Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

14 Ara 02:55Mədəniyyət

30 il təhsilin xidmətində

"Təhsil" nəşriyyatı yarandığı gündən kitab xəzinəsinə dəyərli töhfələr verir



Keçmiş SSRİ-nin süqutu, əldə etdiyimiz müstəqillik ölkəmizdə demokratikləşməyə, iqtisadi yüksəliş və sosial inkişafa şərait yaratdı. Yaranmış bu yeni, əlverişli şərait kitab nəşrinə də öz təsirini göstərdi.
Milli müstəqillik və özünüdərkin müstəsna əhəmiyyət kəsb etdiyi tarixi məqamda kitab nəşri, təbliği və yayılması daha böyük vüsət aldı. Müstəqilliyini bərpa etmiş Azərbaycan ilk dövrdə sovet sistemi və nomenklaturasının formalaşdırdığı tədris ədəbiyyatı nəşriyyat sahəsində yeni çağırışlarla nəinki ayaqlaşa bilmirdi, hətta bir çox sahələrdə, xüsusilə humanitar sahədə köklü dəyişikliklər tələb edirdi.
70 il ərzində saxtalaşdırılmış və ya ümumiyyətlə, işıq üzü görməmiş ölkə həqiqətləri həqiqət aclığı yaşayan cəmiyyətə, topluma təqdim edilməli idi. Nəsillərarası biliklərin transformasiyasında effektiv, sistemli keçid yaradılması zərurəti yaranmışdı.
Azərbaycan müstəqillik əldə etdikdən sonra bir çox sahədə olduğu kimi, təhsil sahəsində də islahatlara başlanılmışdı. Çünki bu dövrdə orta məktəblərdə istifadə olunan dərsliklər həm mənəvi, həm də tematika baxımından yararsız hala düşmüşdü. Əlifbanın dəyişdirilməsi və milli təhsil quruculuğu yeni dərsliklərin tərtib olunub yeni qrafika ilə nəşr edilməsi zərurətini gündəmə gətirmişdi.
Bununla bağlı Təhsil Nazirliyi tərəfindən "Təhsil" nəşriyyatı (əvvəl "Öyrətmən" adlanırdı) təsis olundu. Bu o vaxta təsadüf edirdi ki, ölkənin ən nüfuzlu nəşriyyatları artıq öz işlərini davam etdirə bilmir, süquta uğrayır və tədricən sıradan çıxırdı. Məlumdur ki, kitabın istehsalı böyük zəhmət tələb edən mürəkkəb prosesdir.
Azərbaycanın tanınmış naşiri, publisist və Əməkdar mədəniyyət işçisi Bəhruz Axundov kitabı sevən, ona dəyər verən şəxsiyyətlərdən biri olmuşdur. Məhz bu fitri qabiliyyətinə görə o, 1992-ci ildə yaranan "Öyrətmən" nəşriyyatına direktor təyin edilir. Bu, müstəqillik dövrünün dövlət qərarı ilə təsdiqlənən ilk nəşriyyatı idi. Bəhruz Axundov çox böyük şövqlə, tükənməz enerji ilə işə başlayır. Hər şeydən əvvəl təcrübəli nəşriyyat işçilərini ətrafına toplayır, redaksiyalar yaradır: "Humanitar ədəbiyyatlar redaksiyası" (müdir: Zeynalova Məsudə Əvəz qızı); "Dəqiq və texniki ədəbiyyatlar redaksiyası"; "Xarici dil və tərcümə redaksiyası" (müdir: Əzizova Elşadə Fərman qızı); "İctimai ədəbiyyat redaksiyası" (müdir: Əliyev Nihad Məmmədbağır oğlu); "İctimai fənlər ədəbiyyatı redaksiyası" (müdir: Cərullayev Şərbət Qardaşalı oğlu); "Sifariş ədəbiyyatı redaksiyası".
Nəşriyyat işinə Azərbaycan Respublikası Xalq Təhsil Nazirliyinin Bakı Dövlət Universitetinin yaxınlığında Şəhriyar küçəsi, 6-da yerləşən mətbəəsinin iki kiçik otağından başlayır. Bu kiçik otaqlarda cəmi 7-8 nəfər redaktor çalışırdı.
