Menu
Xəbər Lenti
06 Mrt 04:57Manşet / Dünya

“Trampa sui-qəsd əmrini İran verdi”

trampa-sui-qesd-emrini-iran-verdi

ABŞ-də Prezident Donald Trampa və bəzi yüksək vəzifəli siyasətçilərə qarşı sui-qəsd planı hazırlamaqda ittiham olunan pakistanlı təqsirləndirilən şəxs məhkəmədə İran İnqilab Keşikçilərinin onu plan hazırlamağa məcbur etdiyini iddia edib. O bildirib ki, ailəsi Tehranda təhlükə altında olub.

“Qafqazinfo”nun məlumatına görə, 47 yaşlı Asif Raza Merçant 2024-cü ilin sentyabr ayında ABŞ siyasətçilərinə sui-qəsd etmək üçün qatilləri işə götürməyə cəhddə ittiham olunub.

Merçant ittihamları rədd edir və günahsız olduğunu iddia edir.

Məhkəmə dinləməsində ifadə verən Merçant İran İnqilab Keşikçilərinin təzyiqi altında hərəkət etdiyini bildirib. Onun sözlərinə görə, ailəsi İranın paytaxtı Tehranda təhdid edildiyi üçün planda iştirak etməyə məcbur qalıb:

“Ailəm təhdid altında idi və mən bunu etməli idim. Mən bunu könüllü etmədim”.

Təqsirləndirilən şəxs konkret olaraq bir nəfərin öldürülməsi üçün təlimat verilmədiyini, lakin planla əlaqəli üç adın olduğunu bildirib. Bu adlar ABŞ Prezidenti Donald Tramp, keçmiş Prezident Co Bayden və ABŞ-nin Birləşmiş Millətlər Təşkilatındakı keçmiş səfiri Nikki Heyli olub.

Bildirilir ki, Merçant 2022-ci ildə İran İnqilab Keşikçiləri ilə əlaqə saxlayıb.

Merçantın sözlərinə görə, ondan yalnız sui-qəsd planı hazırlamaq deyil, həm də etirazların təşkili, sənədlərin oğurlanması və çirkli pulların yuyulmasını əhatə edən daha geniş bir planın həyata keçirilməsi istənilib.

O qeyd edib ki, Tehranda yaşayan həyat yoldaşı və övladlığa götürdüyü qızının təhlükəsizliyindən narahat olduğu üçün təklifi qəbul edib.

Rəsmilərin sözlərinə görə, Merçant sui-qəsd üçün qatil axtararkən, əslində, gizli əməliyyat aparan FTB agentləri ilə əlaqə saxlayıb. Daha sonra əməliyyat başlayıb və o, həbs edilib.

ABŞ rəsmiləri daha əvvəl Merçantın İranla “sıx əlaqələri” olduğunu bildirərək, planın “İran rejiminin metodlarına bənzədiyini” iddia etmişdilər.

İddialara görə, İran İnqilab Keşikçiləri 2020-ci ildə ABŞ əməliyyatında komandir Qasım Süleymaninin öldürülməsindən sonra bəzi yüksək vəzifəli ABŞ rəsmilərinə qarşı sui-qəsd planları üzərində işləyib.

Merçantın işi ABŞ və İsrailin İrana qarşı hücumlar həyata keçirdiyi və İranın Ali Lideri Ayətullah Əli Xameneinin öldürüldüyü bir dövrdə dinlənilir.