Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

07 Şub 19:39---

"Kefiyyətli məhsulun qiyməti 14-15 manatdır. Fevralda, bu qiymət 20-22 manata qalxacaq" - MÜSAHİBƏ

"Kefiyyətli məhsulun qiyməti 14-15 manatdır. Fevralda, bu qiymət 20-22 manata qalxacaq" - MÜSAHİBƏ

"2021-ci ildə təqribən 185 min ton nar istehsal edilib. İxrac tərəfinə nəzər salsaq, bu sahədə vəziyyətimiz bir elə qənaətbəxş deyil. Ötən il 20 min tona yaxın məhsul ixrac edilib. Bazarda keyfiyyətli nar qıtlığı var.".
Azərbaycanda narçılıq, nar bağları biznesi, bu sahədəki imkanlar, problemlər və təkliflərlə bağlı sualları Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosisasiyasının İdarə Heyətinin sədri Fərhad Qaraşov cavablandırıb

- Fərhad müəllim, biz bir neçə il əvvəl nar barədə danışanda həmin vaxt nar bağları bumu yaşanırdı ölkədə. Son illər nar bağlarının sahəsi sürətlə artır - səhv eləmirəmsə, təkcə 2021-ci ildə xaricə 18 milyon dollarlıq nar ixrac olunub?

15%-dən başlayan KREDİTİ ONLAYN əldə et


- Daha da artıq, 25 milyon dollarlıq.

- Əvvəlcə deyərdiniz, hazırda Azərbaycanda nə qədər nar bağı var, nə qədər şəxs və investor bununla məşğuldur? Çünki artıq məlumdur ki, son illər Bakıda yaşayanların da bölgələrdə çoxsaylı əkinləri, o cümlədən nar bağları var...


- Ümumiyyətlə, Azərbaycan və azərbaycanlılar üçün nar çox dəyərli bir məhsuldur, bizim milli-mədəni irsimizin belə deyək, simvollarından biridir. Azərbaycanda kənd təsərrüfatını inkişaf etdirmək üçün yaradılan sahəvi assosiasiyalardan biri də bizim Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasıdır. 2016-cı ildə yaranandan indiyədək Azərbaycanda fəaliyyət göstərən nar istehsalçıları, fermerləri, ixracatçıları və belə deyək, narla məşğul olan bütün sahibkarları öz ətrafımıza toplaya bilmişik. Hal-hazırda bizim 400-ə yaxın üzvümüz mövcuddur, onlardan təqribən 20-si iri sahibkarlardır. Onlar həm nar tədarük edirlər, həm də ondan çoxsaylı məhsullar - şirə, konsentrat, narşərab və digər kompotlar, nar çaxırı, hətta narın çəyirdəyindən yağ da hazırlayırlar.

- Yəni təkcə narı dərib satmırlar?

- Bəli. Ümumiyyətlə, ölkəmizdə 23 min hektara yaxın nar bağı mövcuddur ki, onların da təqribən 18 faizə yaxını intensiv bağçılıq təsərrüfatlarıdır. Onların düzdür, çox da miqdarda damcılı suvarma ilə təchiz edilməyibdir, amma bunun üzərindən də biz xeyli maarifləndirici təlimlər aparırıq, hər zaman narçılarla bir yerdə məsələləri müzakirə eləyirik. Bildirim ki, rəqəmlərimiz artan istiqamət üzrə davam edir. 2016-cı ilin rəqəmlərinə nəzər salsaq, bu gün 2021-ci mövsümü ilə nəzərdə tutsaq, haradasa bir 20 faizə qədər artım müşahidə eedilib. Belə kim, 2020-ci ildə Azərbaycanda 182 min ton nar yığılmışdı, 2021-ci ildə isə - bura gələndə mən təqribi araşdırdım - təqribən 185 min ton nar istehsal edilib.

- Məhsul yığımı artıb, bu yaxşıdır, bəs ixracında vəziyyət necədir?

