Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
"Bu qərar onu göstərir ki…" (ŞƏRH)
"Blinkenin Təl-Əvivin İrana cavab zərbəsinə icazə verməsi ilk növbədə İsrailin təhlükəsizlik tədbirlərinə ABŞ-ın dəstəyi anlamına gəlir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Rüstəm Tağızadə ABŞ dövlət katibi Entoni Blinkenin İsrailin İrana cavab zərbəsini dəstəkləməsini şərh edərkən deyib.
"Blinkenin bəyanatı ABŞ-ın İsrailin təhlükəsizliyini prioritet hesab etdiyini vurğulayır. Cavab zərbəsinə dəstək o deməkdir ki, ABŞ İranın iddia edilən hərəkətlərinə, o cümlədən raket hücumu və mümkün sui-qəsd cəhdlərinə İsrailin güclü cavabını əsaslandıran təhdidlər kimi görür", deyə Rüstəm Tağızadə bildirib.
Politoloq qeyd edib ki, bu dəstəklə digər tərəfdən, ABŞ İranı strateji baxımdan çəkindirməyə çalışır:
"İsrailin İrana qarşı potensial hücumunu dəstəkləməsini, ABŞ həmçinin Tehrana hər hansı aqressiv hərəkətin onun özünə qarşı əhəmiyyətli nəticələr verəcəyini nümayiş etdirən mesaj kimi də dəyərləndirmək olar. Bu, ABŞ-ın müttəfiqlərinin arxasında dayandığına işarə olmaqla, regionda çəkindirmə qabiliyyətini qorumağın bir yoludur".
Ekspertə görə, Blinkenin açıqlaması gərginliyin idarə edilməsi anlamına gəlir:
"Blinken dəstəyini ifadə etsə də, vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyin vacibliyini də vurğulayıb. Bu, ABŞ-ın Yaxın Şərqdə sabitliyin qorunması ilə bağlı narahatlığını əks etdirir. Vaşinqton çox güman ki, "Hizbullah” və digər İran müttəfiqləri də daxil olmaqla, regionda bir çox aktorları cəlb edə biləcək genişmiqyaslı münaqişənin qarşısını almaqla müttəfiqini dəstəkləmək arasında balanslaşdırılmış siyasət aparır”.
Politoloq düşünür ki, ABŞ-ın İsrailin hücumunu dolayısı ilə təsdiqləməsi onsuz da gərgin olan ABŞ-İran münasibətlərini pisləşdirə, Tehranın nüvə proqramı kimi məsələlərlə bağlı diplomatik səylərə və ya danışıqlara potensial təsir göstərə bilər:
"Bu qərar onu göstərir ki, ABŞ İranla düşmənçilik etmək riski olsa belə, İsraillə strateji müttəfiqliyinə üstünlük verir”.
Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken İsrailin İrana cavab zərbəsini dəstəkləyərək, bunun yaxın zamanda olacağını açıqlayıb. Bununla yanaşı, o bildirib ki, bu hücum eskalasiyaya səbəb olmamalıdır:
"İsrailin İrana cavab zərbələri Yaxın Şərqdə gərginliyin artmasına gətirib çıxarmamalıdır. İsrailin eskalasiyanın daha da artmasına səbəb olmayacaq şəkildə cavab verməsi çox vacibdir”.
Bu açıqlama ilə dövlət katibi əslində dolayısı ilə İsrailin İrana hücum etməsinə razılığını bildirib.
Rüfət Sultan