Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

14 Ara 02:57Mədəniyyət

Vətən boyda insan

Dünyaşöhrətli alim - Xudu Məmmədov



1988-ci il oktyabrın 15-i idi. Bakı şəhərində ziyalılar Azərbaycan xalqının ən böyük milli təəssübkeşlərindən olan dahi Üzeyir bəy Hacıbəylinin ev-muzeyində Qarabağ problemlərini müzakirə edirdilər. İçi çoxdan çürümüş sovet rejiminin gedərayaqda xalqımızın başına sarıdığı erməni bəlasından çıxış yollarını arayıb-axtaranlar arasında ağdamlı dünyaşöhrətli alim Xudu Məmmədov da var idi.
O Xudu Məmmədov ki hələ gənc yaşında elm sahəsində böyük nailiyyət qazanaraq adından söz etdirmişdi, sovetin qılıncının önünün də, arxasının da kəsdiyi illərdə Milli Azadlıq Qərargahı təşkilatının qurucularından olmuş, 1969-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin ay-ulduzlu üçrəngli bayrağını qorxu bilmədən Azərbaycana gətirmişdi. Ürəyi turan sevdasıyla, könlü müstəqillik, hürriyyət eşqiylə döyünürdü. Hər zaman, hər yerdə açıq-aydın ifadə edirdi bu vətən sevgisini. Söz-söhbətlərində, qələmə aldığı yazılarda da, qoşduğu şeirlərdə də daim qırmızı xətt kimi keçirdi vətən.
Böyük alimin Ağdama baxa-baxa "Allaha rəvadırmı bu torpaqlar bizim əlimizdən alınsın" deyərək kövrəlməsi və "mənim ürəyimə nəsə damıb, bu gecə yuxumu qarışdırmışam. Millətimin başında qara buludlar dolanır" deməsi bu gün də şahidlərinin ürəyini köz kimi dağlayır...
Buna görə idi ki, Xudu Məmmədov məkrli ermənilərin düşmən siyahısında ilk sıralardaydı, hədəfdəydi. Hər fürsət düşdükcə xain əməllərlə ona mane olmağa, badalaq gəlməyə, uçuruma yuvarlamağa çalışırdılar.
İllərlə vətəninin dağ boyda dərdini ürəyində daşımışdı Xudu Məmmədov, amma payız fəslinin qaşqabaqlı, ağlar günündə birdən-birə tabdan düşmüşdü, daha ürəyi dözə bilməmişdi millətinin ard-arda üzləşdiyi faciələrə, elə həmin iclasda qəflətən keçinmişdi...
Xudu Məmmədovun vəfatından qısa zaman sonra bütün Bakını nəhəng SSRİ-yə qarşı etiraz mitinqləri bürümüş, xalq müstəmləkəçi rejimdən qurtuluş üçün ayağa qalxmış, azadlıq haqqını tələb etməyə başlamışdı. Bütün bunlar isə, heç şübhəsiz, böyük vətənpərvər Xudu Məmmədovun illərdir xalqın qəlbinə əkdiyi azadlıq toxumlarının müstəqilliyə uzanan pöhrələri idi.



Torpağa vurğun



O, torpaq adamıydı, torpağı sevərdi...
Ta uşaqlığından saatlarla dayanıb onu seyr etməkdən doymazdı, əyilib qapqara dənəvər torpağı ovcuna yığardı, onun yaş qoxusunu sinədolusu ciyərlərinə çəkərdi, elə bil yenidən doğulardı bu dünyaya...
Amma bu ətir də hər torpaqdan gəlməzdi ha... Dünyanın bir çox yerində şəxsən yoxlamışdı bunu, amma xeyr, bu, o ətirdən deyildi...
Sadəcə Ağdamda, Qarabağda, o taylı-bu taylı Azərbaycanda torpaqdan onu riqqətləndirən bu ətir burum-burum gələrdi...
1980-ci ilin yayında "oğrunca", cəmi 15 dəqiqəliyinə Arazın o tayına, Vətən həsrətini söndürməyə gedəndə də müqəddəs bildiyi torpağın önündə diz çökmüş, millət ayrılığının ürəyində açdığı dərin yarasına məlhəm istəmiş, giley-güzar etmiş, nisgildən hönkür-hönkür ağlamışdı...
Bəli, o, ürəyi, könlü, ruhu ilə bağlı idi Vətən torpağına, sözünü də ona deyər, sevincini bölüşər, onunla küsər, barışardı...
Bəlkə də elə canlı və cansız təbiətin vəhdət sirrini də, elmlə sənətin arasındakı incə bağı da beləcə aşkar etmişdi... Dünyaşöhrətli azərbaycanlı alim, ictimai-siyasi xadim, professor, AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü, şair, rəssam, yazıçı Xudu Surxay oğlu Məmmədov.



