Trampla jurnalist arasında mübahisə - “Siz dəhşətlisiniz” - Video
ABŞ Prezidenti Donald Trampla “NBC News” telekanalının jurnalisti arasında gərginlik yaşanıb.
“Qafqazinfo” “Fox News”a istinadən xəbər verir ki, hadisə Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Siril Ramafosa ilə Ağ Evdə keçirilən görüş zamanı baş verib.
Belə ki, Tramp görüş zamanı Ramafosa ilə CAR-da ağdərili fermerlərə qarşı soyqırımı ittihamlarını müzakirə edib və ehtimal olunur ki, bu iddiaları sübut edən videolar nümayiş etdirib.
Bundan sonra jurnalistlərə sual verməyə icazə verilib. NBC müxbiri isə Qətər təyyarəsi ilə bağlı sual ünvanlayıb. Amerika lideri jurnalistin Qətərin hədiyyə etdiyi təyyarə ilə bağlı sualına qəzəblənib.
ABŞ lideri müxbir Peter Aleksandra təyyarə ilə bağlı sual verməkdənsə, Cənubi Afrikada ağdərili fermerlərin soyqırımını araşdırmağı tövsiyə edib:
“Bilirsiniz, sizin buradan çıxmağınızın vaxtıdır. Bunun Qətər təyyarəsi ilə nə əlaqəsi var? Biz bir çox başqa məsələlərdən danışırıq və NBC sizin indicə gördüklərinizlə bağlı mövzudan yayınmağa çalışır. Siz dəhşətli bir müxbirsiniz”.
Görüntüləri təqdim edirik: