Menu
Xəbər Lenti
Neftimiz ucuzlaşdı
30-12-2025, 08:50

Neftimiz ucuzlaşdı

Bayram günlərinin havası
30-12-2025, 08:12

Bayram günlərinin havası

Meteor yağışı olacaq
29-12-2025, 08:56

Meteor yağışı olacaq

01 Ock 11:49Manşet / Gündəm / Cəmiyyət

Səhər yeməyi inqilabı: Bakıda yeni həyat tərzi necə formalaşır?

 

Bir zamanlar evdə ailəliklə yeyilən səhər yeməyi artıq restoranlarda edilməklə şəhər həyatının gündəlik ritminə çevrilib. Səhər saatlarında dolu kafe və restoranlar göstərir ki, bu, yalnız aclığı yatırmaq deyil, eyni zamanda, sosial ünsiyyət və həyat tərzinin ifadəsidir. Son illərdə şəhərdə səhər yeməyi təklif edən məkanların sayı xeyli artıb, ənənəvi çay-pendir süfrəsindən tutmuş Avropa üslublu səhər yeməklərinə qədər geniş seçimlər təqdim olunur. Xüsusilə "səhər yeməyi setləri" bazarın əsas məhsuluna çevrilib. Maraqlıdır, hazırda bu istiqamətdə vəziyyət necədir? Müştərilər seçim edərkən nələrə üstünlük verirlər?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Qiymətlər necədir?

Paytaxtda səhər yeməyi təqdim edən restoranlarda qiymətlər məkanın konsepsiyasına və təqdim olunan menyunun zənginliyinə görə dəyişir. Sadə və klassik səhər yeməyi təklif edən məkanlarda bir nəfər üçün qiymət 25-30 manat civarında olur. Daha zəngin menyular və əlavə xidmətlər təqdim edən məkanlarda bu göstərici 35-45 manata qədər yüksəlir. Ailə və dostlarla birlikdə yeyilən səhər yeməyi setlərində isə minimum dördnəfərlik set 90-100 manat səviyyəsindədir. Restoran seçimində isə müştərilərin diqqət etdiyi əsas məqamlar arasında keyfiyyətli və təzə məhsullar, rahat sosial mühit və menyuların müxtəlifliyi ön plandadır.

Səhər yeməyi inqilabı: Bakıda yeni həyat tərzi necə formalaşır?

Statistika nə deyir?

Son illərdə Bakı şəhərində iaşə obyektlərinin dövriyyəsi də əhəmiyyətli artım göstərib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2023-cü ildə restoran və kafe sektoru üzrə illik dövriyyə təxminən 1.45 milyard manat təşkil edirdisə, 2024-cü ildə bu göstərici 1.70 milyard manata çataraq təxminən 17% artım göstərib. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin ümumi dəyəri isə 1 milyard 990.2 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 13.2 % çoxdur.

"Qiymətlər nəzərəçarpacaq dərəcədə yüksəlib"

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi deyib ki, son dövrdə Azərbaycanda ümumi inflyasiya və ərzaq qiymətlərinin artması fonunda ictimai iaşə sektorunda qiymətlər nəzərəçarpacaq dərəcədə yüksəlib:

"Rəsmi statistikaya görə, yalnız 2025-ci ilin ilk on ayında iaşə xidmətlərinin qiymətləri 5.4% artıb. Bu artım ölkə üzrə orta inflyasiyadan bir qədər aşağı olsa da, müştərilər xüsusilə səhər yeməyi menyularında bunu aydın şəkildə hiss edirlər. İstehlakçılar bildirirlər ki, əvvəlki illə müqayisədə səhər yeməklərinin həm qiyməti artıb, həm də bəzi yerlərdə porsiyalar kiçilib. Restoranlar xərclərin artması səbəbindən bəzən eyni qiymətə daha kiçik porsiya təqdim etməklə balans yaratmağa çalışır".

Səhər yeməyi inqilabı: Bakıda yeni həyat tərzi necə formalaşır?

