Menu
Xəbər Lenti
06 Ock 10:59Manşet / Gündəm / Siyasət

Ölkə rəhbərinin prinsipiallığı qəzanın səbəbkarlarını üzə çıxardı

Ölkə rəhbərinin prinsipiallığı qəzanın səbəbkarlarını üzə çıxardı

Məşhur Məmmədov,
Millət vəkili


AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhərində baş vermiş qəzası hər birimizi dərindən kədərləndirdi. Bu faciəvi hadisədə pilotların yüksək peşəkarlığı və fədakarlığı bir daha özünü göstərdi. Onlar öz həyatlarını qurban verərək, 2 ekipaj üzvünün və sərnişinlərin əksəriyyətinin həyatını xilas etməyə müvəffəq oldular. Bu qəhrəmanlıq nümunəsi dərin hörmət və ehtiramla yad edilir. Qəza baş verən andan hadisə ölkə rəhbərinin diqqətindədir. Cənab İlham Əliyevin hadisəni diqqətdə saxlaması hadisənin sıradan bir qəza kimi qələmə verilməsinə imkan vermədi.
Dekabrın 27-də Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması və bu hadisə ilə əlaqədar görülmüş tədbirlər barədə danışdı. Prezident hadisəni faciəvi bir sınaq adlandıraraq həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyətin diqqətini çəkən bir sıra məqamlara toxundu.
Prezident qəza barədə Sankt-Peterburqa MDB Zirvə görüşünə uçarkən məlumatlandırılıb və dərhal təyyarənin Bakıya geri qayıtması üçün göstəriş verib. Ölkə rəhbəri Bakıya dönən kimi hava limanında operativ müşavirə keçirildi və Dövlət Komissiyası yaradıldı. Komissiya üzvləri və tibbi heyət hadisə yerinə ezam olundu. Verilən qərarlar qəzadan sonra yaranan böhran vəziyyətinə dərhal müdaxilə etmək məqsədi daşıyırdı.
Ölkə rəhbəri müsahibəsində qeyd etdiyi kimi, ilkin araşdırmalara görə, təyyarə Rusiyanın hava məkanında radioelektron müdaxiləyə məruz qalıb və yerdən açılan atəş nəticəsində böyük zədələr alıb. Təyyarənin füzelyajında aşkarlanan izlər bu iddiaları təsdiqləyir. Prezident İlham Əliyev Rusiya tərəfinin ilkin mərhələdə məsələnin ört-basdır edilməsi cəhdlərindən narazılığını ifadə edərək, açıq-aydın faktların inkar edilməsinin qəbulolunmaz olduğunu vurğuladı.
Qəzanın təfərrüatları tam araşdırılacaq.
Bundan heç birimizin şübhəsi yoxdur. Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarı idi. Rusiya tərəfi rəsmi qaydada təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Ölkə rəhbəri qəti şəkildə bundan imtina etdi. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Cənab prezident müsahibəsində qeyd etdiyi kimi, əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır.
Hər bir detalı diqqətdə saxlayan Prezident müsahibədə pilotların və ekipaj üzvlərinin peşəkarlığını və qəhrəmanlığını yüksək qiymətləndirdi. Təyyarənin idarəolunmaz vəziyyətdə olmasına baxmayaraq, pilotlar qəza enişi həyata keçirə biliblər və sərnişinlərin çoxu xilas edilib. Cənab İlham Əliyev müsahibədində ekipaj üzvlərinin təltif ediləcəyini bildirdi və vərilən vəd özünü çox gözlətmədi.
Prezident hadisənin beynəlxalq ekspertlər tərəfindən obyektiv araşdırılmasının zəruriliyini qeyd etdi. O, Rusiya tərəfindən məsələnin ört-basdır edilmə cəhdlərinin Azərbaycanın Dövlətlərarası Aviasiya Komitəsinin istintaqından imtina etməsinə səbəb olduğunu vurğuladı. Azərbaycan Rusiyadan aşağıdakı tələbləri irəli sürüb:
