Menu
Xəbər Lenti
XALQIN ADAMI
Dün, 10:56

XALQIN ADAMI

Bir dəqiqəlik sükut...
20-01-2026, 09:21

Bir dəqiqəlik sükut...

24 Ock 16:26Manşet / Gündəm / Cəmiyyət

Şəhidlik zirvəsi “Qarabağ” ordenli şəhidimiz Nəcəf Şikar oğlu Şikarov

 

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin şanlı zabiti, ziyalı,alicənab,vətəninə və dövlətinə sadiq Şikarovlar nəslinin mərd,igid oğullarından “Qarabağ” ordenli şəhid kapitan Nəcəf Şikar oğlu Şikarovun doğum günüdür. Bu tarix təkcə bir ömür yolunun başlanğıcı deyil, həm də Vətənə sədaqətin, zabit ləyaqətinin və əbədiyyətə qovuşmuş qəhrəmanlığın xatirə günüdür.


Nəcəf Şikarovun həyatı nizam-intizam, vətənpərvərlik və hərbi peşəyə dərin bağlılıq nümunəsi idi. O, 1992–1999-cu illərdə Bakı şəhəri Xətai rayonundakı 24 saylı tam orta məktəbdə təhsil alıb. Erkən yaşlarından məsuliyyətli, məqsədyönlü və iradəli olması müəllimlərinin və sinif yoldaşlarının yaddaşında qalıb. 1999–2002-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsilini davam etdirən Nəcəf, zabit olmaq arzusunu artıq şüurlu seçimə çevirmişdi. Bu seçim təsadüfi deyildi: onun atası, polkovnik Şikar Şikarov I Qarabağ müharibəsinin qazisi idi və ailədə Vətənə xidmət ali dəyər kimi aşılanırdı.


2002–2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (hazırda Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitut) ali hərbi təhsil alan Nəcəf Şikarov peşəkar zabit kimi formalaşdı. O, 2007-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmətə başladı və illər boyu xidmətini şərəflə, vicdanla yerinə yetirdi. Həm döyüş hazırlığı, həm də şəxsi heyətlə iş sahəsində nümunəvi zabit kimi tanındı.


2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi Nəcəf Şikarovun zabit ömrünün ən məsuliyyətli, ən şərəfli sınağı oldu. Şanlı Ordumuzun kapitanı kimi o, Füzuli və Xocavənd istiqamətlərində gedən ağır döyüşlərdə ön xətdə iştirak etdi, qarşıya qoyulan döyüş tapşırıqlarını peşəkarlıqla və fədakarlıqla yerinə yetirdi. Döyüş yoldaşlarının xatirələrində Nəcəf kapitan cəsarətli, soyuqqanlı, əsgərinin arxasında dayanan, təhlükə qarşısında geri çəkilməyən bir komandir kimi yaşayır. O, Vətən uğrunda canını fəda edərək qəhrəmancasına şəhid oldu və adını Azərbaycan hərb tarixinin qürur səhifələrinə yazdırdı.


Şəhid kapitan Nəcəf Şikarov II Fəxri Xiyabanda torpağa tapşırılıb. Onun ailəsinə iki qız övladı – Zinyət və Zəhra yadigar qalıb. Bu iki ad bu gün həm ata xatirəsinin, həm də xalqın şəhidinə olan borcunun simvoludur.


Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 09 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Nəcəf Şikarov Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində göstərdiyi xüsusi xidmətlərə, döyüş tapşırıqlarını yerinə yetirərkən nümayiş etdirdiyi igidlik və mərdliyə görə yüksək “Qarabağ” ordeni ilə təltif olunub. Bundan əlavə, o, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.


Şəhid zabitimiz müharibədən öncəki xidmət illərində də dövlət tərəfindən yüksək qiymətləndirilmiş, “Azərbaycan Silahlı Qüvvələrinin 90, 95 və 100 illiyi” yubiley medalları, eləcə də III dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilmişdi. Bu mükafatlar onun peşəkar, intizamlı və vicdanlı hərbi qulluqçu olduğunun təsdiqidir.


Bu gün Nəcəf Şikarovun doğum günündə onun xatirəsi ehtiramla anılır. O, yalnız ailəsinin deyil, bütöv Azərbaycanın oğludur. Onun yarımçıq qalan ömrü Vətənin bütövlüyü ilə tamamlandı. Şəhid kapitan Nəcəf Şikarovun adı yaşadıqca, bu torpaq üzərində azadlıq, qürur və əmin-amanlıq da yaşayacaq.


Ruhu şad olsun əziz qardaşımız,vətənin Səninlə fəxr edir


 

 

Nəbizadə Könül Faxrəddin qızı

Vətənpərvərlik işində xidmətlərə görə medalla təltif edilmiş

Vətən naminə medalə ilə təltif edilmiş