Menu
Xəbər Lenti
07 Ara 14:30İqtisadiyyat

Hesablama Palatası: DSMF barədə materiallar Baş Prokurorluğa göndəriləcək

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda aparılmış audit büdcədənkənar dövlət fondunun gəlir və xərc göstəricilərinin hesabatlarda doğru əks olunması, eləcə də publik hüquqi şəxs qismində vəsaitlərin idarəolunması ilə bağlı fəaliyyətin (pensiya və müavinətlərin təyin edilməsi istisna olmaqla) hüquqi aktlara uyğunluğu vəziyyətini əhatə edib.

Hesablama Palatasından AZƏRTAC-a bildirilib ki, 2021-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun icra olunmuş gəlir və xərc göstəriciləri cəmi məbləğ baxımından hesabatlarda düzgün əks etdirilsə də, ayrı-ayrı istiqamətlər üzrə bəzi uyğunsuzluqlar aşkarlanıb. Belə ki, Fondun xəzinədarlıq vasitəsilə icra edilmiş gəlirləri və xərcləri barədə məlumatların üzləşdirilməsi ilə bağlı hüquqi aktlarda qeyd edilmiş tələblər tam təmin olunmayıb, bu isə sair daxilolmaların məbləğinin hesabatlarda 8,7 faiz çox göstərilməsi ilə nəticələnib. Dövlət Sosial Müdafiə Fondunun xərclərinin əsasən dövlət-vətəndaş öhdəliklərinin tənzimlənməsi məqsədi daşıdığını diqqətə alsaq, funksional və iqtisadi baxımdan xərclərin, eləcə də gəlirlərin təsnifləşdirilməməsi son nəticədə bu, ödəmə məbləği və həmin məbləğ müqabilində göstərilən xidmətin dəyəri arasında uyğunluğun müəyyənləşdirilməsini çətinləşdirib. Auditor tərəfindən məhdud əminlik səviyyəsində təsdiqlənmiş xərc istiqamətləri üzrə, Fondun aparatın saxlanılması xərcləri və daxili nəzarət sisteminin təşkili ilə bağlı fəaliyyət istisna olmaqla, qüvvədə olan hüquqi aktlara əsasən uyğunluğu barədə rəy təqdim edilib. Qəbul edilmiş kollegiya qərarında pensiya və müavinətlərin ödənilməsi istiqamətində nöqsanlar üzrə ümumilikdə 36,7 min manat vəsaitin bərpa edildiyi nəzərə alınıb, bu istiqamətdə 38,3 min manat artıq, 19 pensiyaçı üzrə 18 min manat əskik, həmçinin 115 pensiyaçı üzrə fərdi uçot məlumatlarında dəqiqləşmələr aparılaraq artıq və ya əskik ödəmələr müəyyənləşdirilmiş hallar üzrə vəsaitin, eləcə də bəzi müqavilələr üzrə 34,3 min manat çatışmazlıq məbləğinin bərpasının təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi tapşırılıb. Həmçinin məlumatları təhrif edilmiş sənədlər əsasında 24 rayon (şəhər) üzrə 51 nəfərə 2013-cü il aprelin 20-dək pensiya təyin edilməklə 884 min manat məbləğində vəsait ödənilməsi halı və respublikanın digər rayon və şəhərlərində eyni hal üzrə cinayət tərkibinin əlamətlərinin olma ehtimalını diqqətə alaraq kənar dövlət maliyyə nəzarətinin nəticələri barədə müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin