Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
Mehriban Əliyeva: "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır"
İlham Əliyev: "Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı"
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Rasim Balayev vəfat etdi
Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev vəfat edib.
“Qafqazinfo” Bakupost.az-a istinadən xəbər verir ki, aktyor İstanbulda yerləşən “Memorial” xəstəxanasında dünyasını dəyişib.
Məlumata görə, Rasim Balayev bir müddətdir səhhətində yaranan problemlərlə əlaqədar müalicə alırdı. O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi.
***
Aktyorun oğlu Asim Balayev xəbəri saytımıza təsdiq edib.
Hazırda Türkiyədə olan A. Balayev aktyorun nəşinin Azərbaycana nə vaxt gətiriləcəyi barədə hələlik heç bir məlumatın olmadığını bildirib.
Qeyd edək ki, Rasim Balayev 1948-ci ildə anadan olub və uzun illər Azərbaycan teatr səhnəsində və kinematoqrafiyada fəaliyyət göstərib.
Aktyor “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərində yaratdığı obrazlarla tamaşçıların sevgisini qazanıb.
***
Mədəniyyət Nazirliyi Rasim Balayevin vəfatı ilə bağlı məlumat yayıb:
“Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, görkəmli aktyor, Xalq artisti Rasim Balayev vəfat edib.
Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli kino aktyoru, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri, Dövlət Mükafatı laureatı, Prezidentin fərdi təqaüdçüsü, Xalq artisti Rasim Balayev 29 mart 2026-cı il tarixində, ömrünün 77-ci ilində müalicə olunduğu Türkiyənin İstanbul şəhərində vəfat edib.
Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.
Rasim Balayev 1972-ci ildə “Azərbaycanfilm” kinostudiyasında aktyor kimi fəaliyyətə başlayıb.
İlk dəfə “Ulduzlar sönmür” filmində çəkilən aktyor sonradan “Nəsimi”, “Babək”, “Dədə Qorqud”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı”, “Cavid ömrü” və s. filmlərdə yaratdığı obrazlarla tamaşaçıların rəğbətini qazanıb. O, eyni zamanda onlarla filmdə obrazları səsləndirib.
Rasim Balayevin sənət şöhrəti ölkəmizin hüdudlarını aşıb. Aktyor “Özbəkfilm”, “Mosfilm” və başqa studiyalarda da filmlərə çəkilib.
İctimai xadim kimi də tanınan sənətkar
1990-2013-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi vəzifəsində çalışıb. 2022-ci ildən Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri idi.
Rasim Balayevin Azərbaycan kinosunun inkişafına verdiyi töhfələr dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib.
1976-cı ildə “Əməkdar artist”, 1982-ci ildə “Xalq artisti” fəxri adlarına, 1986-cı ildə isə respublikanın Dövlət Mükafatına layiq görülüb. Aktyor həmçinin 1998-ci ildə “Şöhrət”, 2018-ci ildə “Şərəf”, 2023-cü ildə “İstiqlal” ordenləri ilə təltif olunub. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Rasim Balayevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin”.






















































