Menu
Xəbər Lenti
Putinin killer dəstəsi
29-06-2025, 08:43

Putinin killer dəstəsi

Azərbaycan nefti bahalaşıb
27-06-2025, 09:24

Azərbaycan nefti bahalaşıb

Azərbaycanda zəlzələ oldu
27-06-2025, 09:04

Azərbaycanda zəlzələ oldu

01 Tem 12:22Manşet / Gündəm / Sosial

Qələbələrə köklənmiş Azərbaycan Ordusu

Qələbələrə köklənmiş Azərbaycan Ordusu

“Azərbaycan Bayrağı” ordenli polkovnik Elmar Hüseynov: 1993-cü ildən başlayaraq həyata keçirilmiş tədbirlər nəticəsində milli ordu quruculuğumuz keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin dördgünlük Aprel döyüşlərində, 2018-ci ilin mayında Günnüt əməliyyatında, 2020-ci ilin iyulunda Tovuz döyüşlərində, 2020-ci ilin 44 günlük Vətən müharibəsində  hərb tariximizə  şərəfli səhifələr yazdı. 2003-cü il sentyabrın 19-20-də ordumuzun bölmələri Qarabağda kök salmış terrorçu-separatçı qüvvələrə qarşı keçirdikləri lokal antiterror tədbirləri zamanı mülki əhaliyə və infrastruktura heç bir ziyan vermədən Azərbaycanın həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdilər. Bu gün artıq Azərbaycan Ordusu regional təhlükəsizliyin təməl sütunlarından birinə çevrilib.Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra baş vermiş savaşlarda demək olar ki heç bir dövlət tərəfdən tam qələbə əldə edilməyib.

Azərbaycan Vətən Müharibəsi  Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin beynəlxalq məsələlər üzrə müavini, “Azərbaycan Bayrağı” ordenli polkovnik Elmar Hüseynov mövzu ilə bağlı “İki sahil” qəzetinə  açıqlamasında əvvəlcə  ordumuzun keçdiyi yolu vərəqlədi. Bildirdi ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradılıb: “Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal Bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi”.

Müsahibimizin sözlərinə görə, Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda-indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib: “Qısa müddətdə milli ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etdi. 1920-ci ildə Azərbaycan sovet işğalına məruz qaldıqdan sonra hərbi nazirlik ləğv olundu, ordumuzun 15 generalı bolşeviklər tərəfindən güllələndi”.

Polkovnik Elmar Hüseynov daha sonra vurğuladı ki, 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edilib: “Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu.

Yeri gəlmişkən, Ulu Öndərin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra, daha doğrusu, 1993-cü ildən başlayaraq həyata keçirilmiş tədbirlər nəticəsində milli ordu quruculuğumuz keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırılıb.  Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başladığı işlər  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Hətta Müzəffər Ali Baş Komandan Azərbaycan milli hərbi sənaye kompleksini də yaradıb.

2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə Azərbaycan Ordusunun hərbi paradı keçirilib.  2013-cü ildə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyi, 2018-ci ildə 100 illiyi ilə əlaqədar paradlar keçirilib. 2020-ci il dekabrın 10-da isə Vətən müharibəsində qələbəmizə həsr olunmuş Zəfər paradı təşkil olunub. 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradı isə tariximizin unudulmaz hadisəsi kimi xarakterizə etmək olar. Həmin tədbirdə  Prezident İlham Əliyev demişdir: “Xatırlayıram, beş il bundan əvvəl - 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi. Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır”. Bu yerdə Prezidentin bu sözlərini də xatırlatmaq istərdim: “Nə qədər sənin silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əsgərdir, zabitdir”. Yeri gəlmişkən qeyd edək ki,  əsgər və zabitlərimizin hər cür qayğı ilə əhatə olunublar. Şəhidlərimizin ailə üzvləri və sağlamlığını itirən döyüşçülərimiz, müharibə veteranları daima dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır. Məsələn, Vətən müharibəsindən sonrakı dövrdə bu kateqoriyadan olan 131 min şəxsə, ümumilikdə, 380 minə yaxın sosial xidmət göstərilib, şəhid ailələrinin və müharibə əlillərinin müavinət və təqaüdləri orta hesabla 2 dəfəyədək artırılıb. Son beş ildə onlara 6800 mənzil və müharibə əlillərinə isə 567 avtomobil verilib”.

Polkovnik söhbətinin bu məqamında Ulu Öndər Heydər Əliyevin aşağıdakı  sözlərini də xatırlatdı: “Müharibə veteranları millətin qızıl fondudur”. Biz müharibə veteranları daim dövlətimizin, dövlətçiliyimizin yanındayıq. Ordumuzun daha da qüdrətlənməsi məqsədi ilə mütəmadi olaraq hərbi hissələrdə əsgər və zabitlərlə görüşlər keçirir, gənclər arasındə hərbi vətənpərvərliyin yüksəlməsinə çalışırıq”.

Müsahibimizin sözlərinə görə, amma bu, bir həqiqətdir ki, döyüş taktikaları günbəgün sürətlə dəyişir. Odur ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 107 illik tarixə malik rəşadətli Azərbaycan Ordusunun güclənməsi və möhkəmlənməsi davam etdirilməkdədir. Ordumuz NATO standartlarına uyğunlaşdırılmış peşəkar hazırlıq keçməsinə də xüsusi önəm verir. Bu gün Azərbaycanın hərbi texnologiyaları bir çox aparıcı hərbi sənaye sərgilərində təqdim olunur. Bu mənada demək olar ki, Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”