Menu
Xəbər Lenti
Çaylarda sululuq artdı
Bugün, 08:24

Çaylarda sululuq artdı

05 May 13:52Manşet / Gündəm / Siyasət

“Hər şeydən üstün Vətən sevgisi” Vətəni Azərbaycanı “Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan” söyləyərək sevən böyük Azərbaycanlı Ulu Öndər Heydər Əliyev

“Hər şeydən üstün Vətən sevgisi” Vətəni Azərbaycanı “Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan” söyləyərək sevən böyük Azərbaycanlı Ulu Öndər Heydər Əliyev

HƏR ŞEYDƏN ÜSTÜN VƏTƏN SEVGİSİ. HEYDƏR ƏLİYEV-102
Ulu Öndər Heydər Əliyevin həyat yolu və Azərbaycan sevgisi


“Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan?!” – Bu sözlər təkcə bir şairin poetik ruhunun təzahürü deyil, eyni zamanda Ulu Öndər Heydər Əliyevin bütün ömrü boyu rəhbər tutduğu ali ideyanın – Vətən sevgisinin ən saf, ən uca ifadəsidir. Heydər Əliyev Azərbaycanı sadəcə sevmədi – o, bu sevgini əməli fəaliyyəti, fədakarlığı, mübarizliyi və millətə bağlılığı ilə yaşadı və yaşatdı. Onun həyatının, düşüncələrinin, hər bir addımının mərkəzində yalnız bir amal dayanırdı: Azərbaycan!
Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olmuşdur. Onun ilk vətən sevgisi doğma Naxçıvan torpağından başlamış, bu sevgi illər keçdikcə bütöv Azərbaycana, onun xalqına və dövlətinə yönəlmişdi. Uşaqlıqdan zəhmətə alışmış, təhsilə böyük əhəmiyyət vermiş, xalqın dərdini öz dərdi bilən bir gənc kimi formalaşan Heydər Əliyev daha o illərdə Vətənə xidmət etməyi qarşısına məqsəd qoymuşdu. Sovet hakimiyyətinin sərt ideoloji mühitində belə öz milli kimliyini qorumağı bacaran bu gənc, zaman keçdikcə bütöv bir millətin taleyinə yön verəcək bir liderə çevrildi.
Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra milli oyanışın, iqtisadi və mədəni dirçəlişin təməlini qoydu. O illərdə Azərbaycanda sosial-iqtisadi vəziyyət olduqca zəif idi. Sənaye, kənd təsərrüfatı geridə qalır, milli mənəviyyat unudulurdu. Heydər Əliyev rəhbərliyə gələr-gəlməz ilk növbədə xalqın rifahını yaxşılaşdırmaq, milli kimliyi qorumaq və Azərbaycanın inkişafını təmin etmək üçün ciddi addımlar atdı.

