Menu
Xəbər Lenti
28 Ara 06:23Cəmiyyət

Vəkillər Kollegiyasının kollektivi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Bu gün vəkillərin peşə bayramı günüdür.

AZƏRTAC xəbər verir ki, Azərbaycan vəkilliyi tarixində ilk dəfə Prezidentin 2019-cu il 25 dekabr tarixli Sərəncamı ilə “Vəkil günü” peşə bayramı təsis edilib.

Məlum olduğu kimi, 28 dekabr - “Vəkil günü” peşə bayramı ilə əlaqədar Vəkillər Kollegiyası tərəfindən bir sıra tədbirlər keçirilir.

Belə ki, bu il də hər il olduğu kimi dekabrın 28-də Vəkillər Kollegiyasının rəhbərliyi və vəkillər Fəxri xiyabanı ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu Öndərin əbədiyaşar xatirəsi dərin ehtiramla yad edilib. Eyni zamanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin də məzarları üzərinə güllər qoyulub.

Sonra Vəkillər Kollegiyasının rəhbərliyi və vəkillər türk şəhidliyi və Şəhidlər xiyabanında ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüblər.

Silsilə tədbirlərin davamı kimi “Vəkil günü” peşə bayramı çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən bütün vəkil qurumları tərəfindən aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilib.

Həmçinin qeyd olunmalıdır ki, Vəkillər Kollegiyası və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib. Ətraf mühitin qorunması, ekoloji tarazlığın bərpası məqsədilə təşkil olunan aksiyada Vəkillər Kollegiyasının sədri Anar Bağırov və Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, 300-dən çox vəkil, onların ailə üzvləri və vəkil köməkçiləri, həmçinin nazirliyin əməkdaşları iştirak edib. Aksiya çərçivəsində Bakı şəhəri Xocəsən gölü ətrafında 1100 şam və zeytun ağacları əkilib. Əkilən ağacların küləkdən qorunması üçün dirəklər basdırılıb və onların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub. Eyni zamanda, əkilən ağacların mühafizəsi və onlara mütəmadi olaraq qulluq göstərilməsi üçün zəruri tədbirlər görülüb.

Eyni zamanda, keçirilən tədbirlərin davamı olaraq bir sıra ümumi orta və ali təhsil müəssisələrində vəkillər tərəfindən maarifləndirmə tədbirləri çərçivəsində “Vəkil saatı” təşkil edilib. Belə ki, hüquq fakültələrinin olduğu ali təhsil müəssisələrində Kollegiya rəhbərliyinin və vəkillərin iştirakı ilə görüşlər keçirilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.