Trampa sui-qəsd cəhdinə rəğmən - 35 illik təhlükəsizlik siyasətini yeniləməyiblər
ABŞ-də 2024-cü ildə Prezident Donald Trampa qarşı həyata keçirilən sui-qəsd cəhdindən sonra təhlükəsizlik sahəsində ciddi suallar yaranmasına baxmayaraq, Gizli Xidmətin bəzi mühafizə siyasətlərini uzun illərdir yeniləmədiyi məlum olub.
“Qafqazinfo”nun məlumatına görə, ABŞ Hökumətinin Hesabatlılıq Ofisinin dərc etdiyi hesabatda bildirilir ki, agentlik 1991-ci ildən bəri prezidentin və xaricə səfər edən digər yüksəkvəzifəli şəxslərin mühafizəsi ilə bağlı bəzi protokollarını dəyişməyib.
Məsələ Prezident Donald Trampın Türkiyədə keçirilən NATO sammitindən qayıtdıqdan sonra təhlükəsizlik səbəbindən təyyarəsini dəyişməli olması ilə yenidən gündəmə gəlib. Konqresin araşdırması zamanı Gizli Xidmətin zəruri yeniləmələri həyata keçirmədiyi, həmçinin illər ərzində dron təhlükəsinə qarşı köhnəlmiş üsullardan istifadə etdiyi müəyyənləşdirilib.
ABŞ mediası qeyd edir ki, nəzarət orqanının açıqladığı nəticələr Trampa qarşı 2024-cü ildəki sui-qəsd cəhdinin qarşısının alınması zamanı təhlükəsizlik qruplarının fəaliyyətinin araşdırıldığı bir vaxta təsadüf edir.
Hesabata əsasən, Gizli Xidmət 2015-2025-ci illərdə normal mühafizə fəaliyyətini pozan 83 hadisəni araşdırıb. Bu hadisələrin yalnız 25-dən sonra yaranan ehtiyaclar nəzərə alınaraq müvafiq təhlükəsizlik siyasətlərində dəyişiklik edilib.
Hesabatda vurğulanır ki, bir çox hallarda xidmət baş verən təhlükəsizlik hadisələrindən sonra mühafizə siyasətlərini yeniləməyib. Üstəlik, mövcud qaydalar əməkdaşlardan belə hallarda əvvəlki prosedurları dəyişməmək qərarının səbəblərini sənədləşdirməyi tələb etmir. Bu isə siyasətlərin yenilənməsi ilə bağlı qərarlar qəbul edilərkən xidmətin tam məlumata malik olmamasına səbəb olur.
Bundan başqa, Gizli Xidmət yeni prosedurlar qüvvəyə mindikdən sonra dörd il ərzində onların nəzərdən keçirilməsini tələb edən öz daxili qaydasını da tətbiq etməyib.
Ötən həftə Hesabatlılıq Ofisi xidmətin sözçüsünü və daha iki vəzifəli şəxsi “qanun pozuntusu ilə bağlı araşdırmanın bir hissəsi olaraq” inzibati məzuniyyətə göndərib.




















































