“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
EKMİB-ə qoşularaq peşə sahibi olmaq istəyənlərin nəzərinə!
Estetik Kosmetologiya Mütəxəssisləri İctimai Birliyi (EKMİB) ümumi maraqlar əsasında birləşmiş, könüllülük əsasında yaradılan, gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-hökumət təşkilatıdır və fəaliyyəti bütün ölkə ərazisini əhatə edir.
İctimai Birliyin fəaliyyətinin əsas məqsədi – gözəllik sahələrində çalışanlara, habelə kiçik sahibkarlıqla məşğul olmaq istəyən şəxslərə dəstək olmaq, bu sahədə mövcud problemlərin öyrənilməsi və həllinə nail olmaqla yanaşı əhalinin maarifləndirilməsidir.
EKMİB-in İdarə Heyətinin sədri Dr. Rəna Soltanovanın rəhbərliyi ilə estetik həkimlərin və mütəxəssislərin təkmilləşdirilməsi məqsədilə masterklass, təlim və seminarlar keçirilir. Fəaliyyəti dövründə keçirilən böyük layihələrdən biri heç bir ödəniş etmədən Estetik Kosmetologiya sahəsinə aid ali təhsil tələb olmayan “Peşə seç, sıfırdan öyrən və inkişaf etdir” layihəsidir.
Tədris kursunun sonunda layihənin iştirakçıları olan şəhid xanımları, qazi ailəsindən və 1-ci qrup əlilliyi olan, həmçinin aztəminatlı ailələrdə yanlız uşaq böyüdən xanımlar seçdikləri peşələri öyrənərək kursun sonunda sertifikatlarla mükafatlandırılıb. Hazırda peşə sahibi olan tələbələr öyrəndiklərini tətbiq edirlər. Peşəsini sevən, özünə əmin olan Neftçala rayonunun sakini, layihənin tələbəsi Maral xanım yeni bir layihədə bərbər olaraq öz peşəsinin praktik tərəfini ötrətmək arzusunda olduğunu bildirib. EKMİB-in sosial şəbəkə hesablarına yazaraq bu layihənin yenidən ödənişsiz keçirilməsini arzu edən xanımlar da var. Bunu nəzərə alaraq, layihənin təkrar həyata keçirilməsi planlaşdırılır.
EKMİB-in təşəbbüsü və təşkilatçılığı, Sumqayıt İcra Hakimiyyətinin dəstəyi ilə Sumqayıt şəhərində Heydər Əliyev Mərkəzində keçirilmiş “Peşə/iş festivalı” layihəsi də çox böyük maraq doğurub və yüzədək gənc bu layihədən faydalanıb.
R.Soltanova bildirir ki, “Estetik Kosmetologiya Mütəxəssisləri İctimai Birliyi estetik klinikalar və gözəllik salonlarında çalışan həkim və estetik mütəxəssislərin, habelə bu xidmət sahəsini dərman preparatları və avadanlıqlarla təchiz edən şirkət sahiblərinin birləşməsi üçün bir platforma ola bilər:
“Məhz birlikdə gözəllik sahəsində hər bir xidmət növünün, preparat və avadanlığın səmərəliliyinin qiymətləndirilməsinə, onların keyfiyyət, müasirliyi və effektivliyi tələbinin formalaşmasına nail olmaq olar. Vətən müharibəsində birlik nümayiş etdirərək qalib gəldik. İş fəaliyyətimizdə də qalib olmaq istəyiriksə gərək dövlətimizin, cəmiyyətin rifahı naminə daha çox çalışaq və faydalı olaq. Kim bizim EKMİB-ə qoşulmaq istəyirsə, buyura bilər”.