“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
“Zahid Niftəliyevin burada oturmasının baş səbəbkarı Nəcməddin Sadıkovdur”
Müdafiə Nazirliyinin “Şlyapa Zahid” ləqəbli məşhur zabiti Zahid Niftəliyevin məhkəmə istintaqı başlayıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda əvvəlcə Niftəliyevin vəkili bir sıra vəsatətlə çıxış edib.
Vəsatət aydın olsun deyə, qısa olaraq xatırladaq ki, Zahid Niftəliyev “AtaBank” ASC-yə saxta məlumatlar təqdim etməklə, 24 milyondan çox kredit götürüb. O, götürdüyü krediti təyinatı üzrə istifadə etməməklə banka xüsusilə külli miqdarda ziyan vurub.
Müdafiə tərəfi hesab edir ki, bu cinayət işində əsas fiqur Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovdur. Bu səbəbdən vəkil Sadıkovun məhkəməyə çağırılıb dindirilməsini istəyib:
“Zahid Niftəliyevin burada oturmasının baş səbəbkarı Nəcməddin Sadıkovdur. Silah alınması ilə bağlı kiminsə adına şirkət açılmalı imiş, Nəcməddin Sadıkov da müvəkkilimdən istifadə edib. “Şahin Co” MMC onun adına açılıb. Şirkətin fəaliyyəti üçün də Baş Qərargah rəisi ilə mərhum vergilər naziri Fazil Məmmədov arasında razılaşma olub. 2017-ci ildə Fazil Məmmədov işdən çıxarıldı, ondan sonra da yavaş-yavaş hər şeyin üstü açıldı. Zahid Niftəliyevdə şirkətin nə möhürü, nə sənədi olub. Bütün bu məsələlərə aydınlıq gətirilməsi üçün Nəcməddin Sadıkov məhkəməyə gəlməlidir”.
Vəkil Sadıkovdan başqa, “AtaBank” ASC-nin Müşahidə Şurasının sədri olmuş Dəyanət Quliyev və xəzinədar Barat Heydərova da suallarının olduğunu deyib, onların da məhkəməyə çağırılmasını xahiş edib.
Müttəhim Niftəliyev şüşə qəfəs arxasından başını yelləyərək müdafiəçisinin dediklərini təsdiq edib.
Məhkəmə hazırkı mərhələdə vəsatəti baxılmamış saxlayıb. Sədrlik edən hakim Novruz Kərimov bəyan edib ki, vəsatətlərə indiki vaxtda baxıla bilməz. Ona görə ki, qaldırılan məsələlər sübutların araşdırılması mərhələsinə aiddir.
Zərərçəkmiş bankın nümayəndəsi isə “Şlyapa Zahid”ə qarşı mülki iddia qaldırıb. Nümayəndə banka dəymiş ziyana görə 24 milyon 234 min manat tələb edib. Mülki iddia icraata qəbul edilib.
Prosesin davamında ilk baxış iclasının predmetinə uyğun olaraq ittiham aktı elan olunub. İttihamda deyilir ki, Zahid Niftəliyev məqsədyönlü şəkildə külli miqdarda kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb. O, şirkətin təsərrüfat və maliyyə vəziyyəti barədə “AtaBank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit götürüb və təyinatı üzrə istifadə etməyib. Həmin kreditə dair çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməyib. Bu əməllərinə görə Zahid Niftəliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
Hakim deyib ki, verilmiş ittihamlar məhkəmədə sübut olunarsa, təqsirləndirilən şəxsə 17 ilə kimi azadlıqdan məhrumetmə cəzası verilə bilər. Amma dəymiş ziyan ödənildiyi halda bu, yumşaldıcı hal hesab edilə bilər.
“Şlapa Zahid” özünü təqsirli bilməyərək “mən təqsirli deyiləm, ittihamları da qəbul etmirəm”, - deyib. O, istintaq materialları ilə tam tanış olmaq üçün vaxt istəyib. Məhkəmə onun istəyini nəzərə alıb.
Hakimlər əmək məzuniyyətinə getdiyi üçün növbəti proses sentyabrın 25-nə təyin edilib.
Qeyd edək ki, Z.Niftəliyev ötən il başqa cinayət işi üzrə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Yeni cinayət işinə görə o, hələ də istintaq təcridxanasında saxlanılır.
Sail Ağasəlim