Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

11 Ara 09:33Manşet / Siyasət

12 dekabr xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür.

12  dekabr xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür.

Tarixin yaratdığı elə şəxsiyyətlər olur ki, onlar həyat və fəaliyyətləri ilə dövlətin inkişaf yolunu müəyyənləşdirir, mənsub olduğu xalqın, millətin tarixini yazırlar. Belə nadir şəxsiyyətlərdən biri də görkəmli siyasi və dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu öndər titanik fəaliyyəti, dərin zəkası və dövlətçilik sahəsindəki zəngin təcrübəsi ilə dünya səviyyəli nəhəng siyasət adamı kimi məşhurlaşmışdır. Məhz onun adı Azərbaycan xalqının rəmzinə çevrilmiş, keçdiyi şərəfli və mənalı ömür yolu nəsillərə örnək olmuşdur.
Xalqımızın böyük oğlu, görkəmli siyasətçi respublika rəhbərliyinə gəlişi ilə Azərbaycanda milli intibahın, sosial tərəqqinin, mənəvi yüksəlişin əsasını müəyyənləşdirmişdir. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi respublikamızın tarixində yeni siyasi mərhələnin başlanğıcı olmuşdur. Ulu öndər ali kürsüyə yüksəldiyi ilk gündən bütün varlığı ilə sevdiyi xalqının intibahı və xoşbəxt gələcəyi naminə böyük fədakarlıqlar göstərmişdir.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib.
O, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.
Heydər Əliyev böyük tarixi şəxsiyyətdir. Müstəqil Azərbaycanın qurucusudur, onun banisidir. Azərbaycan 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində dövlət müstəqilliyinə qovuşmuşdur. Ancaq 1993-cü ilə qədər Azərbaycanı müstəqil dövlət saymaq düzgün olmazdı. Müstəqil dövlətin bir neçə əlaməti vardır ki, onların heç biri Azərbaycanda yox idi.
Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.
Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.
Qalib Azərbaycanın bu günkü qüdrəti və inkişafı ulu öndər Heydər Əliyevin sarsılmaz polad iradəsi, qətiyyətli fədakar əməyi, düşünülmüş və məqsədyönlü siyasətinin məntiqi nəticəsidir.
Bu siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev müasir tariximizin şanlı və qürurverici səhifəsi olan Vətən müharibəsi zamanı qazandığımız tarixi Zəfərlə bir daha bütün dünyaya böyük cəsarət və mübarizliklə sübut etdi. Döyüşlərin getdiyi 44 gün ərzində cənab İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsini sərgilədi, informasiya müharibəsində Azərbaycan haqq səsini bütün dünyaya yaydı, bütün təzyiqlərə cəsarətlə sinə gərərək öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik, müdriklik rəmzinə çevrildi.
Bu gün Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və onun ən yaxın silahdaşı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətdə əldə etdiyi hər bir uğur dahi öndərin dərin zəkasının, uzaqgörən və düşünülmüş siyasətinin təntənəsidir.
12 dekabr - xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir.
Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.
Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.
Həmin gündən dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür.
Allah rəhmət eləsin!