Nəşriyyatın redaktoru Elşadə Əzizova Bəhruz müəllimlə bağlı xatirələrində yazır: "Çox həyəcanlı günlər idi. Bəhruz müəllim də bizimlə bərabər, gününü, demək olar ki, o kiçik otaqlarda keçirirdi. Gərgin iş məqamında bir də görürdün qapı açılırdı və o, içəri daxil olurdu. Mən nəşriyyatda xarici dillər və tərcümə redaksiyasında çıxan dərsliklərə cavabdeh idim, Məsudə xanım Əvəzqızı - ədəbiyyat dərsliklərinə və s. Gecə saat 12-dən tez oradan çıxmırdıq. Qarşımızda mühüm bir vəzifə dururdu - milli dərsliklərimizin nəşr edilməsi".
Müstəqillik dövründə qarşıda böyük problem vardı: nəşriyyat və poliqrafiya müəssisələrinin, kitab ticarəti müəssisələrinin özəlləşdirilməsi və latın qrafikasının bütün dövlət idarə, müəssisə və təşkilatlarında, kitab nəşrində tətbiqi kitab və kitabçılıq işində böyükmiqyaslı işlərin həyata keçirilməsini tələb edirdi.
Bu, xüsusilə XX əsrin 90-cı illərinin axırlarına qədər böhranlı vəziyyət kimi özünü göstərir. Amma Ümummilli Lider Heydər Əliyevin 1998-ci il avqust ayının 6-da "Mətbuata senzura nəzarətinin ləğvi" haqqında verdiyi sərəncam, "Nəşriyyat işi" haqqında qanunun (30 may 2000-ci il) imzalanması, yenə də Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının İnformasiya Nazirliyi sistemindəki poliqrafiya müəssisələrinin, nəşriyyatların özəlləşdirilməsi haqqındakı sərəncamları (mart 2000-ci il), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il yanvar ayının 12-də "Kütləvi nəşrlərin latın qrafikası ilə nəşri" haqqında sərəncamı respublikada nəşriyyat işinin, o cümlədən nəşriyyatların fəaliyyətlərinin genişləndirilməsinə güclü təsir göstərdi.
Beləliklə, Bəhruz Axundov 2007-ci ildən etibarən özəlləşmədən sonra "Öyrətmən" nəşriyyatını "Təhsil" adı ilə yenidən qurur. Nəşriyyat Bakı şəhəri Nərimanov rayonu, F.Xoyski küçəsi, 149 ünvanında fəaliyyətə başlayır və Bəhruz Axundov direktor olaraq təkcə nəşriyyatın kollektivinə qarşı yox, özünə qarşı da çox tələbkar şəxs kimi öhdəsinə götürdüyü hər bir sifarişi vaxtında və keyfiyyətli nəşr etmək üçün fədakarcasına çalışır.
Müstəqil Azərbaycan Respublikasının yenidən tərtib olunan dərslikləri ilk dəfə "Öyrətmən" nəşriyyatında işıq üzü görür. Təranə Tofiqqızı xatirələrində yazır: "Azərbaycan tarixi" dərsliyimiz ilk dəfə çapdan çıxmışdı. Bəhruz müəllim kitabı ən qiymətli xəzinə kimi əlində tutub nəvazişlə vərəqləyərək "Axır ki, balalarımız öz xalqının tarixi haqqında əsl həqiqətləri öyrənəcəklər" dedi və onun ilk dəfə kövrəldiyinin şahidi oldum".
Yazıçı Mustafa Çəmənli "Unudulmaz naşir" xatirə-məqaləsində yazır: "Bəhruz Axundov nəşriyyata, naşirliyə sadəcə biznes gözü ilə baxmırdı, o, bu sahənin vurğunu, fanatı idi. Çünki onda nəşriyyat işinə, kitab çapına şüurlu münasibət vardı. O, "Mən niyə naşir olmaq istəyirəm?" sualına tam, dolğun, səmimi cavab verə biləcək tək-tək naşirlərdən biri idi. O, görəcəyi hər bir işə peşəkarcasına yanaşır və peşəkarlarla işləməyi sevirdi. Çünki bilirdi ki, yüksək nailiyyətlərə ancaq işini bilən peşəkarlarla nail olmaq mümkündür".
