Menu
Xəbər Lenti
Tramp Çinə gedir
13-05-2026, 06:48

Tramp Çinə gedir

14 yolda tıxac var - Siyahı
12-05-2026, 06:32

14 yolda tıxac var - Siyahı

16 May 21:00Manşet / Gündəm / İdman

Cəbrayıl məktəblisi Tunar Rüstəmzadə ardıcıl iki dəfə Avropa çempionu oldu

Cəbrayıl rayonunun idman sahəsində yetişdirdiyi gənc istedadlardan biri olan Tunar Rüstəmzadə növbəti möhtəşəm uğura imza atıb. Cəbrayıl rayonu Əsgər Veysəlov adına Sirik kənd tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi Rüstəmzadə Tunar Rüstəm oğlu Fransanın Lion şəhərində keçirilən uşu üzrə 20-ci Avropa çempionatında Azərbaycan bayrağını zirvəyə qaldıraraq qızıl medal qazanıb.
“Uguryolu.az” xəbər verir ki, 5–10 may 2026-cı il tarixlərində təşkil olunan nüfuzlu beynəlxalq yarışda müxtəlif ölkələrdən yüzlərlə idmançı iştirak edib. Gərgin və maraqlı keçən qarşılaşmalarda 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Tunar Rüstəmzadə bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adına layiq görülüb. Gənc idmançının nümayiş etdirdiyi yüksək peşəkarlıq, iradə və döyüş ruhu həm məşqçilər, həm də yarış iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb. Onu da xüsusi ilə qeyd edək ki, Tunar Rüstəmzadə erməni rəqibinə qalib gələrək 1-ci yeri qazanmışdır.
Tunar qazandığı bu möhtəşəm qələbəni Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr etdiyini bildirib. Bu isə onun yalnız güclü idmançı deyil, həm də vətənpərvər Azərbaycan gənci olduğunu bir daha nümayiş etdirib.
Qeyd edək ki, Tunar Rüstəmzadənin uğurları bununla məhdudlaşmır. O, hələ 2025-ci ildə Yunanıstanın Heraklion şəhərində keçirilən Avropa çempionatında da möhtəşəm nəticə əldə etmişdi. Həmin yarışda 42 kiloqram çəki dərəcəsində mübarizə aparan gənc idmançı bütün rəqiblərini məğlub edərək Avropa çempionu olmuş və Azərbaycanın idman tarixində adını uğurla yazdırmışdı. Beləliklə, Tunar ardıcıl iki dəfə Avropa çempionu olaraq böyük nailiyyətə imza atıb.
Məlumat üçün bildirək ki, Tunar Rüstəmzadə indiyədək iştirak etdiyi yarışlarda 50-yə yaxın döyüşdə qalib gəlib. Onun əldə etdiyi nəticələr əzmkarlığın, gərgin məşqlərin və peşəkar hazırlığın bariz nümunəsi hesab olunur. Gənc yaşına baxmayaraq, Tunar həm idman bacarığı, həm də nümunəvi davranışı ilə yaşıdlarına örnək olmağı bacarıb.
Bu böyük uğur təkcə Tunarın ailəsinin və məktəbinin deyil, bütövlükdə Cəbrayıl rayonunun və Azərbaycan idman ictimaiyyətinin qürur mənbəyinə çevrilib. Müəllimləri və məşqçiləri onun gələcəkdə dünya çempionatlarında və digər beynəlxalq turnirlərdə də ölkəmizi layiqincə təmsil edəcəyinə inanırlar.
Azərbaycan gənclərinin beynəlxalq arenalarda qazandığı uğurlar ölkəmizdə idmana göstərilən dövlət qayğısının nəticəsi kimi qiymətləndirilir. Tunar Rüstəmzadənin əldə etdiyi bu möhtəşəm qələbə bir daha sübut edir ki, Azərbaycan gəncliyi həm təhsildə, həm də idmanda böyük potensiala malikdir və gələcəkdə daha böyük zəfərlərə imza atmağa qadirdir.





Uguryolu.az