- İxrac tərəfinə nəzər salsaq, bu sahədə vəziyyətimiz bir elə qənaətbəxş deyil. Ötən il 20 min tona yaxın məhsul ixrac edilmişdir ki, təqribən 25 milyon ABŞ dolları miqdarındadır. Yəni istehsal edilmiş məhsulun təqribən 12-13 faizi miqdarında, maksimum 15 faizi miqdarında məhsulun xarici bazarlara ixrac edilməsi ondan xəbər verir ki, biz hələ də keyfiyyətli məhsul istehsal edə bilməmişik.

- Sizcə ixrac üçün ideal rəqəm necə ola bilər? Ölkədə istehsal olunan 185 min ton məhsulun hansı hissəsinin ixracı daha optimal olar?


- Biz təqribən belə düşünürük: 50-60 minə yaxın məhsul zavodlarda istehsalçılar tərəfindən tədarük edilərsə, yerli bazarlarımızı da nəzərə alsaq, mən düşünürəm ki, heç olmasa, bir 50% ixrac baş versəydi, yetərincə böyük rəqəmlər əldə edə bilərdik. Məsələn, bizim əsas ənənəvi bazarlarımız Rusiya, Ukrayna bazarlarıdır, bunlardan təkcə Rusiyanın illik nar istehlakı – yəni tələbatı 150 min ton təşkil edir.

- Bəs Avropada tələbat nə qədərdir?

- Avropa bazarlarının isə illik ümumi istehsalı təqribən 300 min tona yaxındır. Dünyada Azərbaycanın hədəf kimi baxdığı bazarlarda bizim rəqib ölkələrimiz - İran, Türkiyə, Misir və İspaniyadır, biz bax, bu ölkələrlə rəqabət aparırıq. Bu gün Azərbaycanda aparılmış kənd təsərrüfatı islahatları iqtisadiyyatın belə deyim, inkişafı üçün ölkə rəhbəri tərəfindən aparılmış bütün islahatlar – suvarmanın ucuz olması, işçilik qüvvəsinin hələ ki, ucuz olması və digər meyarlar, bizdə narın yetişdirilməsində maya dəyərini yetərincə digər ölkələrdən aşağı saxlayır.

- Əgər Azərbaycan narının qiyməti də aşağıdırsa, bizim xaricə ixracı artırmağımız üçün nə lazımdır?

- Yetər ki, biz keyfiyyətli məhsul istehsal eləyib öz narımızın belə deyək, qüdrətini bərpa eləyib onu bütün dünya ölkələrinə ixrac edə bilək. Yenə deyirəm sizə, yəni bazarlar çoxdur, İqtisadiyyat Nazirliyi tərəfindən, digər xarici ölkələrdə yüksək səviyyəli tədbirlərdə, həm ixrac missiyalarında, həm sərgilərdə və biznes forumlarda iştirak edir, Azərbaycan məhsullarını nümayiş etdiririk. İnandırım sizi, keyfiyyətli məhsulumuz olsa, müştəri nə qədər istəsəniz, var.

- Xaricə satılan narın qiyməti nə qədərdir?

- Logistika xərclərini nəzərə almaqla, təqribən 1 dolların üstündə olan bir rəqəmlərdir. Yəni ixracatçılar tərəfindən fermerlərdən alınan məhsulun maksimal qiyməti 80 sent, daşınma xərcləri təqribən 20 sent təşkil edir. Təqribən 1,3 manat. Bəzi hallarda fermerlərdən alınan narın qiyməti onun ölçüsündən xırdalığından asılı olaraq 30-40 sentə qədər azala bilər. Keyfiyyətli məhsulun qiyməti isə 14-15 manatdır. Fevral ayında bu qiymət 20-22 manata qalxacaq. Məsələn, o gün mən Yaşıl bazarda narın kiloqramını 14 manatdan aldım.

- Sizin öz nar təsərrüfatınız olduğu halda bazardan alırsınız?

- Öz narımızı ixrac edib satmışıq artıq, ona görə özümüz də bazardan alırıq, həm də təmsil etdiyim sahədə qiymətləri öyrənirəm. Aldığım narla bağlı qeyd edim ki, hamısı salafana salınmış, Göyçay və yaxud Hacıqabuldan gətirilmiş məhsullardır. Amma o da çox deyil, bazarda keyfiyyətli nar qıtlığı var.

