Menu
Xəbər Lenti
24 Mrt 09:26Manşet / Gündəm

Tarixçidən maraqlı faktlar: “Şəxs öldürülsə də, papağı ailəsinə çatdırılırdı”

 

Baku TV-də yayımlanan “Aydın tarix” verilişinin yeni buraxılışında papaqlardan bəhs olunub.

Qeyd olunub ki, dünya mədəniyyəti panteonuna orijinal milli-mənəvi və maddi dəyərlər bəxş etmiş türk xalqları papağa daim böyük önəm verib, kişili-qadınlı müxtəlif papaq növlərindən istifadə ediblər. Papaq namus, şərəf simvoluna çevrilib, eyni zamanda onu daşıyan şəxsin sosial statusunun əsas göstəricilərindən biri olub.

Vurğulanıb ki, kişinin papağına baxmaqla onun hansı təbəqəyə mənsub olduğunu təyin etmək mümkün idi.

20-ci əsrin əvvəllərinə qədər papaq Azərbaycanda baş geyimi olmaqla yanaşı, həm də simvol sayılırdı. Cəsarət, ləyaqət və şərəf rəmzi hesab olunurdu. Hətta bir kişinin papağının oğurlanması onun sahibinə qarşı düşmən hücumu kimi qiymətləndirilirdi.

Papaq sahibinin papağı ölümündən sonra belə hörmətli tutulurdu. Məlumatçıların söylədiyinə görə, sovet rejimindən Türkiyəyə qaçmış qazaxlı Qiyas bəy xəyanət nəticəsində Qarsda öldürülərkən onun papağı qohumları tərəfindən götürülərək ailəsinə çatdırılıb, bu günə qədər nəvəsinin ailəsində qorunur.

Xalq arasında papağa o qədər önəm verilir ki, hətta başında papaq olmayan kişi məhkəmədə şahidlik edə bilməzdi.

Daha ətraflı videomaterialda: