Qobu kəndində Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş “Çingiz Parkı” açıldı

Xezertv.info xəbər verir ki, Abşeron rayonunun qədim və təbiət gözəllikləri ilə zəngin Qobu kəndində uzun illər boyu böyük hörmət və ehtiramla yad edilən Azərbaycanın Milli Qəhrəmanı, şəhid-jurnalist Çingiz Mustafayevin xatirəsinə həsr olunmuş “İstirahət, idman və əyləncə parkı”nın açılışına həsr olunmuş möhtəşəm bir mərasim keçirildi. Parkın səliqəsi, müasirliyi və eyni zamanda milli ruhu əks etdirən tərtibatı ziyarətçilərdə dərin bir qürur hissi yaratdı.
Parkın mərkəzində ucalan Azərbaycan Respublikasının Dövlət bayrağı, günəş şüaları altında parlayan və vətəndaşlarda qürur hissi oyadan Çingiz Mustafayevin büstü bu məkanı təkcə bir istirahət yeri deyil, həm də milli yaddaş və qəhrəmanlıq simvolu kimi təqdim edirdi. Hər bir ziyarətçi buraya daxil olduqca qəhrəmanın xatirəsini daha canlı hiss edir, onun cəsarəti və vətənpərvərliyi ilə qəlbən tanış olurdu.
Parkın dizaynı və təbiət ab-havası ziyarətçilərin gözlərini və ruhunu oxşayırdı. Həmişəyaşıl ağacların sıraları arasında gəzən külək, dekorativ güllərin ətri ilə qarışaraq insanı sakitlik və sükunət dünyasına aparırdı. Uşaqlar üçün rəngarəng və təhlükəsiz əyləncə meydançaları, mini-futbol meydanı, açıq hava konsert zalı, böyük şahmat fiqurlarının yerləşdiyi meydança, müasir idman qurğuları və müxtəlif bufetlər parkı həm istirahət, həm də aktiv həyat tərzi üçün ideal məkan halına gətirirdi. Parkda hər bir detal ziyarətçilərin rahatlığı, istirahəti və əyləncəsi üçün incəliklə düşünülmüşdü.
Açılış mərasiminə kəndin ağsaqqalları, müharibə veteranları, şəhidin ailə üzvləri və yaxın dostları ilə yanaşı, geniş ictimaiyyət nümayəndələri də qatılmış, hər kəs bu xüsusi günü böyük coşqu və hörmət hissi ilə qarşılamışdı. Qonaqlar parkın hər guşəsində yaradılmış şəraitlə yaxından tanış olmuş, görülmüş işlərin keyfiyyəti və incəliyi qarşısında heyranlıqlarını gizlətməmişdilər.
Parkı inşa edən VMF Holdinq və ANS Şirkətlər Qrupunun rəhbəri, Milli Qəhrəmanın qardaşı Vahid Mustafayev çıxış edərək parkın yaradılmasının ideyası, gələcəkdə burada keçiriləcək tədbirlər və digər layihələr barədə qonaqlara geniş məlumat verdi. O, xüsusilə vurğuladı ki, Çingiz Parkı yalnız istirahət və əyləncə məkanı deyil, eyni zamanda gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyə olunacağı bir məkandır.
Həmçinin şəhidin yaxın dostu, tanınmış bəstəkar-şair Rasim Müzəffərli 29 avqust 2026-cı il tarixində Çingiz Mustafayevin əziz xatirəsinə həsr olunmuş konsertin keçiriləcəyini elan edərək tədbir iştirakçılarına gələcəkdə parkda gözlənilən mədəni və ictimai fəaliyyətlərin zənginliyindən xəbər verdi.
Tədbirdə iştirak edən din xadimləri mərasimi mənəvi zənginliklə tamamlayaraq, şəhidin ruhuna dualar oxudular. Onların səmimi sözləri, ürəklərə toxunan dua və xatirə anları parkın əzəmətini daha da vurğuladı.
Beləcə, Çingiz Parkı yalnız Qobu kəndinin yeni simvolu deyil, həm də Azərbaycanın qəhrəman övladlarının xatirəsini yaşadan, vətənpərvərlik, birlik və qürur hissini təcəssüm etdirən əbədilik məkanına çevrildi. Bu park gələcək nəsillər üçün həm estetik zövq, həm idman və əyləncə, həm də milli yaddaşla bağlı dərs mənbəyi olacaq.






Fərid Faiqoğlu
AJB-nin üzvü






















