Məhz bu meyarlardan yanaşaraq ətrafına peşəkar nəşriyyat işçilərini toplayırdı. Bu baxımdan 2004-cü ildən "Təhsil" nəşriyyatında baş redaktor kimi fəaliyyətə başlayan Gülər Mehdiyevanın ötən bu illər ərzində dərsliklərin yazılmasında, ərsəyə gəlməsində müstəsna xidmətləri olmuşdur.
"Təhsil" nəşriyyatında Bəhruz Axundovun təşəbbüsü ilə 2008-ci ildə "Uşaq ədəbiyyatı şöbəsi" yaradılır. Şöbəyə tanınmış uşaq yazıçısı Sevinc Nuruqızı müdir təyin edilir.
Uşaq ədəbiyyatı sahəsində çap edilən uğurlu nəşrlərdən "Qədim Bakıya səyahət", "Melisa", "Bapbalaca əlifba", "Aysu və Ay", "Ağca və Cubbulu", "Pıçıltı" və digər kitabların adını qeyd etmək olar.
"Bədii ədəbiyyat şöbəsi"nin rəhbəri tanınmış yazıçı Mustafa Çəmənlidir. Bu şöbədə olduqca əhəmiyyətli əsərlərin nəşri həyata keçirilmişdir. Müstəqillik illərində onun tərtib etdiyi kitablar içərisində "Cənub həsrəti" adlı şeirlər toplusu (2009), İ.Nəsiminin 650 illiyinə həsr olunmuş "Zərrə mənəm, günəş mənəm" (2019), X.Natəvana həsr edilmiş "Neçin gəlməz" (2022), Ə.Haqverdiyevin 150 illik yubileyi münasibətilə çıxan "Əbədiyyət yolçusu" (2022), görkəmli muğam ifaçılarının yubileyləri münasibətilə Heydər Əliyev Fondunun sifarişi ilə hazırlanıb çap edilən albom-kitabları xüsusi əhəmiyyətə malikdir.
Fəaliyyəti dövründə "Təhsil" nəşriyyatında çoxcildli əsərlərin nəşrinə də xüsusi önəm verilmiş, xeyli sayda əhəmiyyətli kitablar çapdan buraxılmışdır. Məsələn, M.Mərdanovun 4 cilddə çap olunmuş "Azərbaycan təhsil tarixi"ni, Yaqub Mahmudlunun (Mahmudov) 12 cilddən ibarət olan "Seçilmiş əsərləri"ni, Məmməd Əmin Rəsulzadənin 5 cilddə "Əsərləri"ni, növbəti nəşrlərdən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında" 16 yanvar 2014-cü il sərəncamına əsasən nəşr edilən İlyas Əfəndiyevin 4 cilddə "Seçilmiş əsərləri"ni və s. misal göstərmək olar.
"Təhsil" nəşriyyatı yarandığı gündən Qarabağ mövzusuna xüsusi həssaslıqla yanaşmışdır. Belə ki, nəşriyyat tarixi həqiqətləri özündə ehtiva edən xeyli sayda mühüm nəşrlərin çapını həyata keçirmişdir.
44 günlük Vətən müharibəsi qələbə ilə başa çatdıqdan sonra "Təhsil" nəşriyyatı öz ənənəsinə sadiq qalaraq yazıçı və şairlərin Qarabağ mövzusunda yazdığı əsərlərdən ibarət "Qarabağ dastanı: 30 ilin həsrəti - 44 günün zəfəri" toplusunu (2021), nəşriyyatın baş direktoru Tural Axundovun təşəbbüsü ilə tərtib olunan "Şuşa tarixin obyektivində" (2022) və sairə kitabları nəşr edərək oxucuların ixtiyarına vermişdir.
2005-2010-cu illərdə müəssisə ardıcıl olaraq "İlin nəşriyyatı", çap etdiyi kitablardan bir çoxu isə "İlin kitabı" adlarına layiq görülür.
