Menu
Xəbər Lenti
“Atasının oğlu”
24-12-2024, 11:12

“Atasının oğlu”

Naxçıvanda 7° şaxta var
23-12-2024, 06:41

Naxçıvanda 7° şaxta var

Bayramov Serbiyaya getdi
23-12-2024, 06:29

Bayramov Serbiyaya getdi

Direktor işdən çıxarıldı
22-12-2024, 09:25

Direktor işdən çıxarıldı

20 Ekm 17:51Manşet / Siyasət

Prezidentlər “Dost Aqropark”ın açılışına qatıldı

Prezidentlər “Dost Aqropark”ın açılışına qatıldı


Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak ediblər.

Dövlət başçılarına kompleks barədə məlumat verilib.

Sonra konsert proqramı təqdim olunub.

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tədbirdə çıxış ediblər.

***

Dövlət başçılarına kompleks barədə məlumat verildi.

Bildirildi ki, layihənin birinci mərhələsində inzibati binalar, 5200 kvadratmetrlik qapalı, 113 min kvadratmetrlik açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, üzgüçülük hovuzu, xidməti heyətin yaşayışı üçün binalar tikilib. Kompleksə 3500 baş cins qaramal gətirilib və əkinçilik məhsullarının istehsalı həyata keçirilib. Hər iki prezidentin iştirakı ilə ötən il əkin aparılan buğda və arpanın biçini başa çatdırılıb.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan “Dost Aqropark”ın bölgəyə gətirdiyi, otlaqlarda bəslənərək yetişdirilən və kəsimi aparılmış ət məhsullarının paketlərinin üzərinə “Made in Karabağ” etiketlərinin ilk nümunələrini vurdular.

Dövlət başçıları “Dost Aqropark”ın nəzdində yaradılan Zəngəzur Ağır Atletika Klubunun açılışında da iştirak etdilər. Açılış mərasimində Türkiyənin və Azərbaycanın ağır atletika üzrə milli komandalarının üzvləri, klubun həvəskar idmançıları prezidentlərlə söhbət etdilər.

Məlumat verildi ki, “Dost Aqropark”ın ikinci və üçüncü mərhələləri üzrə işlər də sürətlə davam etdiriləcək. Layihənin bütün mərhələlərinin başa çatdırılması nəticəsində 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan anbar inşa ediləcək. Kompleks, həmçinin bölgənin toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına tələbatını ödəyəcək. Qarabağda istehsal olunan məhsulların “Made in Karabağ” brendi ilə dünya bazarına çıxarılması üçün “Aqro Market” də qurulacaq.

Qeyd edək ki, “Dost Aqropark” türk və azərbaycanlı sərmayədarlar tərəfindən Qarabağ və Zəngəzur bölgələrində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksidir. Üç mərhələdə həyata keçirilən layihənin təməli 2021-ci il oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Ötən bir il ərzində “Dost Aqropark”da birinci mərhələ üzrə görüləcək bütün işlər başa çatdırılıb.

Ağıllı kənd təsərrüfatı texnologiyalarının, sıfır tullantı, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinin tətbiq olunacağı “Dost Aqropark” ətraf mühitin və təbiətin mühafizəsi ilə yanaşı, halal qida prinsipi ilə fəaliyyət göstərəcək. Layihə tam başa çatdırıldıqda kompleksdə 500 nəfər işlə təmin olunacaq. Burada ekosistemin yaradılması üçün ümumilikdə 100 milyon dollar dəyərində sərmayə qoyulacaq. Kompleks Azərbaycanın və Türkiyənin enerji təhlükəsizliyinə mühüm töhfə verəcək.

***

Sonra konsert proqramı təqdim edildi və kompleks barədə videoçarx nümayiş olundu.

***

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə çıxış etdilər.

Prezident İlham Əliyev dedi:

- Bu gün Zəngilan rayonunun tarixində unudulmaz bir gündür. Qardaş ölkənin sayın Cümhurbaşqanı, qardaşım Rəcəb Tayyib Ərdoğan Zəngilana təşrif buyurub. Bu, bizim üçün böyük bayramdır, bütün Azərbaycan xalqı üçün böyük bayramdır.