"Elmin vətəni yox, alimin vətəni olmalıdır"



"Elmin vətəni yox, alimin Vətəni olmalıdır" deyərdi böyük alim və hər zaman uşaqların, gənclərin də bu ruhda böyüməsini istəyərdi. O, söyləyərdi ki, uşaqlara vətəni sevməyi öyrətmək lazım deyil. Siz onlara vətəni tanıdın, özləri sevəcəklər.
Şöhrətli alimin özünün vətəni Azərbaycan, doğulub boya-başa çatdığı yurd isə Qarabağ, Ağdam idi.
1927-ci il dekabrın 14-də Ağdamın Mərzili kəndində dünyaya göz açıb Xudu Məmmədov. Atası tanınmış ziyalılarımızdan olan Surxay Məmmədov Leninqrad Tikinti Akademiyasını bitirib. Anası Yaxşı xanım evdar qadın olub. Xudu Məmmədov Mərzilidə 7 illik məktəbi bitirdikdən sonra rayon mərkəzindəki orta məktəbdə təhsil alıb, 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsinin geologiya şöbəsinə daxil olub. Təhsilini fərqlənmə diplomu ilə başa vuran istedadlı gənc 1951-ci ildə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat alıb.
1957-ci ildən Azərbaycan Elmlər Akademiyası Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun Struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışan Xudu Məmmədovun əsas elmi işləri kristallokimya sahəsində olub.
Kristalloqraf-alimin bu sahədəki nailiyyətləri hələ gənc yaşda olanda ona dünya şöhrəti gətirib. Araşdırmaçılar yazır ki, görkəmli alim Con Bernal 1953-cü ildə Moskvada keçirilən elmi konfransda "bizdəki və sizdəki "pensioner" kristalloqrafların həll edə bilmədiklərini sizin 25 yaşlı "pioner" tələbəniz - cənab Xudu Məmmədov həll etmişdir!" deyərək tələbəsi haqqında guya söz tapa bilməyən rus akademikinə tutarlı cavab vermişdi.
1956-cı ildə Moskva şəhərində növbəti Beynəlxalq Sülh Konfransında C.Bernal laboratoriyasında uzun müddət problem quruluşlarından olan ksonotlit və vollastonit minerallarının quruluşunu yüksək dəqiqliklə təyin edən Xudu Məmmədovla görüşür. İnstitutda elmi diskussiyadan sonra Xudu Məmmədovla tanışlıq onu çox heyrətləndirir və onu Londona "Sement Silikatlarının Quruluşunun Tədqiqi" elmi mərkəzinə dəvət edir.
Xudu Məmmədov iki dəfə, 1960-cı və 1966-cı illərdə müxtəlif müddətdə Bernalın qonağı olur. C.Bernal da öz növbəsində Bakıda Xudu müəllimin qonağı olur və özünün bağışladığı "Elm haqqında elm" kitabında belə bir avtoqraf yazır: "Canlı və cansız təbiəti vəhdətlərindən böyük alim Xudu Məmmədova".
Azərbaycanlı alim bir neçə illik tədqiqatlarının yekunu olaraq 1960-cı ildə "Kalsium silikatları və hidrosilikatların kristallokimyası" monoqrafiyasını yazır. Alimin əhatə etdiyi mövzu üzrə fundamental əhəmiyyətə malik olan bu əsəri Azərbaycan elm tarixində kristallokimyaya dair doğma dilimizdə ilk kitab ünvanı qazanır.
1960-1970-ci illərdə artıq elm aləmində "Kristallokimyaçıların Bakı məktəbi" kimi tanınmış laboratoriyanın əməkdaşları Xudu Məmmədovun rəhbərliyi ilə dünya laboratoriyalarının problem axtarışlarından olan quruluşları açmağa qadir idilər. Bu illərdə Xudu Məmmədov artıq dünya səviyyəsində qəbul edilmiş görkəmli kristalloqraf-alim idi.
Azərbaycanlı alim 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülüb. Xudu Məmmədov 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib.
O, 250 elmi əsərin, 10 müəlliflik şəhadətnaməsi və 3 monoqrafiyanın müəllifidir. Xudu Məmmədovun rəhbərliyi ilə 10 elmlər doktoru və 35 fəlsəfə doktoru yetişdirilib.