Rəsmi üzr istəmə, günahın qəbul edilməsi və məsuliyyət daşıyan şəxslərin cəzalandırılması, maddi təzminatın ödənilməsi.
Azərbaycan ənənəsinə sadiq qalaraq maksimum ədalətli olmağa çalışır.
Ona görə də “qara qutu”lar açılandan sonra bilinəcək ki, nə üçün təyyarə enə bilməyib? Dəqiq nə vaxt təyyarəyə yerdən atəş açılıb? Nə üçün yaxında olan hava limanlarına təyyarə eniş cəhdi etməyib, daha yaxın Minvod və Mahaçqala hava limanları idi. Təyyarə Aktauya göndərildimi, yoxsa bu, obyektiv seçim idi? Müxtəlif fərziyyələr var. Bəziləri hesab edir ki, təyyarə bilərəkdən yerdəki xidmət tərəfindən, Qroznı tərəfindən göndərildi ki, çünki təyyarə artıq idarəolunmaz vəziyyətdə idi və ehtimal böyük idi ki, təyyarə dənizə düşəcək. Belə olan halda, ört-basdır cəhdləri uğurla nəticələnəcək və dırnaqarası quş versiyası əsas versiya kimi təqdim ediləcək. Bəzi mütəxəssislərin fikirlərinə görə, Aktau ona görə seçilmişdir ki, orada açıq məkandır və yaşayış yerləri hava limanından uzaqdır və təyyarə ekipajı fərz edə bilərdi ki, bu, qəza enişi olacaq və bunun üçün daha uyğun yer seçmişdi. Ancaq digər tərəfdən, yaxın hava limanları olan halda, təyyarə idarəolunmaz vəziyyətdə olan halda daha uzaq məsafəyə, özü də dənizin üzərindən uçmaq daha riskli idi. Yəni, bütün bu suallara hələ ki, cavab yoxdur. Biz Azərbaycan tərəfi və şəxsən mən maksimum ədalətli olmağa çalışırıq. Biz hansısa tam aydın olmayan məsələləri, bu məsələlər aydınlaşmadan bu barədə fikir söyləmək istəmirik. Ancaq açıq-aydın olan məsələlərdə biz tam qətiyyətlə öz fikrimizi deməliyik, deyirik və deyəcəyik. Ölkə rəhbəri qəza baş verən gün hava limanında öz çıxışında söylədi ki, Azərbaycan ictimaiyyəti müntəzəm olaraq bu məsələ ilə, bu istintaqın gedişatı ilə bağlı məlumatlandırılacaq və məlumatlandırılır.
Təhlükəsizlik tədbirləri çərçivəsində AZAL Rusiyanın yeddi şəhərinə uçuşları dayandırıb və Rusiya aviaşirkətlərinin üç şəhərdən Azərbaycana uçuşlarına məhdudiyyət qoyub. Bu qərarlar sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə alınıb.
Prezident İlham Əliyev Qazaxıstanın qəza zamanı göstərdiyi dəstəyi yüksək qiymətləndirərək, Prezident Tokayevə təşəkkür edib. Qazaxıstan xilasedicilərinin və həkimlərinin fəaliyyəti, habelə adi vətəndaşların dəstəyi Azərbaycan xalqının qəlbində dərin iz buraxıb. Bunu sosial medianı izləyəndə də aydın görmək olur.
Prezident İlham Əliyev müsahibədə hadisənin beynəlxalq miqyasda obyektiv araşdırılmasının və günahkarların cəzalandırılmasının vacibliyini vurğuladı. O, Azərbaycan hökumətinin bu məsələdə maksimum ədalətli yanaşma sərgilədiyini və ictimaiyyəti mütəmadi olaraq məlumatlandıracağını bildirdi.
Ölkə rəhbərinin bu hadisəyə reaksiyası həm həmrəylik, həm də milli təhlükəsizlik məsələlərində prinsipial mövqe tutduğunu göstərir.
Pilotlarımızın və qəzada həlak olan sərnişinlərin ailələrinə və yaxınlarına başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq.



www.AzadMedia.az