Əziz qardaşımı və onunla bərabər Azərbaycana gəlmiş bütün türk bacı-qardaşlarımızı səmimiyyətlə salamlayıram, “Xoş gəlmisiniz!” deyirəm. Biz düz bir il bundan əvvəl, bax, burada idik, o zaman bura boş sahə idi, heç nə yox idi. Burada “Aqropark”ın təməlini qoyduq. Bu gün artıq burada görülən işlərlə tanış olarkən bir daha gördük ki, Türkiyə-Azərbaycan birliyi, dostluğu hər bir sahədə özünü göstərir və hər bir sahədə gözəl nəticələr verir.

Burada qeyd olundu ki, bu gün Zəngilan üçün xüsusi bir gündür. Düz iki il bundan əvvəl oktyabrın 20-də Zəngilan şəhəri şanlı Azərbaycan Ordusu tərəfindən işğalçılardan azad edilmişdir. Zəngilanın 27 illik işğalı sona çatmışdır. Məhz bu gündə Zəngilanda olmağınız, əziz qardaşımla bərabər Zəngilan Hava Limanının və bu “Aqropark”ın açılışını etməyimiz, əlbəttə ki, xüsusi məna daşıyır. Bu “Aqropark”ın yaradılmasında əməyi olan hər bir kəsə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Burada qeyd olundu ki, bu, birinci özəl sərmayədir. Artıq bu “Aqropark”ın genişləndirilməsi və digər rayonlarda bu kimi aqroparkların yaradılması bu gün də müzakirə edilmişdir. Xeyirli olsun, uğurlu olsun!

***

Prezident Rəcəb Tayyib Ərdoğan dedi:

- Hörmətli qardaşım İlham Əliyev ilə birlikdə bir il əvvəl burada bu “Aqropark”ın təməlini qoymuşduq. İndi qardaşımla birlikdə görülən işləri, qoyulan sərmayəni bu gün birlikdə gözlərimizlə gördük. İndiyədək təxminən 3 min baş cins qaramalın buraya gətirilməsini və bunun, İnşallah, hədəf olaraq 10 min başa çatdırılmasını, haradan-haraya deyərək müəyyən etdik.

Müharibəni görmüş və bu müharibə nəticəsində insanların yaşayışı üçün tamamilə yararsız hala salınmış bu yerlər indi bərəkətli torpaqlara çevrilib. Gələrkən İlham qardaşımla bu barədə danışdıq, indi qısa vaxtda – iki-iki il yarım ərzində su anbarını da inşa edəcəyik dedi. Bu anbar sayəsində buralar daha bərəkətli torpaqlara çevriləcək. Bu bərəkətli torpaqlarda, İnşallah, heyvandarlıqla yanaşı, buğda, qarğıdalı, arpa yetişdiriləcək.

Səhv etmirəmsə, Yunus Əmrə şeirlərinin birində yazırdı ki, Allah bir buğda dənəsindən, bir sünbüldən yüz minlərlə dənə yaradır. İndi burada da bunun bənzərini görəcəyik. Bu sünbüllər, İnşallah, dənələrə çevriləcək və buradan Azərbaycana, Türkiyəyə və bütün dünyaya göndəriləcək. Bunu unutmayaq, artıq heyvandarlığın, kənd təsərrüfatının dünyada mühüm yer tutmalı olduğu bir zamana giririk. Əminəm ki, İlham qardaşım bu sahədə çox önəmli bir addım atır, bunu reallaşdırır. Bura artıq bir taxıl anbarı, heyvandarlıq baxımından bir bərəkət tarlası və bir çox ölkənin də, İnşallah, qapısını döyəcəyi bölgəyə çevriləcək.

Mən başda İlham qardaşım olmaqla “Dost Aqropark”ın rəhbərlərinə çox-çox təşəkkür edirəm, onları təbrik edirəm.

İnşallah, bu torpaqların bərəkətli torpaqlar olaraq əbədi qalmasını diləyirəm.

***

Daha sonra dövlət başçıları “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışını bildirən lenti kəsdilər.