Onun dövründə çoxlu sayda sənaye müəssisəsi açıldı, ali məktəblərə azərbaycanlıların qəbul faizi yüksəldi, Azərbaycanın gəncləri SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərildi. Təsadüfi deyil ki, onun təşəbbüsü ilə minlərlə azərbaycanlı gənc Moskva, Leninqrad, Kiyev və digər şəhərlərdə təhsil alaraq vətənə peşəkar mütəxəssis kimi qayıtdılar. Bu, uzaqgörənlik idi – Heydər Əliyev bilirdi ki, Azərbaycanın gələcəyi savadlı, vətənpərvər kadrlardan asılı olacaq.
1982-ci ildə SSRİ rəhbərliyi tərəfindən yüksək vəzifəyə – SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunan Heydər Əliyev Moskvada çalışsa da, Vətəndən – Azərbaycandan bir an belə ayrılmadı. Onun oradakı fəaliyyəti bütövlükdə SSRİ məkanı ilə bərabər, Azərbaycan xalqı üçün də xüsusi əhəmiyyət daşıyırdı. O, azərbaycanlıların hüquqlarını qoruyur, onların yüksək vəzifələrə təyin edilməsinə dəstək verirdi. Bu, o illərdə çox nadir hal idi.
Lakin ən maraqlı məqam odur ki, Heydər Əliyev hər zaman deyirdi: “Mənim qəlbim Azərbaycanla döyünür.” Bu sözlər təkcə emosional bir ifadə deyil, həm də onun içdən gələn millət sevgisinin, torpaq sevgisinin əyani sübutudur.
1990-cı ilin 20 Yanvar faciəsi xalqımızın tarixinə qanla yazılmış bir gün oldu. Həmin vaxt Heydər Əliyev Sovet hakimiyyətinin rəsmi təzyiqlərinə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Sovet İttifaqının törətdiyi qanlı cinayəti kəskin şəkildə pislədi. Bu, cəsarət idi. Bu, xalqın ağrısına şərik olmaq, ona arxa durmaq, düşmənə baş əyməmək idi. Elə həmin gündən etibarən xalqın içində Ulu Öndərə olan inam daha da artdı.
1993-cü ildə isə Azərbaycan tarixin ən ağır günlərini yaşayırdı: vətəndaş müharibəsi təhlükəsi, iqtisadi böhran, separatçılıq, anarxiya... Bu zaman xalqın tək ümidi Heydər Əliyevə idi. O, xalqın çağırışı ilə yenidən hakimiyyətə gəldi və tarixi xilaskarlıq missiyasını yerinə yetirdi.
Heydər Əliyevin rəhbərliyi dövründə hüquqi dövlət quruculuğu başladı. Yeni Konstitusiya qəbul olundu, demokratik təsisatlar formalaşdı, neft strategiyası müəyyənləşdirildi. Onun uzaqgörənliyi ilə 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı və bu, Azərbaycanın iqtisadi müstəqilliyini möhkəmləndirdi. Artıq Azərbaycan dünyada tanınmağa başlamışdı.
Onun vətənə sevgisi təkcə ideoloji deyil, həm də əməli xarakter daşıyırdı. Heydər Əliyev daim deyirdi: “Mənim həyatımın mənası da, məqsədi də, amalım da yalnız Azərbaycana xidmət etməkdir.”
Ulu Öndər Heydər Əliyev üçün Qarabağ məsələsi milli şərəf və dövlətçilik məsələsi idi. O, bu münaqişənin sülh yolu ilə həll olunması üçün beynəlxalq arenada yorulmadan çalışdı. O, dünya ictimaiyyətinin diqqətini bu problemin mahiyyətinə yönəldərək Azərbaycanın haqlı mövqeyini müdafiə edirdi. Onun strateji baxışları nəticəsində ölkəmiz həm siyasi, həm də iqtisadi cəhətdən möhkəmləndi və bu da gələcək Qələbənin əsaslarını yaratdı.
Ulu Öndərin həyat yolu bütün gənclər üçün vətənpərvərlik məktəbidir. Onun nitqləri, davranışı, sadəliyi, cəsarəti, prinsipiallığı və fədakarlığı Azərbaycan sevgisinin ən gözəl nümunəsidir. O, vətəni sevməyi təmtəraqla yox, əməli ilə sübut edən bir lider idi.
Ulu Öndər deyirdi: “Azərbaycanın bugünkü müstəqilliyi əbədi, dönməz və sarsılmaz olacaqdır.” Bu əminlik onun xalqa olan inamından, Vətənin sabahına olan ümidindən qaynaqlanırdı. Və bu əminlik Prezident İlham Əliyevin uğurlu siyasəti ilə özünü 2020-ci ildə Qarabağın azadlığı ilə bir daha sübut etdi.
Bu gün Azərbaycanda həyata keçirilən siyasi, iqtisadi və sosial islahatların əsasında məhz Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası dayanır. Prezident İlham Əliyev atasının ideyalarını layiqincə davam etdirərək Azərbaycanı qalib ölkəyə çevirib. Bu da bir daha göstərir ki, Vətən sevgisi ilə yoğrulmuş siyasət nəinki bu günü, hətta gələcəyi də müəyyən edir.
Ulu Öndər Heydər Əliyevin ömrü Azərbaycanın müstəqilliyinə, xalqımızın rifahına həsr olunmuş bir həyat salnaməsidir. O, Vətənin dar günündə də, şanlı günündə də daim xalqının yanında oldu. Onun ən böyük arzusu Azərbaycanı azad, firavan və güclü görmək idi. Bu arzu bu gün reallığa çevrilib.
Heydər Əliyev təkcə siyasi lider deyil, həm də mənəvi bir zirvədir. Onun qəlbində xalqına, dövlətinə, torpağına, tarixinə sonsuz məhəbbət vardı. O, Azərbaycanın müasir tarixinə öz imzasını əbədi yazdı. Bu imza – vətənə sədaqət, xalqa xidmət və dövlətçiliyə sonsuz bağlılıq imzasıdır.

Pərvanə Mirzə qızı İmamquliyeva
Gəncə şəhər 13 saylı körpələrevi-uşaqbağçasınınmüdiri
“ElGücü” QHTtəşkilatınınqərbzonası üzrə Qadınlar Şurasınınsədri,
Gəncə şəhərGDRTİ-ninMTM üzrə YAP-nınsədri,
"Fövqəlbəşər, Fenomenal, Dahi" kitabınınhəmmüəlliflərindənbiri