Menu
Xəbər Lenti
07 Ara 15:13Cəmiyyət

Moldovalı nümayəndə heyəti 1 saylı Bakı DOST Mərkəzində olub

Ölkəmizdə səfərdə olan Moldova Milli Sosial Sığorta Kassasının nümayəndə heyəti 1 saylı Bakı DOST Mərkəzində olub.

DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev qonaqlara agentliyin fəaliyyəti haqqında məlumat verib.

DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, 1 saylı Bakı DOST Mərkəzinin direktoru Çingiz Əliyev nümayəndə heyətini xidmət bölmələrinin fəaliyyəti ilə tanış edib, həmçinin Vahid əlaqələndirmə mərkəzi barədə danışıb. Burada dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, tam şəffaf, operativ, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilməsinə şərait yaradıldığı vurğulanıb.

Moldovalı nümayəndə heyəti üçün DOST konsepsiyası barədə təqdimat nümayiş etdirilib. DOST Agentliyinin Məlumatların idarə edilməsi və təhlil departamentinin müdiri Şahin Zülfüqarov mərkəzlərdə vətəndaşlara sosial müdafiə və sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək və məşğulluq sahələri üzrə 153 xidmət göstərildiyini bildirib. Təqdimatda, həmçinin agentliyin fəaliyyət göstərdiyi qısa müddət ərzində nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyi və bir sıra mükafatlar qazandığı da diqqətə çatdırılıb.

Moldovalı nümayəndə heyəti DOST-un kifayət qədər unikal bir layihə olduğunu və DOST konsepsiyasının bir çox dövlətlər üçün nümunə ola biləcəyini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin