlıq istəyini zəncirləmək üçün Bakıya qoşun yeridildi. Yanvarın 19-dan 20-nə keçən gecə təkcə Bakı yox, bütün Azərbaycan gülləbaran edildi. Millətin azadlığa qovuşmaq üçün döyünən ürəyini topla, tüfənglə susdurmaq mümkün olmadı və qəddar rejim bu insanlığın məhvinə yönəlik əməli ilə bir daha sübut etdi ki, o, məhvə məhkumdur və qısa bir zamanda biz bunun şahidi olduq.


20 yanvar hadisəsinin səhəri günü artıq Moskvada çökməkdə olan rejimə qarşı ölümü, namərd hiyləsini göz önünə alan Heydər Əliyev ilk haqq səsini ucaldanların birincisi oldu. O, qorxmadan və çəkinmədən bu əməli törədənləri pisləməklə, onları ictimai qınaq hədəfinə çevirməklə öz təhlükəsizliyini də risk altında qoydu. Lakin uca Allahın onun alnına yazdığı tale və özünün hadisələrdən, ekstrimal şəraitlərdən əsl hərbiçi kimi manevrlərdən istifadə etməklə sağlam və salamat çıxması onun alın yazısı idi.


1991-1993-cü illərdə Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsindən keçən, ildırımlar altında qırılmayan yollar, bir dahinin ömür yolu Bakıya-xalqın sevgisi ilə əhatələnmiş prezident kürsüsünə doğru uzanırdı...


Bakıda isə vəziyyət gərgin idi. Daha da alovlanan Qarabağ müharibəsi, bir yandan da daxildə siyasi qüvvələr arasındakı hakimiyyət uğurunda çəkişmələr yenicə qazanılmış müstəqilliyi itirmək təhlükəsi ilə xalqı üzbəüz qoymuşdu. Lakin xalq SSRİ-nin qanlı-qadalı illərindən, represiyalarından onu qoruyan, dilini, dinini unudulmaq təhlükəsindən xilas edən bir şəxsiyyətə-Heydər Əliyevə “Heydər baba, xalqı bu bəladan qurtar”-deyib qucaq açdı. Bu çağırışa, bu səslənişə qədim Naxçıvan torpağından hay verən xilaskar hər zaman olduğu kimi polad çiyinlərini Azərbaycanın problemlərinin həlli üçün ağır sınaqların altına verdi. Qısa bir zaman kəsiyində beynəlxalq əlaqələr bərpa olundu, daxildə ictimai-siyasi sabitlik öz həllini tapdı və təkcə Azərbaycan üçün yox, bütün region üçün əhəmiyyətli olan “Atəşkəsə” imza atıldı. Atəşkəsdən sonra ölkənin dağıdılmış elmi, mədəni və iqtisadi infrastrukturu yenidən qurulmağa başladı. 1994-cü ilin 20 sentyabrında imzalanan “Əsrin müqaviləsi” isə Azərbaycan adlı bir dövlətin tarix səhnəsindən silinmədiyin bir daha sübut etdi. “Mən ömrümün qalan hissəsini xalqıma bağışlayıram” fikri əbəs yerə deyilməmişdi. Heydər Əliyev xalqın yaddaşına onun dünəni, bu günü və gələcəyi kimi düşməyi bacarmışdı. XX əsr Azərbaycanın ən çətin və mürəkkəb dövründə ona rəhbərlik edən, yüzillik ərzində ikinci dəfə qazanılan dövlət müstəqilliyini əbədiliyə və dönməzliyə çevirən, üstəlik ölkəmizin XXI əsrdəki düzgün inkişaf istiqamətini müəyyənləşdirən, onun idarəsini etibarlı əllərə ötürən və bundan sonra sarsılmaz dövlətçilik ənənələri yaradan  bu dahi şəxsiyyəti, zəmanəmizin böyük azırbaycanlısını azərbaycan xalqı xilaskar, ulu öndər və ümummilli lider kimi tarixin ən böyük zirvəsinə ucaltdı.


 

Xalqa bağışlanan ömür

 

Ölkə prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi və ictimai fəaliyyətini təhlil edərkən maraqlı bir fikir ortaya qoyur: “Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev bizə azərbaycançılıq kini dərin bir fəlsəfi konsepsiyanı bəxş edərək, Azərbaycan dilini, Azərbaycan tarixini, Azərbaycan mədəniyyətini və milli-mənəvi dəyərlərimizi qorumağı tövsiyə etmişdir”.


Bu gün Türkiyədə Atatürkün prinsipləri, ideyaları dövlətin təhlükəsizliyini qorumaq üçün təməl prinsipi rolunu oynadığı kimi, Azərbaycanda da Heydər Əliyevin siyasi leksikonumuza gətirdiyi azərbaycançılıq konsepsiyası böyük bir ideoloji dayaqlara söykənirdi. Məhz bu ideologiya Azərbaycanı müəyyən bi tarixi dövrdə parçalanmaqdan qorudu. Ulu öndər deyirdi: “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman kişik dövlət belə ən böyük məmləkət qədər güclü olar”.


O, xalqının tarixini yaradırdı və yazdığı ən böyük əsərin adı Azərbaycan idi. 2003-cü ilin dekabrinda isə uğrunda mübarizə apardığı, gözlərini belə qırpmadan ölümlərə atıldığı Azərbaycanın müqəddəs torpağına əbədi olaraq köç etdi.


Bu gün hər bir azərbaycanlının dilində Heydər Əliyevin adı gül kimi açır. Bizlər xoşbəxtik ki, onun səsini eşidib, nurli simasını görə bildik. Gələcək nəsillər isə xoşbəxtdirlər ki, adı dünya əzbəri olan bir dahinin qurub-yaratdığı yeni, müasir Azərbaycanın vətəndaşlarıdır.


Ruhun şad olsun ULU ÖNDƏR, ƏBƏDI LİDER!


P.S. Bahar şairi Səməd Vurğunun “Azərbaycan” şeirini deyərkən O ağladı. Ancaq gözlərini bu dünyaya yumarkən qanıyla, canıyla qurduğu, yaratdığı Azərbaycana son dəfə baxarkən ağlamadı. Çünki ağlamalı, xalqın taleyindən narahat günlər arxada qalmışdı. Gələcəyə doğru inamla addımlayan, inkişafı, uğurları ilə dünyanı mat qoyan bir əzəmətli dövlət, varlığını, böyüklüyünü tarixə qızıl hərflərlə həkk etdirən uca bir millət və ideyalarını layiqincə davam etdirəcək, özü qədər dünyanın siyasət nəhəngləri ilə mübarizə aparacaq gücdə, zehində olan, xalqa xidməti ilə milyonların sevgisini qazanan yeni bir LİDER qoyub gedirdi özündən sonra...

 

Nəbizadə Könül Faxrəddin qızı