- Fərhad müəllim, belə məlum oldu ki, Azərbaycan öz narını yalnız Rusiya və Ukraynaya ixrac edir, Avropaya heç nə satılmır, eləmi?


- Ümumilikdə bəli, amma bu il ilk dəfə olaraq Azərbaycan narı Almaniyaya gedib, ixrac olunub. Bizim yüksək məhsuldarlıqla məhsul yetişdirən üzv təsərrüfatımız var. Onun məhsulları Almaniyaya ixrac edilib və düşünürəm ki, yüksək səviyyədə bəyənilibdir və inşəallah gələn illərdə Azərbaycan narları artıq Almaniyaya bir yox, bir neçə furalarla, maşınlarla ixrac edilər.

- Rusiyaya ixrac olunan məhsul üçün tələblərlə, Avropadakı tələblər fərqlidir, yəqin ki, daha sərtdir, eləmi?


- Bəli, təbii ki, Avropa qida təhlükəsizliyi ilə bağlı sertifikatlarını tələb edir, o sertifikatlara uyğun belə deyək, pessiditlərin miqdarı müəyyən olunur, qadağan olunmuş, qadağan olunmamış dərman, gübrə, belə deyək, cədvəli mövcuddur, ona görə də biz əgər Azərbaycandakı fermerlər Avropa bazarlarına hədəfləniriksə, biz Avropanın irəli sürdüyü sertifikatlara, tələblərə uyğun narlar yetişdirməliyik və o da təbii ki, maya dəyərində ciddi artıma səbəb olur.

- Fermerlərimiz Avropada narla bağlı qoyulan tələblərlə necə tanış ola bilərlər?


- Biz Assosiasiya olaraq Avropa Birliyi tərəfindən qrant layihəsinin qalibi olmuşuq, 590 min avroluq qrant layihəsinin qalibiyik və burada “Narçılıq dəyər zəncirində üstün keyfiyyətin əldə edilməsi və kəmiyyət göstəricilərinə dəstək”, adlı layihədir və Mil, Muğan, Aran zonasında yerləşən 7 rayonu və 1400 fermeri əhatə edir. Bizim assosiasiya tərəfindən bu layihəylə birgə çap etdiyimiz ədəbiyyatlar da mövcuddur, Kənd Təsərrüfatı Nazirliyi də bununla bağlı bizimlə çox sıx çalışır, dövlət aqrar inkişaf mərkəzləri çox sıx çalışırlar, institutlar və s.

- Siz dediniz ki, bizim keyfiyyətli nar istehsalı ilə bağlı problemlərimiz var, hansı ki, məhsulların böyük hissəsi lazımi keyfiyyətə cavab vermir deyə ixrac olunmur, səbəbi nədir bunun?


- Keyfiyyətli məhsulun istehsal edilməsi üçün bir neçə məsələ həll edilməlidir. Birincisi, mən bunu hər zaman bildirirəm ki, Azərbaycanda keyfiyyətli tingçilik təsərrüfatları qurulmayıb. Azərbaycanda hektardan 30 tondan artıq məhsul alan fermerlərimiz var, biz həmin üzvlərlə birlikdə pilot layihə həyata keçirə bilərik ki, məsələn Azərbaycanda olan bağların tutaq ki, 10 min hektarını götürüb biz dediyimiz qaydada təsdiqlənmiş, sertifikatlanmış, tinglərin əkilməsi və yaxud köhnə tinglərin bərpa edilməsi ilə bağlı biz bu işləri həyata keçirsək, normal aqro-texniki qulluq, keyfiyyətli dərman-gübrə istehsalı, maarifləndirici tədbirlər həyata keçirməklə, düzgün suvarmaylabiz keyfiyyətli məhsul əldə edə bilərik.

- Bu, birinci məsələdir, daha hansı məsələlər həll edilməlidir?


- Bundan başqa, keyfiyyətli məhsul əldə edib amma onu düzgün qablaşdırmamaq, bu da fəsadlar yaradan bir məsələdir. Bu mənada biz inkişaf etmiş, yəni narçılığın inkişaf etdiyi ölkələrdən biz xeyli maarifləndirici məsələlər öyrənə bilərik.

