Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

14 Ara 02:58Mədəniyyət

Dar gündə Azərbaycan bizə sahib çıxdı

Mən Ukraynanın Xarkov şəhərində anadan olmuşam. İkinci Dünya müharibəsi illərində bu gözəl şəhər Kiyevdən sonra ilk olaraq bombalanan yerlərdən biri idi. Atamı dərhal cəbhəyə apardılar. Ailəmiz üçün isə şəhərdə qalmaq çox təhlükəliydi. Çünki faşistlər yəhudiləri sorğu-sualsız öldürür, min bir işgəncə verirdilər.
Qohumlarımızın vasitəsilə çətinliklə də olsa qatara bilet tapıb Avropada gözəlliyinə görə birinci olan Xarkov dəmiryolu vağzalından vaqona minib məlumsuz istiqamətdə yola düşdük. Hara gedirdik, nə edəcəydik, bunu heç kim bilmirdi. Atamdan sonra ailəmiz beş nəfərdən ibarət idi: anam, üç bacım və mən. 16 yaşı yenicə tamam olan böyük bacım bütün qayğıları öz üzərinə götürməyə çalışırdı.
Bu səfərimiz haqqında çox danışmaq olar. Bircə onu demək istəyirəm ki, əziyyətli günlərdən sonra nəhayət, gəlib çıxdıq Azərbaycanın Tərtər rayonuna. Ailənin kiçiyi idim. Anam və bacılarım mənim üçün rahatsız olurdular. Ancaq tezliklə başa düşdük ki, tək deyilik. Bizə mehriban münasibət göstərən, vəziyyətimizi, dərdimizi başa düşən insanların əhatəsindəyik. Odur ki, biz də tərtərlilərlə tez dil tapdıq, doğmalaşdıq və bu doğmalığı indiyədək qoruyub saxlayırıq.
Qadınların təndirdə bişirdiyi çörəyin ətri hələ burnumuzdan getməyib, yuxularımda Tərtərdən keçən kiçik arxları, onların saf sularını görürəm. Azərbaycandan gətirdiyimiz kitabın vərəqləri arasında isə Qarabağın qızıl gülünün ləçəklərini qoruyub saxlayıram.
Humanistlik azərbaycanlıların qanında, canındadır. Bunun sayəsində yalnız biz deyil, yüzlərlə yəhudi ailəsi ölümün pəncəsindən xilas oldu. Onu da deyim ki, bu, o qədər də asan məsələ deyildi. İkinci Dünya müharibəsində cəbhəyə hər cür kömək göstərən Azərbaycanın öz əhalisi də çətinliklərlə üz-üzə qalmışdı. Buna baxmayaraq, çörəklərini bizimlə bölüşürdülər, bir stəkan süd, bir neçə qənd parçası ilə xəstə uşaqları ovundururdular.
Böyük bacım Raisa Poqoster həyatını ömürlük Azərbaycanla bağladı. Tərtərli Bilalla ailə qurdu, övlad, nəvə-nəticə sahibi oldu. Xarkov şəhəri faşistlərdən azad edildikdən sonra ailəmiz geri qayıtsa da, bacıma görə Azərbaycanla əlaqələrimiz kəsilmədi.
Bu illər ərzində bir həqiqəti də dərk etdik. Xeyirxahlıq Azərbaycan xalqının milli-mənəvi dəyəridir, bu dəyərləri yaşadan, inkişaf etdirən unudulmaz insan Heydər Əliyevin sayəsində isə nəinki yəhudilər, Azərbaycanda yaşayan bütün xalqlar eyni hüquqlara malikdirlər və onların hüquqları dövlətin Əsas Qanunu - Konstitusiyası ilə qorunur. Azərbaycanda antisemitizm olmayıb və bu gün də yoxdur. Bacımın Ümummilli Lider Heydər Əliyevə olan sonsuz məhəbbəti bizim bütün ailə üzvlərimizə keçib.
Çətin günlərimizdə bizi yaşadan, ölümün pəncəsindən xilas edən bu ölkəni heç zaman unutmuruq, orada baş verən prosesləri izləyir, kədərinizə şərik olur, sevincinizə şad oluruq. 30 il torpaqlarınızın işğal altında olması bizi də çox rahatsız edirdi. Nəhayət, Vətən savaşında Azərbaycanın əldə etdiyi qələbə ilə hamımızın üzü güldü. Bu qələbənin qazanılmasında İsrailin də payının olması isə Azərbaycan və İsrail xalqlarının dostluğunun sarsılmaz sübutudur.
Qeyd etmək istəyirəm ki, Ulu Öndər Heydər Əliyevin layiqli siyasi varisi olan Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində Azərbaycanda bu gün tolerantlıq mühiti yaranıb. Bakıdakı sinaqoqlarda yəhudilər sərbəst olaraq dini ayinlərini icra edirlər. Heydər Əliyev Fondu hesabına Azərbaycanın paytaxtında tikilmiş "Xabad or-Avner" məktəbində yəhudi uşaqların yüksək təhsil almaları üçün hər cür şərait yaradılıb. Burada onlar ivriti, milli adətləri öyrənməklə yanaşı, Azərbaycan dilinə, adət-ənənələrinə də bələd olurlar.
Dövlətlərimiz arasında münasibətlər qohumlar arasında da əlaqələrin möhkəmlənməsinə kömək edir. Bu yaxınlarda bacım Raisanın nəvəsi Anar Əliyev pambıqçılıq sahəsində təcrübə mübadiləsi keçmək üçün həmkarları ilə birlikdə İsraildə oldu. Bizim mütəxəssislər öz biliklərini onlara həvəslə öyrətdilər. Ümidvaram burada əldə etdiklərini onlar Vətənlərində tətbiq edəcəklər. Anarın bizə gəlməsi, ailəmizlə görüşməsi hamımızı sevindirdi. Gənclər də bir-birini tanıdı və əminəm ki, qohumluq münasibətlərimiz bundan sonra da möhkəmlənəcək.
Sonda onu bildirim ki, İsraildə Azərbaycan səfirliyinin açılması iki dövlət arasında münasibətləri daha da inkişaf etdirəcək. Buna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk.