HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
Göygöl yaylaqlarında böyük qayıdışın zəfər sədası: Ağbaba və Şörəyel ruhunun təntənəsi
Bu gün, iyunun 22-də, səhər saat 11:00-da Göygöl rayonunun füsunkar, bərəkətli və uca dağ yaylaqlarında tariximizin ən parlaq səhifələrindən birini canlandıran möhtəşəm bir dağ festivalı start götürdü. amasiya.az Amasiya Rayon İcmasının sədr müavini Elmar Hüseynovun informasiyasına əsaslanaraq xəbər verir ki, Göygöl Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə ərsəyə gələn bu böyük el şənliyi, sadəcə bir mədəniyyət bayramı deyil, hər bir azərbaycanlının qəlbində yaşayan Böyük Qayıdış idealının, doğma Qərbi Azərbaycana — dədə-baba torpaqlarımıza dönmək sarsılmazlığının canlı və qüdrətli bir təzahürüdür. Dumanlı zirvələrin qoynunda, yamyaşıl yamaclarda ucaldılan qədim türk yurdları — ağ alaçıqlar ulu əcdadlarımızın köçəri ruhunu və tarixi yaddaşını bugün Göygöldə yenidən şahə qaldırmışdır.
Bu möhtəşəm festivalda Amasiya rayonunun və onun tarixi mahallarının yüksək səviyyədə, milli elementlərlə zəngin şəkildə təmsil olunması xüsusi bir hazırlığın nəticəsidir.
Festivalın ən mühüm və diqqətçəkən xüsusiyyətlərindən biri Amasiya rayon icması tərəfindən idarə olunan tarixi mahalların təqdimat forması idi. Ümumi köklərə sahib olsalar da, festival meydanında Ağbaba mahalı və Şörəyel mahalı Amasiya rayon icması tərəfindən tamamilə ayrı-ayrı, müstəqil guşələr və yurd yerləri olaraq təmsil olunmuşdular. Bu fərdi yanaşma hər iki mahalın özünəməxsus yerli adət-ənənələrini, zəngin mətbəxini və etnoqrafik rəngarəngliyini daha qabarıq və dərindən nümayiş etdirməyə imkan vermişdir. Ziyarətçilər həm Ağbaba, həm də Şörəyel alaçıqlarında Qərbi Azərbaycanın bu iki fəxrli bölgəsinin ruhunu ayrı-ayrılıqda tam dolğunluğu ilə hiss edə bilmişdilər.
Saat 11:00-da başlayan festivalın ən gur və izdihamlı məkanlarından biri elə Amasiya rayon icmasının təşkil etdiyi "Şörəyel evi" alaçığı və onun önündəki meydança oldu. Girişdə qonaqları qarşılayan və Şörəyel mahalının gözoxşayan mənzərələrini, tarixi keçmişini əks etdirən böyük məlumat lövhələri və tablolar bura gələnləri sanki uzaq və doğma bir keçmişə aparırdı. Qərbi Azərbaycan İcmasının nümayəndəliklərinin böyük fədakarlıqla ərsəyə gətirdiyi bu guşə, icmanın nümayəndələri və Şörəyel camaatı tərəfindən yüksək qürur hissi ilə təmsil olunurdu. Alaçığın ətrafında toplaşan insanların çöhrəsində həm ötən günlərin bədii nisgili, həm də doğma torpaqlara qayıdışın sönməz ümidi oxunurdu.
Şörəyel evinin qarşısında qurulmuş uzun və bərəkətli ziyafət süfrəsi Amasiya və Ağbaba bölgəsinin əvəzolunmaz kulinariya şahəsərini bütün ehtişamı ilə nümayiş etdirirdi. Milli adət-ənənələrə tam uyğun olaraq hazırlanan hər bir təam öz ətri ilə yaylaq havasına xüsusi bir dad qatmışdı. Dağların təmiz havasında ərsəyə gələn xalis qaymaq, sapsarı kərə yağı, xüsusi üsulla qıcqırdılmış turşular, təbii meyvə şirələri, süfrənin tacı sayılan, dəmlənmiş zəfaranlı rəngbərəng aş və bu bölgənin ən böyük milli brendlərindən biri olan, xüsusi dadı ilə seçilən əriştə aşı qonaqlara təqdim olunurdu. Bununla yanaşı, qonaqların ağız dadını şirin edən müxtəlif un məmulatları, qorallar, mövsümün təzə meyvələri və quzu ətindən hazırlanan əsl dağ soyutması süfrəni bəzəyirdi. Süfrə ətrafındakı söhbətlərdə bölgənin məşhur qoyun pendirləri, həmçinin bu torpaqların rəmzi olan "qımı" və "çeçil pendiri" kimi unudulmaz dadlar fəxrlə yad edilir, o torpaqların havası və suyu dildən-dilə gəzirdi.
Süfrənin bir kənarında, qədim naxışlı xalının üzərinə düzülmüş etnoqrafik əşyalar festivala xüsusi bir bədii və tarixi dəyər qatırdı. Bu əşyalar sadəcə eksponat deyil, nənələrimizin, babalarımızın min bir zəhmətlə işlətdiyi canlı tarixin özü idi. Bulaqlardan buz kimi su daşınan qədim naxışlı mis səhəng, yunun təmizlənməsi və toxunmaya hazırlanması üçün istifadə olunan qədim yun daraqları, nənələrimizin ocaq başında laylalarla fırlatdığı, hələ də keçmişin nəğməsini pıçıldayan köhnə cəhrə, közü üzərində qaynar çay dəmlənən gurultulu samovar və nəsillərdən-nəsillərə miras qalan böyük mis qazanlar nümayiş olunurdu. Bu əşyaların hər biri Qərbi Azərbaycan türklərinin məişət mədəniyyətinin nə qədər köklü, zəngin və incə olduğunun əyani sübutu idi.
Tədbirin ən duyğulu və möhtəşəm anları isə icma nümayəndələrinin çıxışları zamanı yaşandı. Pənahlar və Gözəlkənd nümayəndəliyinin adından mikrofona ürək sözlərini deyən Şörəyel mahalının nümayəndəsi bütün yaylaqda əks-səda doğuran o müqəddəs arzunu dilə gətirdi: "İnşallah o gün olsun ki, Qərbi Azərbaycana – həmin o el-obaya qayıdaq." Bu dua və qətiyyət, festival iştirakçılarının Böyük Qayıdışa olan inamını bir daha alovlandırdı. Tədbirin təşkilatçılarından biri olan Abbas Bağırov (Hacı Abbas) kimi fədakar insanların və icma fəallarının əməyi sayəsində Göygölün uca zirvələrində milli ruhumuzun sarsılmazlığı bir daha nümayiş olundu.
Bugün Göygöl yaylaqlarında yaşanan bu möhtəşəm anlar işçilərimiz tərəfindən lentə alınaraq Amasiya qruplarında, YouTube platformasında və sosial şəbəkələrdə geniş şəkildə işıqlandırıldı. Bu görüntülərlə bütün dünyaya və gələcək nəsillərə tək bir mesaj ötürüldü: Qərbi azərbaycanlıların yurd sevgisi, torpaq yaddaşı və Böyük Qayıdış ümidi heç vaxt sönməyəcək, o müqəddəs torpaqlara mütləq dönəcəyik! Bayramınız mübarək, ey ulu yurdun sarsılmaz xalqı!
Fərid Faiqoğlu






























































