Menu
Xəbər Lenti
33 il tədavüldə...
Dün, 10:01

33 il tədavüldə...

Bu rayonlara leysan yağıb
13-08-2025, 09:16

Bu rayonlara leysan yağıb

Ankarada da zəlzələ oldu
11-08-2025, 09:58

Ankarada da zəlzələ oldu

16 Ağu 10:15Manşet / Gündəm / Siyasət

Alyaskanın ev sahibi Putin, iki böyük qələbə qazanan Putin, razı qalan Tramp… – Beynəlxalq media icmalı

 

ABŞ prezidenti Donald Tramp Rusiya lideri ilə Alyaskada keçirilən görüşdən sonra məyus və yorğun görünürdü. Onun üz ifadəsinə və dediklərinə əsaslansaq, özünün uğurlu hesab edəcəyi heç bir əhəmiyyətli razılaşma əldə edilməyib.
Qaynarinfo xəbər verir ki, bu cümlələri CNN yazıb.
Nəşrin qeyd etdiyi kimi, Trampın hələ də "əhəmiyyətli” məsələlərin həll olunmadığını deməsi Putinin istədiyi ərazilər və atəşkəs kimi mövzularda irəliləyişin olmadığını göstərir. Lakin Rusiya diktatoru nəticədə iki böyük üstünlük qazanıb.
"Birincisi, ABŞ-da qırmızı xalça ilə qarşılanma mənzərəsi müharibə cinayətkarı üçün nüfuzun bərpasının qeyri-adi forması kimi görünür. Bir çox ukraynalılar üçün bu, dəhşətli mənzərə idi, xüsusən də Kremlin başçısı Ukraynanı "qardaş ölkə” adlandırdı, baxmayaraq ki, üç il yarımdır onun dinc əhalisini qətlə yetirir”, – deyə nəşr yazır.
İkincisi, məqalədə qeyd olunur ki, Putin vaxt qazandı.
"Putin qoşunlarının cəbhə xətti boyunca irəliləməsi üçün daha çox vaxt əldə etdi. Trampın yaxın günlərdə əlavə sanksiyalar tətbiq edəcək qədər qəzəbli olub-olmadığı aydın deyil. Lakin Putin tələsmirdi, yeni görüşlər və danışıqların davam etdirilməsini təklif etdi. Vaxt isə böyük əhəmiyyət kəsb edir, çünki Putinin yay hücumu tədricən qazanılan uğurların strateji qələbələrə çevrilməsinə yaxınlaşır”, – analizdə qeyd edilir.
Eyni zamanda CNN bildirir ki, Ukrayna üçün vəziyyət daha pis də ola bilərdi.
"Nəticədə Ukrayna dəyişməyən bir dünyada oyanacaq. Dəhşətli bir dünya, lakin ABŞ və Rusiya arasında qəfil yaxınlaşma və ya udulması lazım olan bir razılaşma olmadan”.
Alyaskanın sahibi - Putin
Rusiya lideri Vladimir Putin Alyaskada ABŞ prezidenti Donald Tramp ilə keçirdiyi mətbuat konfransında özünü sanki vəziyyətin sahibi kimi aparırdı. 
Bu fikri brifinqdə iştirak edən Sky News-un müxbiri Ayvor Bennet səsləndirib.
Bennet bunun onun iştirak etdiyi ən qeyri-adi mətbuat konfranslarından biri olduğunu bildirib.
O, qeyri-adi məqamlardan birinin Trampın mətbuatın heç bir sualına cavab verməməsi olduğunu qeyd edib. Onun sözlərinə görə, yəqin ki, bu, Putinin şərti olub və o, tez-tez belə edir. Bennet həmçinin bildirib ki, rusiyalıların danışıqların altı-yeddi saat davam edəcəyini gözləməsinə baxmayaraq, görüş "daha tez başa çatdı”.
O, xüsusilə maraqlı hesab etdiyi bir məqamı da vurğulayıb – mətbuat konfransında ilk çıxışı Putin etdi, "sanki aparıcı o idi”.
"O, Donaldı qonşu kimi qarşıladığını dedi, – yenə də göstərirdi ki, burada əsas söz sahibi odur, qərarları o verir”, – deyə Bennet bildirib.
O, həmçinin vurğulayıb ki, görüşün əsas şüarı "sülhə can atmaq” idi, halbuki əslində Putin ABŞ-la ikitərəfli münasibətləri yaxşılaşdırmağa çalışır.
Putinin Ukrayna münaqişəsinin "əsas səbəbləri”ni xatırlatması isə onun "dəbdə olan ifadəsi”dir. Bu ifadə hələ də Rusiyanın qırmızı xətlərinin dəyişmədiyini nəzərdə tutur – NATO-nun şərqə doğru genişlənməsini istəmir və Ukraynanın daimi neytrallığa razılaşmasını istəyir. Bennetin qənaətinə görə, Vladimir Putin heç bir güzəştə getməyib, baxmayaraq ki, Donald Tramp bir çox məqamların razılaşdırıldığını bəyan edib.
Putinə Melaniyadan şəxsi məktub 
ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melania Tramp Vladimir Putinə şəxsi məktub yazıb. Məktubda Ukrayna və Rusiyadakı uşaqların ağır vəziyyəti məsələsi qaldırılıb. 
Bu barədə Reuters, Ağ Evin iki nümayəndəsinə istinadla xəbər 
verir.
Məlumata görə, Tramp məktubu Alyaskada keçirilən danışıqlar zamanı şəxsən Putinə təqdim edib.
"Rəsmi şəxslər məktubun məzmununu açıqlamırlar, yalnız Ukraynada müharibə nəticəsində uşaqların qaçırılması məsələsinin qeyd olunduğunu bildirirlər”, – deyə Reuters yazır.
 