Ən böyük arzu



Böyük elmi nailiyyətləri olan, özünün "Xudu məktəbi"ni yaradan Xudu Məmmədov üçün hər şeydən öncə vətəninin və xalqının taleyi gəlirdi, onun düşüncələrini də, duyğularını da məşğul edən bu iki məsələ idi.
Yaxın dostu Bəxtiyar Vahabzadənin Xudu Məmmədov kimliyinə yaxından bələd olacağımıza yol açan bir xatirəsinə diqqət yetirək: "1970-ci illərin sonlarında bir gün Nurəddin Rzayevlə Xudu Məmmədovun evində qonaq idik. Söhbətimizin mövzusu əsasən Azərbaycanın gələcəyi və Türkiyə ilə münasibətləri ətrafında idi. Nədənsə söhbət hərəmizin ən müqəddəs arzusu barədə oldu. Mən dedim ki, mənim ən müqəddəs arzum Azərbaycanın güneyli-quzeyli birliyini və xoşbəxtliyini görməkdir. Nurəddin dedi ki, ən böyük və müqəddəs arzum Azərbaycanın gələcəyinin parlaq olmasını görməkdir. Xudu isə dedi: "Ən böyük arzum budur ki, bir gün qapımız döyülsün, gedib açım görüm ki, əlində süngülü tüfəng olan türk əsgəridir. Soruşsun ki, kommunist Xudu Məmmədov burada yaşayır? Deyim ki, bəli, mənəm… Desin ki, biz Türkiyədən gəlmişik, Azərbaycandakı sonuncu kommunist olan Xudu Məmmədovu güllələməyə".
Türkçülüyü yaşadan Xudu Məmmədovun ən böyük arzusu türkün birliyi, Azərbaycanın müstəqilliyi idi və o, həyata keçirdiyi bütün işlərdə bu arzusunu qorxmadan ifadə edirdi.
O, Ağdamın Mərzili kəndində 1941-1945-ci illər müharibəsi iştirakçılarının xatirəsinə abidə inşa olunması üçün çox çalışmış və buna nail olmuşdu. Dizayn və ideyası özünə aid olan bu abidədə Xudu Məmmədov Azərbaycanın müstəqilliyi ilə bağlı arzusunu əks etdirmişdi. Həmin abidə ilk baxışdan yarpaq və beşguşəli ulduz kimi görünsə də, diqqətlə baxdıqda, bunun ay və səkkizguşəli bir fiqurda birləşən beşguşəli ulduz olduğu görünürdü.



Heydər Əliyev olmasaydı...



Ağdamda dillər əzbəri olan məşhur "Çay evi"nin də yaranması Xudu Məmmədovun ideyası idi. Azərbaycanlı ustaların Çin memarlıq üslubunda məharətlə tikdikləri bu binanın içərisi milli ornamentlərlə işlənmişdi.
Xudu Məmmədov yazdığı "Naxışların yaddaşı" kitabında isə qədim naxışların araşdırılması ilə türkçülüyün izlənməsinin mümkünlüyündən bəhs etmişdi. Böyük alim fikirlərini zəngin faktlarla izah etmiş, eramızdan çox-çox əvvəl türklərin məskunlaşdığı ərazilərdə tapılan sənət nümunələrində simmetriya elementlərindən istifadə olunmasının kristalloqrafiya elmi ilə bağlılığını mükəmməl şəkildə əsaslandırmışdı.
Məmməd Əmin Rəsulzadənin ən yaxın silahdaşlarından biri və şəxsi həkimi olan Məhəmməd Kəngərli 1969-cu ildə Türkiyədə Xudu Məmmədova üçrəngli bayrağımızı hədiyyə etmişdi və o, bu bayrağı gizli şəkildə Azərbaycana gətirmişdi.
Xudu Məmmədov tərəfindən türkçülüyün, azərbaycançılığın bu cür açıq-aydın təbliğ olunması təbii ki, sovet hökumətinin, çuğulçuların gözündən yayına bilməzdi, amma nə sirr idisə, görkəmli alimə heç kim bir söz deyə bilmirdi.
Alimin yeganə övladı Toğrul Məmmədov müsahibəsində bu məqama aydınlıq gətirib: "...Gəlin bir şeyi yaddan çıxartmayaq ki, o vaxt Azərbaycanın rəhbərliyində Heydər Əliyev var idi. O vaxt atam, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk və digər Azərbaycanın bütövlüyünü arzu edən ziyalıları sanki bir sehrli əl sovet hökumətinin qəzəbindən qoruyurdu. O sehrli əl Heydər Əliyevin əli idi. O, olmasaydı, atam kimilərin taleyi repressiya dövrü ziyalılarının taleyi kimi olacaqdı".



