Menu
Xəbər Lenti
10 Haz 08:04Manşet / Dünya

İki ayda 37 dəfə “razılaşma çox yaxındır” deyib...

iki-ayda-37-defe-razilasma-cox-yaxindir-deyib

ABŞ Prezidenti Donald Tramp mart ayından bəri ən azı 37 dəfə İranla mümkün razılaşmanın “çox yaxın” olduğunu bəyan edib. Lakin bu müddət ərzində tərəflər arasında yekun razılaşma əldə olunmayıb və bölgədə gərginlik davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN-in hazırladığı təhlildə bildirilir.

Qeyd edilir ki, Tramp son iki ay ərzində dəfələrlə İranla danışıqların uğurla nəticələnəcəyini, hətta razılaşmanın “qaçılmaz” olduğunu bildirib.

Trampın bu mövzuda ilk diqqətçəkən açıqlamalarından biri martın 23-də səslənib. O, “Air Force One” təyyarəsində jurnalistlərə İranla aparılan danışıqlarda əsas məsələlər üzrə ciddi irəliləyiş əldə olunduğunu deyib. Həmin vaxt İran tərəfi belə danışıqların aparıldığını təkzib etmişdi.

Bundan sonra ABŞ lideri bir neçə dəfə Tehranın razılaşmaya hazır olduğunu, prosesin qısa müddətdə yekunlaşacağını və tərəflər arasında ciddi fikir ayrılığının qalmadığını iddia edib.

Aprelin əvvəlində Tramp razılaşmanın iki həftə ərzində əldə ediləcəyini bildirsə də, bu proqnoz özünü doğrultmayıb.

Aprel və may ayları boyunca Tramp müxtəlif çıxışlarında İranla razılaşmanın “son mərhələdə” olduğunu, prosesin “çox müsbət getdiyini” və yekun sənədin yaxın zamanda imzalana biləcəyini vurğulayıb.

Bəzi açıqlamalarında o, İranın, demək olar ki, bütün şərtləri qəbul etdiyini və danışıqlarda ciddi maneənin qalmadığını da iddia edib.

Bununla belə, may ayında Tramp etiraf edib ki, daha əvvəl də razılaşmaya yaxın olduqlarını düşündükləri məqamlar olub, lakin nəticə əldə edilməyib.

Tramp son olaraq bazar günü verdiyi açıqlamada İranla “yekun razılaşmaya çox yaxın” olduqlarını bildirib. O, eyni zamanda İran və İsrail arasında artan gərginliyin danışıqlara mənfi təsir göstərə biləcəyini qeyd edib.

Bu açıqlamalar ABŞ və İran arasında münasibətlərin yenidən gərginləşdiyi bir vaxta təsadüf edir.

CNN qeyd edir ki, Trampın “razılaşma yaxındır” mesajları artıq iki aydan çoxdur təkrarlansa da, hələlik tərəflər arasında konkret nəticə əldə olunmayıb.