Digər mühüm məsələ susuzluqdur - keçən illərdə susuzluq səbəbindən məhsuldarlığımız aşağı düşüb. Biz dəfələrlə bununla bağlı hökumətimizə və aidiyyatı qurumlara müraciət etdik, kimlərdənsə cavab aldıq, kimlərdənsə almadıq, amma nəticədə bizim məhsuldarlığımız xeyli düşdü. Halbuki, fermerlərimiz öhdəlik daşıyırlar, onların maliyyə borcları mövcuddur.

- Sizin qaldırdığınız işləri – tingçilikdən tutmuş aqro-texniki qulluq, yaxşı keyfiyyətli gübrələr verməklə, bunların hamısı vəsait tələb eləyir. Burada iki məsələ çıxır: fermerlərin bu vəsaitə çıxışı varmı, kredit götürmək imkanları varmı? İkinci məsələ, bu işləri görəndən sonra narın maya dəyəri nə qədər artacaq?


- Ümumiyyətlə, dövlətimiz tərəfindən bir hektara ənənəvi bağlara, bağçılığa 240 manat, intensiv bağçılığa isə ilə 4 ilinə 800 manat subsidiya verilir. Təbii ki, mən burada birbaşa fermerlərin mənafeyi olaraq çıxış edirəm və bildirirəm ki, bu rəqəmlər bizimçün çox azdır. Nəzərə alsaq ki, işçi qüvvəsi, suvarma, hədəfləndiyimiz bazarlara uyğun dərman, gübrə, pestisid təchizatı, qablaşmada lazım olan müəyyən ləvazimatlar - bunlar hamısı təbii ki, xərclər yaradır. Ona görə subsidiyaların daha da artırılmasını istəyirik.

- Subsidiyaların təqribən nə qədər artırılmasını istəyirsiniz, məsələn 240 manatlıq subsidiyanın nəqədər olması sizcə daha düzgüqn olardı?


- Mən sizə açıq deyim, bir hektar əgər normal qaydada biz bağın birinci 3 ilinə qədər olan xərclərinə nəzər salsaq, bu, məsələn, 1000-1200 manat civarında ola bilər.

- Söhbət hazırda 800 manat olan subsidiyadan gedir?


- Bəli, intensiv bağçılığı nəzərdə tuturam. Özü də bu bağın 3 illiyə qədər olan dövrüdür. Üçüncü ilindən sonra təbii ki, ağaclar bir az böyüyəndən sonra orada xərclər daha da artır və bu rəqəm təqribən 3 min manatın üzərinə çıxır. Amma biz Avropa bazarlarına ixracımızı düşünsək, yəni bağı həsmin tələblərə uyğunlaşdırsaq onda bizim 1 hektar üçün xərclərimiz ümumiyyətlə 5 min manatın üzərinə qalxa bilər.

- Bağa bu xərci çəkməyinə dəyərmi? Yəni bu qədər xərc çəkəndən sonra oradan gələn gəlir özünü doğruldurmu?


- Təbii ki. Avropa bazarlarında mənfəət marjası, Rusiya və Ukrayna bazarları ilə müqayisədə daha çoxdur. Çünki orada məhsul bilirsiniz ki, avroyla satılır və hətta elə olur ki, bir narın qiyməti 2-3 avro qiymətində ola bilir, bununla da biz Azərbaycanda fəaliyyət göstərən fermerlərin maliyyə rifahını qaldıra bilərik. Yenə deyirəm, işçilik, narçılıq ümumiyyətlə, əl əməyinə, insan əməyinə çox bağlıdır, çox sevilir. Mən çox arzulayıram ki, bizim bu milli-mədəni irsimiz olan narın inkişaf etdirilməsini hərtərəfli həyata keçirək.

- Azərbaycanda nar bağlarının dövlət tərəfindən güzəştli sığortası başlayıb. Bu barədə məlumatınız varmı və buna necə yanaşırsınız?


- Bəli, onunla bağlı məlumatımız var və bununla daha geniş şəkildə tanış olub fermerlərimizə tövsiyələrimizi verəcəyik. Aqrar sığorta, xüsusilə də nar bağlarının sığortası bizim üçün çox vacib lazım olan məsələdir.

15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET