Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
"Novruz bayramı Azərbaycan xalqının milli varlığının və mədəni sərvətlərinin dolğun təcəssümü olan müqəddəs el bayramdır.
Azərbaycan xalqının zəngin milli dəyərlər sistemini və adət-ənənələrini yaşadan bayramlar sırasında Novruz bayramı xüsusi yer tutur. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə ehtiva edən bu bayram, eyni zamanda sərhəd tanımayan türkün bütün əzəli torpaqlarında məskunlaşmış, eyni soykökünə mənsub insanları sarsılmaz birliyə, dostluq və həmrəyliyə, bolluq və firavanlıq uğrunda birgə mübarizəyə səfərbər edən, onların milli-etnoqrafik dəyərlərini tarix boyu bütün incəliklərinə qədər qoruya-qoruya çağdaş dünyamıza gətirib çıxaran bəşəri bir bayramdır.
Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifik inanclarını, folklorunu, milli varlığını bütün zənginliyi ilə özündə əks etdirən bu bayram həmçinin əcdadlarımızın indiki nəsillərə misilsiz yadigarı və əbədiyaşarlıq rəmzidir.
Ulu Öndər Heydər Əliyevin Novruz bayramı haqqında səsləndirdiyi fikirlərə nəzər salsaq, bu bayramın əzəmətinin böyüklüyünün bir daha şahidi olarıq:
“Novruz bayramı xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomendir. Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xöşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir”.
Novruz bayramı, bayram adət-ənənələri təkcə sadə xalq arasında deyil, həmçinin siyasi arenalarda da qeyd olunur. Beləliklə Novruz bayramlaşma təcrübəsi, qarşılıqlı hörmət və etibarlı münasibətlərin tərənnümü, yeni siyasi mədəniyyətdir desək, heç də yanılmarıq.
Azərbaycan xalqının qədim adət-ənənələrini, milli mənəvi dəyərlərini özündə əks etdirən bu möhtəşəm bayram xalqımızın milli bayramı olaraq artıq bütün dünyada geniş təbliğ olunur. Təbii ki, aparılan uğurlu dövlət siyasəti nəticəsində Novruz bayramı haqqında dünyanın bir çox ölkələri və xalqları yetərincə məlumatlıdırlar. Bu istiqamətdə həyata keçirilən tədbirlərin təbliğində sözsüz ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi təqdirəlayiqdir. Mehriban xanım Əliyevanın uğurlu xidmətləri nəticəsində Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına daxil edilmişdir. Xüsusi vurğulamaq lazımdır ki, Mehriban xanım Əliyevanın məqsədyönlü fəaliyyəti sayəsində xalqımızın milli bayramı olan Novruzun beynəlxalq müstəvidə tanıdılması istiqamətində həyata keçirilən tədbirlər Azərbaycan mədəniyyəti tarixində mühüm hadisə hesab edilməlidir.
Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixə dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr-2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub.
Artıq üçüncü bahardır ki, xalqımız öz əziz bayramını işğaldan azad olunan ərazilərdə böyük sevgi və coşqu ilə qarşılayır, doğma Qarabağımızda, Şuşamızda bayram tonqalları alovlandırılır, yurd yerlərimiz öz əzəli sahibləri tərəfindən dirçəldilir, bərpa olunur. Təbii ki, bütün bunlar hər birimizdə yüksək fərəh hissi yaradır, hər birimizi qürurlandırır. Məhz prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Rəşadətli ordumuzun qəhrəmanlığı, əbədiyaşar qəhrəmanlarımız olan şəhidlərimizin öz canları, qanları bahasına azadlıq bəxş etdikləri əzəli torpaqlarımızda 30 ildən sonra yenidən Novruz sevinci yaşanır, müstəqil qüdrətli Azərbaycan tarixinin ən şanlı dövrünə qədəm qoyur. Necə deyərlər, Qalib yurda bahar gəlir. Xüsusilə Novruz bayramı günlərində ölkə prezidenti cənab İlham Əliyevin qalib sərkərdə olaraq Şuşada, Cıdır düzündə Novruz tonqalı yandırması fonunda bu zəfərin, qalibiyyətin hər dəfə möhtəşəm şəkildə şahidi oluruq.
Beləliklə “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” deyən möhtərəm prezidentimiz cənab İlham Əliyev Azərbaycan xalqının arzularını reallaşdıraraq xalqımızın qüdrətini, yenilməzliyini, müzəffərliyini bütün dünyaya nümayiş etdirir.
Qoy təbiətin oyanması və yeniləşmənin rəmzi olan bu bayram ürəklərdə ancaq saf niyyətlər, xoş duyğular oyatsın, hər evə, hər ocağa səadət və sağlıq, ölkəmizə sülh, əmin-amanlıq və uğurlar gətirsin !
Yaz günəşinin şəfəqləri ocaqlarımızı qızdırsın, yurdumuz əmin-aman, ocaqlarımız yanar, torpağımız daim bərəkətli olsun !