Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Baxımsız qalan böyük qəzəlxanın abidəsi- tökülən daş divarlar, oğrulanan dəmir mühəccir, sökülən daş örtük və quruyan ağaclar....
Bu gün xalq şairi, müasir Azərbaycan ədəbiyyatının ən görkəmli qəzəlxanı, söz xiridarı Əliağa Vahidin 127 illik yubileyidir. Məhz bu yubiley münasibəti ilə ATATV.AZ Xəbər Agentliyi olaraq böyük qəzəlxanın Masazırda adını daşıyan kiçik parkda qoyulan abidəsini ziyarət etdik. Parka daxil olar olmaz kiçik hasara alınmış dəmir mühəccərin giriş qapısının olmaması, üstəlik sökülüb- tökülən daş divarları, parkın toz, torpaq içində olması faktı bizi qarşıladı.
Belə bir mənzərə ilə qarşılaşmaq nə ziyarətçilərinə, nə də böyük qəzəl ustadının adına xoşdur. Addım-addım parkın mərkəzinə irəlilədikcə ətrafdan boylanan qurumuş ağaclar və ot qalıqları da bir ayrı problemdən xəbər verir.
Demək olar ki, park uzun müddətdir ki, təmir və diqqətdən uzaqdır. Parkda ağaclara düzgün qulluq, yaşıllandırma və suvarma olmadığı üçün 3-4 illik ömrə malik iri ağaclar quruyaraq məhv olub. 19 illik parkın işıqlandırma sistemi də işləmir və gecələr park qaranlığa qərq olur. Üstəlik parkın bəzi hissələrində dəmir mühəccərlər sökülərək oğurlanıb. Bu ürəkağrıdıcı mənzərə qəsəbə rəhbərliyinin diqqətindən kənardadır. Elə bu an abidəyə baş çəkənlər olur.
Qəsəbə sakinləri, Əliağa Vahid adına 1 nömrəli məktəbin direktoru, müəllim və şagird kollektivi qəzəlxanın Masazır qəsəbəsində adını daşıyan parkda yerləşən abidəsini ziyarət edib, önünə gül dəstələri qoyurlar.
Sevinirik ki, böyük söz ustadını doğum günü ərəfəsində yad edənlər oldu.
Məktəbin direktoru Etibar Orucov müsahibə verməkdən yayınsa da böyük söz ustadını kollektivlə birlikdə anım mərasimi onun ədəbiyyata, söz sənətinə, verdiyi böyük töhfə ilə əlaqələndirdi. Abidə önünə gül dəstələri qoyulduqdan sonra çıxışçılar Əliağa Vahidin ədəbiyyat və musiqimizdə özünəməxsus, əvəzsiz rolundan danışıb, onun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdilər. Ziyalılar daxil kənd sakinləri parkın indiki durumunun qənaətbəxş olmadığını bildirdilər. Tez-tez kənd sakinləri parka səfər edir, orda təmizlik işləri aparırlar.
Kənd ağsaqqalı Rəsulov Bəhruz Əliyoldaş oğlu da parkın baxımsızlığından narazıdır. “ Başçı yeni gəlib bura. Ancaq icra nümayəndəliyindən xahiş edirik ki, bir balaca bura əl gəzdirib, təmir etsinlər. Dahi qəzəlxandır, böyük şairdir, gücümüz buna çatır. Pis vəziyyətdədir. Dəmir mühəcciri oğurlayıb aparırlar. O hissədə divar uçulub. Suvarılmır park. Turbalar yoxdur. İşıq sistemi əvvəl vardı, indi yoxdur. Vəziyyət belədir, bizim az işimizlə alınmır, təmir lazımdır. Kömək lazımdır”-deyə aidiyyəti qurumların diqqətini parka çəkir.
Digər kənd sakini Babayev Payrəli Vahid oğlu da eyni fikirdədir.
“Həqiqətən bura baxılmır. Vəziyyət çox pisdir burda. İşıqlar yanmır burda. Gecə vaxtı bura qaranlıq olur. Xahiş edirik aidiyyəti qurumlardan ki, bura nəzər yetirsinlər. Ümidvarıq ki, müraciətimizə baxarlar”
Biz də jurnalist olaraq dəstəyik ki, belə bir baxımsız durumda olan park əsaslı təmirə layiqdir. Yeni gələn Abşeron rayon icra başçısı Abdin Fərzəliyev problemi dinləyər və nəzərə alaraq parkın əsaslı təmir olunmasına çalışar.
Qeyd edək ki, Ə.Vahidin xatirəsini əbədiləşdirmək, irsinin təbliği və tədqiqi məqsədi ilə doğulduğu Masazır kəndinin mərkəzi küçəsinə, kəndin 1 nömrəli məktəbinə şairin adı verilib, həmçinin 2003-cü ildən etibarən kəndin mərkəzində Abşeron RİH-nin təşəbbüsü və dəstəyi ilə şairin adına park salınıb və abidəsi ucaldılıb.
Həmçinin mövzu ilə bağlı aidiyyəti qurumların da mövqeyini işıqlandırmağa, qarşı tərəfin də mövqeyini verməyə hazırıq.
RASAFİL BAYRAMOV
İCTİMAİ XƏBƏR AGENTLİYİ MMC VƏ ATATV.AZ- XƏBƏR AGENTLİYİNİN RƏHBƏRİ