Bundan əvvəl "The Times” yazmışdı ki, Rusiya Ukraynanın işğal olunmuş ərazilərindən qaçırdığı uşaqlardan öz xalqına qarşı döyüşlərdə istifadə edir. 2014-cü ildən bəri 35 mindən çox uşaq zorla aparılıb, onların çoxu 18 yaşına çatdıqdan sonra Rusiya ordusuna cəlb olunur.
Putinlə görüşdən sonra Tramp bəyan etdi ki, Zelenskiyə saziş bağlamağı məsləhət görəcək, amma təfərrüatları açıqlamadı. O əlavə etdi ki, yaxın zamanda onun iştirakı ilə Zelenski və Putin arasında görüş təşkil oluna bilər.
Razılaşma yoxdur, amma irəliləyiş var
ABŞ prezidenti Donald Tramp Alyaskada Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra hazırda heç bir razılaşma olmadığını açıqladı. 
Bunu o, Ankoricdə (Alyaska) Putinin iştirakı ilə keçirilən birgə mətbuat konfransında bildirib.
"Mən inanıram ki, çox məhsuldar görüşümüz oldu. Bir çox məqamlar var ki, onların üzərində razılaşdıq. Mən deyərdim ki, bir neçə vacib məqam var ki, onları hələ tam reallaşdıra bilməmişik, amma müəyyən irəliləyişə nail olduq. Buna görə də razılaşma yoxdur, ta ki, o əldə olunana qədər”, – Tramp vurğulayıb.
ABŞ prezidenti bildirib ki, görüş haqqında zəruri hesab etdiyi digər liderlərə, o cümlədən Ukrayna prezidenti Vladimir Zelenskiyə və NATO nümayəndələrinə məlumat verəcək. Tramp əlavə detalları açıqlamayıb.
Görüşdəki razılaşmalar 0, razılıq 10 bal
ABŞ prezidenti Donald Trampdan Vladimir Putinlə görüşü necə qiymətləndirdiyi soruşulanda, o, sammitin "şəraitə baxmayaraq, təəccüblü dərəcədə yaxşı keçdiyini” və "çox yaxşı görüş” olduğunu deyib.
"Fox News”a müsahibəsində Tramp görüşü "10 ballıq” dəyərləndirib, baxmayaraq ki, əvvəlcə jurnalistlərə "əgər bu gün atəşkəs əldə olunmasa, narazı qalacağını” demişdi.
"Məncə, görüş 10 ballıq idi, çünki biz çox yaxşı anlaşdıq. Bu yaxşıdır ki, iki böyük dövlət – xüsusən də nüvə gücləri – yola gedə bilirlər. Bilirsiniz, biz dünyada birinciyik, onlar ikinci. Bu çox vacibdir. Bu çox vacibdir”, – Tramp bildirib.
O əlavə edib ki, Alyaskada keçirilən görüşdə vacib məsələlər üzrə razılaşma əldə olunmayıb.
Tramp bildirib ki, "bir və ya iki əhəmiyyətli məsələ” var ki, onlar üzrə Putinlə anlaşa bilməyib.
Eyni zamanda Tramp detalları açıqlamaqdan imtina edib.
Alpər