"Premium seqmentdə restoranlar qiymətləri cəsarətlə artırır"

Mütəxəssisin sözlərinə görə, qiymət artımının səbəbi qida məhsullarının bahalaşması, işçi maaşlarının yüksəlməsi və icarə xərclərinin artmasıdır:

"Məsələn, 2025-ci ildə ərzaq məhsullarının qiymətinin təxminən 8% artması restoranların xammal xərclərini birbaşa artırıb. Eyni zamanda, ortaaylıq əməkhaqqının təxminən 9.5% yüksəlməsi və daşınmaz əmlakın bahalaşması icarə xərclərinə təsir edərək restoranların maya dəyərini artırıb. Nəticədə həm orta, həm də premium seqment restoranlar səhər yeməyi menyularının qiymətini yüksəltməyə məcbur olublar. Lakin orta və premium seqmentlər bu artımdan fərqli şəkildə təsirlənib. Ortasəviyyəli kafelər və ailəvi yemək məkanları qiymətə həssas müştəriləri qoruyub saxlamaq üçün daha ehtiyatlı davranırlar, bəzən porsiyaları azaldıb eyni qiyməti saxlamağa çalışırlar. Premium seqmentdə isə müştərilər daha yüksək keyfiyyət və təcrübə gözlədiyindən restoranlar qiymətləri cəsarətlə artıra bilir".

Pankek, omlet, avokadolu tost...

Səhər yeməyi məkanı seçərkən azərbaycanlı müştərilərin diqqət yetirdiyi meyarlara gəldikdə isə, həmsöhbətimiz bildirir ki, başlıca meyarlar qiymət, keyfiyyət, menyu çeşidi və məkan təcrübəsidir (atmosfer və xidmət):

"Bir çox müştəri üçün təzə və dadlı təamlar, gigiyena və təqdimat səviyyəsi əsas qərar faktorudur. Menyu çeşidi genişliyi də seçimə təsir edir. Məsələn, müştərilərin bəzisi klassik pendir-çörək, bal, qaymaqla kifayətlənsə də, bəzisi isə müxtəlif beynəlxalq yeməkləri - pankek, omlet, avokadolu tost, yaxud yüngül smuzi və yoğurt kimi sağlam alternativləri görmək istəyir. Azərbaycanda səhər yeməyi bazarı bu baxımdan xeyli rəngarəng olub. Artıq kafelər ənənəvi "kənd süfrəsi" konsepti ilə yanaşı, Avropa tipli və ya türk üslubunda zəngin təamlardan ibarət menyular təklif edirlər. Çeşid nə qədər çox olarsa, fərqli zövqlü müştəriləri cəlb etmək bir o qədər asan olur".

Səhər yeməyi inqilabı: Bakıda yeni həyat tərzi necə formalaşır?

"Səhər yeməyi mədəniyyəti daha da inkişaf edəcək"

S.Dübəndinin sözlərinə görə, qarşıdakı 2-3 ildə ölkədə səhər yeməyi mədəniyyəti daha da yayılacaq:

"Artan urbanizasiya və gənc nəsil arasında vərdiş dəyişikliyinin davam etməsi ilə evdən kənarda səhər yeməyi daha da adiləşir. Hazırda yaşlı nəslin çoxu üçün adi olmasa da, yeni nəsil bunu normaya çevirir. İnsanlar işgüzar görüşlərini, dostlarla görüşmələrini tez-tez səhər yeməyi masası arxasında həyata keçirəcəklər ki, bu da həftəiçi səhər saatlarında da restoranlara tələbi artıra bilər. Həftəsonu "brunch" trendləri daha da populyarlaşacaq, "Sunday brunch" formatında xüsusi proqramlar (canlı musiqi, açıq bufet və s.) təkliflər artacaq. Dünyadakı sağlam qidalanma tendensiyası nəzərə alınsa, yaxın gələcəkdə menyuların daha da sağlamlaşacağını proqnozlaşdırmaq olar. Evdən kənarda səhər yeməyi etmək artıq lüks deyil - həyat tərzinə çevrilir".