İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada inşa edilən birinci yaşayış kompleksində olublar
Ürəklərə səpələnmiş ömür... - Foto
Qafqazinfo.az
Əgər ömür vəfa qılsaydı, indi 70 yaşının necə xoş arzuyla, yaxınlarının, əzizlərinin, yetirmələrinin necə böyük məhəbbətlə qeyd edildiyini özü də görərdi. Səcdəyə layiq şəxsiyyət nümunəsi, zəhmətdən yoğrulmuş, şərəf və saflıqla bəzənmiş ömür yolu qoyub getdi. Şirəli Əhədov xeyirxah, ləkəsiz, şərəfli, büllur kimi parlaq bir ömür yaşadı...
Yaradıcı, zəhmətkeş insan harada, hansı peşədə, sənətdə çalışmasından asılı olmayaraq mənalı ömür sürür, əməlləri özündən sonra da danışılır, yaşayır, unudulmaz xatirələr qoyub gedir. Belə simalardan biri də Şirəli Əhədov idi. İnsan ömrü axar suya bənzəyir. Axar suyun da başlanğıcı və sonu var, insan ömrünün də. Axar sular da müxtəlif cür olur. Bəziləri gurultulu, bəziləri sakit, bəziləri dumduru bəziləri bulanıq, bəziləri şəfaverici olur. Ona görə də müdrik insanlar həmişə təmiz suya, bulaq düşməsinə bəzədilib, onlara su qədər ömür arzulayıb. Bu gün “Şirəli müəllim” ifadəsi onu tanıyanlar üçün bir fenomennə çevrilib, desək, səhv etmərik. Çünki hamı ondan müqəddəs bir şəxs kimi danışır. Bu gün 70 illiyi qeyd olunan Şirəli Əhədovun nağıla çevrilmiş, xatirəyə dönmüş həyatı, fəaliyyəti barədə nə qədər yazılsa da bitməz. Şirəli müəllim kimi insanlar təkcə sətirlərdə yox, ürəklərdə yaşayırlar.
Şirəli Əhədov 18 iyul 1955-ci ildə Masallı rayonunun Lürən ərazisinin Pircana kəndində dünyaya göz açmışdı. 1972-ci ildə isə Musaküçə kənd orta məktəbi fərqlənmə ilə bitirib. 1976-cı ildə VI Lenin (indiki N.Tusi) adına Azərbaycan Pedaqoji Universitetinin fizika fakültəsindən fərqlənmə diplomu ilə məzun olub. 1976-cı ildə əmək və təhsildə əldə etdiyi nailiyyətlərə görə keçmiş SSRİ Ali Sovetinin qərarı ilə “Şərəf nişanı” ordeni ilə təltif olunub. 1989-cu ildə fizikanın tədrisi metodikası sahəsində dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi-pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Onlarla elmi, pedaqoji, publisistik məqalələrin və müxtəlif kitabların müəllifi olan Ş.Əhədov 1976-cı ilin iyununda Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsində Tələbə inşaat dəstələri şöbəsində zona komissarı vəzifəsində çalışıb. Qısa müddətdən sonra öz xahişi ilə həmin vəzifədən azad olunub və Masallı rayonunun Musaküçə kənd orta məktəbində direktor müavini, məktəb direktoru, RTŞ-nin metodisti, inspektoru vəzifələrində çalışıb. 1991-ci ildə R.Əlihəsənov adına Masallı şəhər 1 nömrəli məktəbin direktoru, 1992-ci ildə Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhəri üzrə nümayəndəsi vəzifəsində işləyib. 1992-2000-ci Masallı rayon Təhsil şöbəsinin müdiri olub.
Ümummilli lider Heydər Əliyevin 30 iyul 2000-ci il tarixli sərəncamı ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bu tarix Şirəli Əhədovun həyatının ən yüksək zirvəsi hesab olunurdu. Zəmanəmizin və dünyanın ən böyük şəxsiyyətlərindən olan Ulu Öndərlə birlikdə çalışmaq, xüsusi dövlət tapşırıqları almaq çox çətin və şərəfli imtahan kimi Şirəli Əhədova qismət olduğundan özünü həmişə xoşbəxt insan hesab edirdi. 05 dekabr 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin İcra aparatının ərazi idarəetmə və yerli özünümüdafiə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində (dövlət qulluğunun baş müşaviri statusunda) çalışıb. Həyatının son illərində Bakı şəhəri C.Niftəliyev adına 233 nömrəli liseyin direktoru vəzifəsində çalışıb.
Şirəli Əhədovun 70 illik yubileyində dostları, yaxınları, onu sevən bütün doğmaları, əzizləri fəxrlə yad edirlər.
Onu tanıyanlar bu gözəl insanın, ustad müəllimin adını isti qəlblərində əbədi heykələ döndəriblər. Şirəli müəllim kimi şəxsiyyətlər ölməzdir. Onlar insanların qəlbində əbədi iz salmış dahilərdir. Allahdan Şirəli müəllimə qəni-qəni rəhmət diləyir, məkanı cənnət olsun deyirik.
Şamil Cəfər
Azərbaycan Yazıçılar Birliyinin üzvü