6 dildə çap olunmuş "Qarabağ: real tarix, faktlar, sənədlər" (2005), Çingiz Əlioğlunun "Atlantlar" (2006), Vaqif Bəhmənlinin və Ədalət Vəliyevin "Novruz" (2012), M.Ə.Sabirin "Hophopnamə" (2012) kitabları beynəlxalq "Kitab sənəti" müsabiqəsinin qalibi olur. Çingiz Əlioğlunun "Çərçivə" kitabı isə (naşir Bəhruz Axundov) "Qran-pri" mükafatına layiq görülür. Onu da deyək ki, bu nəşr beynəlxalq miqyasda mükafat alan ilk Azərbaycan kitabıdır.
"Təhsil" nəşriyyatı nəşr etdiyi kitabların keyfiyyətinə görə "Beynəlxalq Ticarət Liderləri Klubu"nun "Beynəlxalq qızıl mükafat"ını, xüsusi prizini və diplomunu (İspaniya, Madrid, 2012), Beynəlxalq Tədqiqatlar və Məsləhətlər Təşkilatı OMAC - Beynəlxalq Menecment Assosiasiyası Klubunun "Texnologiya, İnnovasiya və keyfiyyət üzrə Yeni era" beynəlxalq mükafatını və xüsusi diplomunu (Almaniya, Berlin, 2012), keyfiyyət və kommersiya nüfuzuna görə "Qızıl delfin" Avropa mükafatını (Fransa, Paris, 2012) almışdır. Qeyd edək ki, "Təhsil" bu, hər üç mükafata layiq görülmüş ilk və yeganə Azərbaycan nəşriyyatıdır. Bundan başqa, "Təhsil" nəşriyyatı 2019-cu ildə Malayziyanın Kuala-Lumpur şəhərində biznesdə işgüzarlığın yüksəlişində əldə olunan nailiyyətlərinə görə "The Bizz Business Excellence Award" mükafatına layiq görülmüşdür. Mükafatlandırma 5 bənd üzrə seçim əsasında: idarəçilikdə liderlik, idarəetmə sistemləri, əmtəə və xidmətlərin keyfiyyəti, kreativlik və novatorluq, sosial məsuliyyət nominasiyalarında keçirilmişdir.
2017-ci ildə Bəhruz Axundovun vəfatından sonra nəşriyyata rəhbər Tural Axundov təyin edilir. Tural atasının yolunu layiqli şəkildə davam etdirərək nəşriyyatın çap məhsullarının həm mövzu, həm də poliqrafik tərtibatı baxımından gözəl olmasına tələbkar yanaşır.
"Təhsil" nəşriyyatının digər nəşriyyatlardan fərqi ondan ibarətdir ki, onun redaksiyaları, mətbəəsi, həm də "Kitab evi" adlı mağazası vardır. Məhz bu baxımdan "Təhsil" nəşriyyatının fəaliyyəti öyrənilməyə və təqdir olunmağa layiqdir.
Onu da qeyd edək ki, "Təhsil" nəşriyyatı həm də dünyanın ən müasir poliqrafiya avadanlıqları istehsal edən bir neçə zavodunun Azərbaycan, Türkiyə, Ukrayna və Gürcüstan üzrə səlahiyyətli nümayəndəsidir.
"Təhsil" nəşriyyatı artıq 30 ildir ki, ölkəmizə ləyaqətlə xidmət göstərir. Yarandığı gündən Azərbaycan kitab xəzinəsinə əhəmiyyətli mövzularda 2000 addan çox kitab töhfə etmişdir. Qeyd edim ki, çap məhsullarının əsas hissəsi, təxminən 70 faizi tədris ədəbiyyatının payına düşmüşdür.
Ötən 30 il ərzində "Təhsil" nəşriyyatı bir çox nailiyyətlər qazanmış, əhəmiyyətli mövzularda xeyli sayda kitabların işıq üzü görməsinə nail olmuşdur. Məhz bu baxımdan "Təhsil" nəşriyyatının əldə etdiyi təcrübə respublikada fəaliyyət göstərən digər nəşriyyatlar üçün örnəkdir.