“İrana pulsuz nüvə yanacağı təklif etdik” - Danışıqların təfərrüatı

“İranın əsas prioriteti nüvə silahıdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt keçirdiyi brifinqdə deyib.
O, administrasiyanın İrana hücumlardan əvvəl Yaxın Şərqdəki amerikalılara kömək etməyə kifayət qədər hazır olub-olmadığı ilə bağlı artan tənqidləri rədd edərək, indiyə qədər davam edən əməliyyatları “uğurlu” adlandırıb.
ABŞ-nin şənbə günü İsraillə birlikdə hücumlara başlamasından bəri ilk brifinqində Livitt İranın “bir nömrəli prioritetinin” nüvə silahı əldə etmək olduğunu bildirib.
O, hücumlardan əvvəl Cenevrədə iki tərəf arasında aparılan danışıqlarda ABŞ-nin İran rejiminə təqdim etdiyi təkliflərin təfərrüatı açıqlayıb:
“Bu təkliflərə sanksiyaların aradan qaldırılması və potensial olaraq silah hazırlamaq üçün zənginləşdirmə qabiliyyətindən imtina müqabilində mülki nüvə proqramı üçün pulsuz nüvə yanacağı daxil idi.
Lakin İran rədd etdi. Onlar ABŞ-nin bu səxavətli və misli görünməmiş təkliflərinin heç birini qəbul etmədilər.
Sadə dillə desək, onlar sülhə “hə” deməkdən imtina etdilər”.
Livitt administrasiyanın Yaxın Şərqdəki amerikalılara ABŞ-yə qayıtmaq üçün kömək səylərini müdafiə edib.
Ağ Ev rəsmisi ABŞ-nin şənbə günü hücumlar zamanı altı hərbçisinin həlak olduğunu açıqlayıb.
Livitt İsrailin Baş naziri Benyamin Netanyahunun hücumlardan əvvəl Trampa zəng edərək, İranın Ali Lideri və onun yüksək vəzifəli şəxslərinin bir dəfəyə hücuma məruz qala biləcəyini bildirdiyini təsdiqləyib. O, söhbəti Trampın qərar qəbul etməsi üçün “vacib” adlandırıb.
Brifinqdə Livit həmçinin Trampın bazar ertəsi günü irəli sürdüyü müharibənin dörd əsas məqsədini xatırladıb: İranın raket imkanlarını məhv etmək, donanmasını sıradan çıxarmaq, nüvə silahına malik olmamasını təmin etmək və Tehranın bölgədəki qrupları maliyyələşdirməsinin qarşısını almaq. O əlavə edib ki, hakimiyyət dəyişikliyi isə bu dörd məqsəddən biri sayılmır.



















