Sirri-xuda



Xudu Məmmədovun ən böyük zənginliyi sadəliyi idi. Hər zaman el-obasının yanında olardı, dünyanın heç bir dilbər guşəsini Ağdama, Kəlbəcər yaylaqlarına dəyişməzdi. Səhhətindəki problemlər də doğma yurdu Qarabağda yoxa çıxardı. Klassik ədəbiyyatı, şeiriyyatı, muğamı, saz havalarını çox sevərdi. Hətta Zəlimxan Yaquba "Saz" poemasını yazmasını da Xudu Məmmədov məsləhət görmüşdü.
Görkəmli alim özü də şeirlər, bayatılar qələmə alırdı, "Qoşa qanad" əsərini çox sevdiyi dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin xatirəsinə həsr etmişdi. Eyni zamanda Xudu Məmmədovun müdrik deyimləri bu gün də dillərdə dolaşmaqdadır.
Bir sözlə, Qarabağın yetişdirdiyi görkəmli elm xadimi Xudu Məmmədov hərtərəfli insan idi və onun elmi uğurlarını, ictimai-siyasi fəaliyyətini bir yazıya sığdırımaq, şəxsiyyətinin özəlliyini tam açmaq mümkün deyil.
Amma bu bir gerçəklikdir ki, hətta Xudu Məmmədovun müasiri olmayanlar, onu tanımayanlar belə şöhrətli alimimiz haqqında yazılanları oxuyanda, deyilən fikirləri eşidəndə onun necə insansevər, torpağına, millətinə bağlı həssas bir unikal şəxsiyyət olduğunu dərindən duyur, hiss edirlər. İstisnasız olaraq ürəyində bu böyük insana xüsusi ehtiram yaranır, onu öz doğması sayırlar.
Fərqləndirmək çətindir ki, Xudu Məmmədov böyük alim idi, yoxsa böyük insan?! Çünki o, nadir istedad və bacarığı ilə elm sınağından, yüksək həssaslığı, qayğıkeşliyi, millətsevərliyi ilə el imtahanından əla qiymətlər almağı bacaran şəxsiyyətlərdən olmuşdu.
Ömrünü xalqının azadlıq və müstəqillik mübarizəsinə həsr edən Xudu Məmmədov 1988-ci ildə, Qarabağda hadisələrin alovlandırılaraq millətimizin başına müsibətlər açıldığı ildə, böyük Azərbaycan təəssübkeşi dahi Üzeyir bəyin ev-muzeyində dünyasını dəyişmişdi.
Bu isə təsadüf deyildi. Tanrının Xudu Məmmədov üçün yazdığı zaman və məkan reallığı, sirri-xuda idi ki, vətəni canından çox sevən Xudu Məmmədovu 30 illik Qarabağsızlıq, Ağdamsızlıq sınağına çəkmədən öz dərgahına aparmışdı...



İndi Xudu Məmmədovun da nigaran ruhu rahatlıq tapıb, şaddır



Böyük alim ömrünün hələ erkən çağında, cəmi 61 yaşında dünyadan köçərək Azərbaycanı, elm aləmini dərin yasa boğmuşdu. Xudu Məmmədov kimi dahi alimin erkən dünyadan köçməsi təbii ki, elm üçün əvəzedilməz itki idi. Amma Xudu Məmmədovun timsalında millətinin itkisi sözlə ifadəsi mümkün olmayacaq miqyasda böyük idi. Azərbaycan nəhəng milli təəssübkeşini, vətən sevdalısını, el oğlunu itirmişdi...
Xalqı ən çox incidən Xudu Məmmədovun vətənin taleyindən, millətinin aqibətindən nigaran olaraq bu dünyadan köçməsi idi.
Amma zamanın çarxı dönüb, dolaşıb İlahi ədaləti təmin etdi. Azərbaycan müstəqilliyini bərpa edib qüdrətli dövlətə çevrildi, Qarabağ münaqişəsini cəmi 44 günə sonlandıraraq Şuşada zəfər çaldı. Azərbaycanın bu böyük qələbəsi türk birliyinin zəfəri oldu. Bu zəfər həm də zorla bizdən ayrı salınmış o taylı, cənubi azərbaycanlı soydaşlarımızın haqq və hüquqları uğrunda etiraza qalxmalarına təkan verdi...
Bütün bu sadaladığımız möcüzəvi gerçəkliklər isə bir zamanlar əqidə yoldaşları ilə bərabər, Xudu Məmmədovun apardığı mücadilənin müzəffər sərkərdə İlham Əliyev tərəfindən gerçəkləşdirilən parlaq sonluğu idi.
İndi Xudu Məmmədovun da nigaran ruhu rahatlıq tapıb, şaddır.